Çingiz Aytmatovla qısa müsahibə, yaxud bir şəklin tarixçəsi

Bu yaxınlarda gənc jurnalistlərdən biri soruşdu ki, müəllim, artıq 40 ilə yaxındır ki, mətbuatdasınız. Bu illər ərzində çox sayda müsahibələr götürübsünüz. Onların arasında, yəqin ki, məşhur insanlar da olub, deyilmi? Gözləmədiyim bu sual məni bir anlıq düşüncələrə qərq etdi. Yaddaşımda dərin iz salan bir sıra görkəmli şəxsiyyətləri - tanınmış siyasətçiləri, alimləri, mədəniyyət xadimlərini xatırladım. Yeri gəlmişkən, mənə məşhur insanlarla tanış olmaq, az və çox dərəcədə ünsiyyətdə qurmaq şansı verdiyi üçün jurnalist peşəsini özümə seçməyimi tale uğuru hesab edirəm.

Müsahiblərimin çoxu, hətta sonralar əlaqələrimiz olmasa belə, mənim üçün doğma, munis insanlara çevriliblər. Təəssüf ki, onların bir qismi artıq həyatda yoxdur. Bir çoxları ilə görüşlərimi isə bir xoş xatirə kimi hər zaman xatırlayıram. Belə unudulmaz insanlardan biri XX əsr dünya ədəbiyyatının görkəmli nümayəndəsi, qırğız yazıçısı Çingiz Aytmatov olub. Bu dahi yazıçı ilə görüşümü gözlərimin önünə gətirəndə xoş bir hiss keçirdim. Görünür, bu sevincdən çöhrəmə qonan təbəssümü gənc həmkarım da duydu.

...Əslində, bu, müsahibədən daha çox 12-15 dəqiqəlik ayaqüstü söhbət idi. Amma müsahibimin XX əsr dünya nəsrinin mübaliğəsiz olaraq korifeylərindən biri, milyonlarla oxucunun sevimli yazıçısı Çingiz Aytmatovun olduğunu nəzərə alsaq, mənim üçün bu söhbətin nə qədər əziz və dəyərli olduğunu təsəvvür etmək çətin deyil.

2006-cı il sentyabrın 15-də Bakıda Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ilk Beynəlxalq Rus Kitabı Festivalı keçirilirdi. Bu nüfuzlu tədbirdə iştirak etmək üçün Rusiya, Ukrayna, Belarus, Bolqarıstan və başqa xarici ölkələrdən çox sayda tanınmış yazıçı, şair və naşir şəhərimizə təşrif buyurmuşdu. Onların arasında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun olması tədbirin nüfuzunu daha da artırmışdı.

 Yeri gəlmişkən, Azərbayan paytaxtının tədbirə ev sahibliyi etməsi təsadüfi deyildi. Belə ki, Bakıda dünya rus ədəbiyyatını yaxşı bilən, bu dildə yaradılan bəşəri sənət nümunələrinə yüksək dəyər verən oxucular hər zaman çox olub. Bu amil Beynəlxalq Rus Kitabı Festivalı günlərində həm Azərbaycan rəsmiləri, həm də tədbirə qatılan çox sayda nüfuzlu qonaqlar tərəfindən dəfələrlə xatırlanaraq, yüksək dəyərləndirildi. Azərbaycan Prezidenti festivalın açılışı ərəfəsində tədbir iştirakçılarından bir qrupunu qəbul edərək, xalqımızın dünya ədəbiyyatına misilsiz töhfələr verdiyini, eyni zamanda, dünya, eləcə də rus ədəbiyyatından bəhrələndiyini vurğulamışdı.

Bakıdakı Əl Oyunları Sarayında tədbirin təntənəli açılışı oldu. Mərasimi mədəniyyət naziri Əbülfəs Qarayev açaraq, festivalın əhəmiyyəti barədə danışdı, qonaqları salamladı və uğurlar dilədi. Açılış mərasimində Oljas Süleymenov, Çingiz Aytmatov, Eduard Uspenski, Anar və başqaları maraqlı çıxışlar etdilər.

Rəsmi hissə başa çatanda qonaqlar foyeyə çıxaraq, burada kitab yarmarkasında nümayiş etdirilən bədii, publisistik əsərlərlə yaxından tanış olmağa başladılar. Məlum oldu ki, tədbirin təşkilatçıları yarmarka başa çatandan sonra Bakıya gətirilən 15 minədək kitabı Azərbaycan kitabxanalarına hədiyyə etməyi qərara alıblar. Yarmarkada izdiham vardı. Çoxları kimi, mənim də gözlərim gənclik illərində əsərlərini böyük maraqla oxuduğum Çingiz Aytmatovu axtarırdı.

