Xarici ölkələrdə diasporumuzun güclənməsi, lobbimizin formalaşması strateji cəhətdən çox əhəmiyyətlidir. Xüsusilə ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə, İtaliya kimi ölkələrdə diasporumuzun dövlətçiliyimizin maraqlarının təbliği istiqamətində işlər görməsi bizi sevindirir, düşmənlərimizin isə planlarını alt-üst edir. Bu baxımdan Fransada Azərbaycan diaspor və lobbi təşkilatlarının fəaliyyəti maraq doğurur. Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə həmsöhbət olduq.
– Mirvari xanım, bu gün Avropanın aparıcı ölkələrindən birində yaşayırsınız. Beynəlxalq təşkilatlarda da Fransanın fikirləri ilə hesablaşırlar. Belə bir ölkədə Azərbaycan həqiqətləri uğrunda mübarizə aparmaq çətin deyilmi?
–Qeyd etdiyiniz kimi, Fransa dünyanın iqtisadi və mədəni həyatında vacib rol oynayan ölkələrdəndir. “Böyük yeddi”lərin üzvü olan bu ölkərdə yaşamaq və fəaliyyət göstərmək həm qürurvericidir, həm də çətin. Çünki burada insanları təəccübləndirmək asan deyil və fəaliyyətin sağlam təməllərə söykənməlidir. Belə olan halda fransızlar alicənab xalq kimi düzgün fəaliyyət sahibi olaraq sənə qiymət verərlər. Hesab edirəm ki, bu gün Azərbaycanın və azərbaycanlıların Fransada görəcəyi iş çoxdur. Bu, həm strateji, həm də iqtisadi-mədəni cəhətdən ölkəmiz, xalqımız üçün əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin bu ölkədə düzgün tanıdılması üçün, ilk növbədə, sayca çoxluq təşkil edən ermənilərin təbliğatda manipulyasiyalara yol verdiyini fransızlara izah etməliyik. Buna isə səbr və ardıcıl, səmərəli fəaliyyət lazımdır.
– Ümumiyyətlə, Fransada Azərbaycan həqiqətləri barədə danışanlar həmin ölkənin ictimai-siyasi mühitində necə təmsil olunurlar ?
–Tək Fransa deyil, bir sıra dünya ölkələrində, xüsusilə Qərbi Avropa dövlətlərində Azərbaycan həqiqətlərini yayan, həmin ölkənin ictimai-siyasi mühitinə uyğunlaşmağa çalışan, bunun üçün cəhdlər edən xarici ekspertlər, ictimai-siyasi xadimlər görürük. Onlar Azərbaycana səfərlər edir, Bakıda keçirilən beynəlxalq tədbirlərə qatılır və bundan sonra ölkəmiz haqqında təəssüratlarını həm sosial şəbəkələrdə, həm də mətbuatda bildirirlər. Çalışmalıyıq ki, onların arasında azərbaycanlılar da olsun. Çünki onlar bizim öz işlərimizə biganə olduğumuzu görməməli, əksinə həvəslənməlidirlər. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Ümumiyyətlə, bu fondun fəaliyyəti yarandığı gündən bu günə qədər dünyada Azərbaycanın dostlarının artırılmasına, yeni-yeni simaların ölkəmizin ətrafında sıx birləşməsinə xidmət edir. İstər Azərbaycanda, istərsə də beynəlxalq arenada Heydər Əliyev Fondunun mədəniyyət layihələri xüsusi alqışa layiqdir. Buna görə fürsətdən istifadə edib Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və fondun vitse-prezidenti Leyla xanıma bir Fransa vətəndaşı olan azərbaycanlı kimi təşəkkürümü bildirirəm.
– Azərbaycan həqiqətlərinin tanıdılmasına ehtiyacı olan toplum kimi Fransadakı diasporumuzun inkişaf və fəaliyyət arealı barədə nə deyə bilərsiniz ?
– Bunu bildirmək üçün mütləq tarixə ekskurs etmək lazımdır. Bizə məlumdur ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Fransaya az sayda azərbaycanlı ayaq basmağa başladı. Əlbəttə, bir müddət sonra həmin azərbaycanlıların tədricən özlərinə çətinliklə də olsa bu ölkədə müxtəlif yerləri tutduğunu öyrənirik. Aralarında müxtəlif peşə sahibləri –yazıçı, həkim, vəkil, rəssam, incəsənət xadimi və s. olmuşdur. Təəssüf ki, onların içində Vətəndən aralı düşdüyü üçün assimilə olan və millətimizdən tamamilə aralı düşənləri də qeyd etmək olar. Bunun başlıca səbəblərindən biri də həm mövcud çətin şərait, həmin dövrdə Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi və mühacirlərin bir çoxunun geri dönə bilməməsi və eyni zamanda, milli özünüdərk hisslərinin güclü olmaması da rol oynamışdır. 1991-ci ildə– Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Fransaya azərbaycanlıların ikinci axını başlayır. İnteqrasiya baxımından isə gələnlərin çoxunda bu prosesin getmədiyini görürük. Yəni azərbaycanlılar burada işləyib yaşasa da, Fransa ictimai-siyasi strukturlarına inteqrasiya etməkdə meyilli deyillər. Eynən Rusiyada yaşayan çoxsaylı azərbaycanlılar kimi. Hər halda milli dözümlülük və Fransa cəmiyyətinə nüfuz etmək üçün bu vacibdir. Hazırda deyərdim ki, gənclərin belə şansları çoxdur. Onların içində müxtəlif peşə sahibləri var ki, artıq tədricən fransızlarla qaynayıb- qarışır və cəmiyyətin yuxarı elitasına yaxınlaşmağa çalışırlar. Bunun müsbət tərəfləri çoxdur, lakin bir şərtlə ki, Azərbaycan dəyərlərinə bağlılıq unudulmasın.
– Bəs siz necə, Fransa ictimai mühitinə inteqrasiya etmisinizmi ?
– Mən Fransada kifayət qədər ictimai işlərlə məşğulam. Baxmayaraq ki, “Azərbaycan evi”nin fəaliyyəti əsasən ölkəmizlə bağlıdır və Fransada Azərbaycan adının tanınmasına xidmət etməkdədir. Bundan əlavə, mən bu istiqamətdə mühüm xidmətləri ilə seçilən Azərbaycanın Dostları Assosiasiyasının sədri sabiq deputat Jan Fransua Mansellə birlikdə fransızlarla işləməyi və Azərbaycan –Fransa dostluğunun inkişaf etdirilməsini əsas götürərək çalışmağa qərar vermişik. Qərbi Avropada lobbiçiliyin inkişafı əsas məqsədimizdir. Mən həm də 2007-ci ildən sağçı Respublika Partiyasının üzvüyəm və baş verən bütün siyasi hadisələri yaxından izləyir, ətrafımda olan fransızlarla fikir mübadiləsi aparıram. Bu üzvlük onların problemləri ilə yaxından maraqlanmağım üçün mənə müəyyən hüquqlar da verir. Fikrimcə, Fransada gənc azərbaycanlıların siyasi partiyalara üzv olması prosesi sürətlənməlidir.
– Fransada ermənipərəst qüvvələr çoxdur. Bu, həm ermənilərin orada say çoxluğundan, həm də güclü lobbiçilik fəaliyyətindən irəli gəlir. Hətta Fransada prezident seçkilərində də biz namizədlərin Qarabağ məsələsində ermənilərə vədlərini eşitdik. Bəs erməni yalan təbliğat kampaniyalarının qarşısının alınmasında diasporumuz nələr edir?
–Bilirsiniz, bu, elə belə baş vermir. Ermənilərin Fransada 150-200 ilə yaxın məskunlaşma tarixi var. Üstəlik, ermənilər fransızlara özlərini “məzlum millət” qiyafəsində göstərməyi bacarmışlar. Onların siyasi ambisiyaları belə məzlumluq notları üzərində qurulub. Bir də onu qeyd edim ki, prezidentliyə namizədlərin çoxu Qarabağ münaqişəsində Ermənistanı deyil, 500 mindən çox seçicinin rəğbətini qazanmaq üçün onların mövqelərinə uyğun olaraq elə bəyanatlar verirlər. Hətta ermənilər işağalçı siyasətlərini məzlumluqla əvəz edərək, bir neçə zəbt edilmiş rayonlarımızı, daha çox məskunlaşdıqları fransız şəhərləri ilə dostluq və qardaşlıq sazişləri imzalatdırırlar. Əlbəttə, bu, nəinki Azərbaycan , eləcə də Fransa qanunlarına zidd addımdır. Sözügedən şəhər merlərinin niyə belə addım atdığı məlumdur. Seçki öncəsi erməni icması qarşısında öhdəlik götürürsə, əməl etmək məcburiyyətində qalan merlər gələcək seçkilərdə də bu icmanın hörmətini qazanmış olur. Lakin, təbii ki, biz susmuruq və onların bu özbaşınalıqlarını ifşa etmək üçün fəaliyyət göstəririk. Biz bununla bağlı dəfələrlə şikayətlər etmişik və səfirliyimizin sərt reaksiyasi ilə bərabər, bu qanunsuzluga qəti etirazımızı bildirmişik. Bu sazişlərin ləğv edilməsini tələb edilməsinə nail olmaq hazırda əsas vəzifələrimizdən biridir. Erməni lobbisinin ən güclü ölkələrdən biri olan Fransada biz də onların yalan təbliğatlarına cavab verməyə çalışırıq. Bu yaxında Fransanın “huffingtonpost.fr” portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsinin yayımlanması bu sahədə prinsipial irəliləyişi göstərməkdədir. Həmin yazı Azərbaycan həqiqətlərinin çatdırılması nöqteyi-nəzərindən də yüksək qiymətləndirilməlidir. Fransalı sabiq deputat bu məqaləsi ilə erməni diaspor üzvünün ölkəmizlə bağlı həqiqətə uyğun olmayan və böhtanlarla dolu məqaləsinə tutarlı faktlarla cavab verir. Eyni zamanda, Fransanın nüfuzlu "Libération" qəzetində "Ermənistan- Azərbaycan: Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqlı məqalə ilə çıxış etmişdim.
–Bəs təşkilatlarımızın Fransa dövlət strukturlarına çıxışı hansı səviyyədədir?
– Artıq iki ildən çoxdur ki, biz fəaliyyətimizi bu istiqamətdə sürətləndirmişik. 2014-cü ildən etibarən baş katibi olduğum Azərbaycanın Dostlar Assosiasiyası yenidən fəaliyyətini bərpa edərək, ətrafına 500-ə yaxın üzv toplayıb. Bu üzvlər arasında çox sayda deputat, senator, tanınmış ictimai-siyasi xadimlər var. Onlarla mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində görüşür, fikir mübadiləsi aparırıq. Yəni ölkəmiz haqqında daha ətraflı məlumatlar çatdırma imkanımız olur.
– Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün əsas nə lazımdır ?
–İlk növbədə inteqrasiya və koordinasiya. Çünki indiki zamanda bu, çox vacib amildir. Biz informasiya və erməni manipulyasiyalarının gücləndiyi dövrdə mütləq birgə iş ortaya qoymağa çalışmalıyıq ki, nəticəsi təsirli olsun. Həm yaxınlaşmalıyıq, həm də yaşadığımız ölkələrdə həmin cəmiyyətlərə öz dostlarımızın sayını çoxaltmalıyıq. Daha sonra, maliyyə çatışmazlıqlarının da aradan qaldırılması mütləqdir. İş adamlarımız bu prosesə cəlb edilməlidir. Onların milli birliyə tövfələri çox ola bilər. Çünki, erməni iş adamlarının bu sahədə nümunələri çoxdur. Erməni lobbisinin maliyyə mənbələri artıq formalaşmışdır. Bizdə isə bu, əsasən dövlətin dəstəyi və istisna hallarda təşkilatların öz hesabına ərsəyə gəlir. Bunu isə sistemləşdirmək lazımdır. Şərt deyil böyük maliyyə tələb edən layihələr həyata keçirilsin. Amma ictimai yükü çox olsun. Təsir dairələri geniş olsun.
– Rəhbərliyində təmsil olunduğunuz təşkilatların Fransada hansı planları var ?
– Deməli, 2017- ci ilin sonuna qədər olan layihələrin tarixləri bəllidir. “Azərbaycan evi”nin və Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Beynəlxalq qastronomiya günləri olacaq. Bundan sonra, oktyabr ayında “Azərbaycan evi”nin 25 illiyini qeyd edəcəyik. Bu təşkilatın Fransada Azərbaycanın tanınmasında mühüm xidmətləri olmuşdur və buna görə də təşkilatın ilk yaradıcılarının iştirakı ilə böyük tədbir keçiriləcək. Daha sonra, Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Korsikanın Biqquqliya şəhərində caz- konsert proqramının keçirilməsi nəzərdə tutulur. İlin sonunda isə yeni illə əlaqədar hesabat tədbiri və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər iki təşkilat tərəfindən çoxsaylı fransız ictimai-siyasi xadimlərin iştirakı ilə ardıcıl tədbirlər təşkil olunacaq. 2018-ci ildə də möhtəşəm və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi gözlənilir. Burada respublikamızın 100 illiyinin keçirilməsi tədbiri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qadına verdiyi seçki hüququ ilə bağlı qadın hüquqlarına həsr olunmuş konfrans-tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. Qeyd edim ki, Fransa kimi demokratik ölkədə yalnız 1946-cı ildə qadınlara seçki hüququ verilib. Bu baxımdan 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycanın böyük dəyərə sahib olmasını təbliğ etmək və bu faktı