Budur, o, bir neçə azərbaycanlı həmkarı ilə bərabər yarmarkadakı stendlərin birinin qarşısında durmuşdu. Başına çox sayda jurnalist toplaşmışdı. Mən də yaxınlaşdım. Yazıçı böyük həvəslə media mənsublarının suallarını cavablandırırdı. Ən sadə, primitiv suala belə həvəs və nəzakətlə cavab verirdi. Lakin böyük yazıçının vaxtı çox az idi, təşkilatçılar onu tələsdirirdilər. Axı, festival çərçivəsində çox sayda tədbirlər planlaşdırılmışdı. Çingiz Aytmatov jurnalistlərin əhatəsindən çıxarkən bildirdi ki, sabah Bakı Slavyan Universitetinin tələbələri ilə görüşü var. Arzu edənlər ora gələ bilərlər.

Tədbir başlamazdan xeyli qabaq universitetə gəldim. İlk sıralarda yer tutub görüşün başlamasını gözlədim. Görüş düz vaxtında başladı. BSU-nun rektoru, professor Kamal Abdullayev (hazırda Azərbaycan Dillər Universitetinin rektorudur--müəllif) Azərbaycan və rusdilli ədəbiyyatın qarşılıqlı faydalanması barədə çıxış edərək maraqlı fikirlər söylədi. Kamal müəllim çıxışı zamanı bir neçə dəfə Çingiz Aytmatovun çağdaş dünya ədəbiyyatındakı danılmaz rolunu da qeyd etdi. Sonra söz Çingiz Aytmatova verildi. Böyük ədib əvvəlcə Beynəlxalq Rus Kitabı Festivalının əhəmiyyəti barədə söz açdı, sonra, ümumiyyətlə, rus, dünya ədəbiyyatındakı tendensiyalar haqqında fikir və mülahizələrini bildirdi. Tələbələrə dönə-dönə rus və dünya ədəbiyyatının klassiklərini mütaliə etməyi tövsiyə etdi.

Hiss olunurdu ki, BSU tələbələrinin yazıçının yaradıcılığı barədə bir-birindən maraqlı sualları da Çingiz Aytmatovu məmnun edir. Görüş başa çatanda hörmətli qonaq BSU-nun professor-müəllim heyəti, tələbələrlə səmimi xudahafizləşib küçəyə çıxdı. Burada onun üçün məxsusi ayrılan xidməti maşın gözləməli idi. Lakin həmin maşın gözə dəymirdi. Məlum oldu ki, yaxındakı küçələrdə tıxac yarandığından gecikir.

Mən fürsətdən istifadə edərək, yaxınlaşıb ondan çalışdığım qəzetin oxucuları üçün tədbirin əhəmiyyəti barədə qısa da olsa məlumat verməsini xahiş etdim. Böyük yazıçı həvəslə suallarımı cavablandırmağa başladı. Sonra hələ yeniyetməlik illərindən onun əsərlərini böyük həvəslə oxuduğumu dedim, “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Dəniz kənarında qaçan alabaş”, “Əsrə bərabər gün” və başqa əsərlərindəki obrazları bir-bir xatırlayır, ara-sıra suallar verirdim.

Hiss edirdim ki, yazıçı onun əsərləri, həyat və yaradıcılığı barədə məlumatlı olmağımdan razı qalıb. Həmin ərəfədə Moskvada “Dağlar qopur” adlı yeni kitabının çıxdığını deyərək, onu da mütləq tapıb oxumağımı tövsiyə etdi. Şəxsi həyatı barədə də söz açdı. Bakının çox sevdiyini, bura oğlu Teymurla birlikdə gəldiyini dedi. Məlum oldu ki, oğlu Teymur hələ subaydır. “Bakıda gözəl qızlar çoxdur, bəlkə, Teymur burada öz gələcək həyat yoldaşını tapacaq”–dedim.

Çingiz Aytmatov ürəkdən güldü: – Çox yaxşı olardı. Azərbaycanda dostlarım çoxdur, bundan sonra qohumlarım da olardı. Bu arada “Xalq qəzeti”nin fotomüxbiri rəhmətlik Cahangir İbadov bizim birlikdə şəklimizi çəkdi. Çingiz müəllimin əlində böyük bir gül buketi vardı. Həmin zərif güllərin fonunda böyük yazıçının müdrik siması daha da nurlu təsir bağışlayırdı. Bu şəkil indi mənim üçün olduqca əzizdir.

Nəhayət, Çingiz müəllimə ayrılan “Mersedes” gəlib çıxdı. Sürücü üzrxahlıq eləmək istəyəndə böyük yazıçı lütfkarcasına gülümsəyək “tıxac”lar dünyanın hər yerində olur. Biz burada jurnalist dostumla çox maraqlı söhbət eləmişik, – dedi. Böyük yazıçının məni “dostum” adlandırıb şəxsi vizit vərəqəsini təqdim edərək, “hər zaman qonağım ola bilərsiniz, sizinlə tanışlıqdan məmnun qaldım” – deməsi məni çox sevindirdi.

Yeri gəlmişkən, Çingiz ­Aytmatovun məsləhət gördüyü romanı tapıb oxudum. Və növbəti dəfə bu dahi qələm ustadının məharətinə heyran oldum.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında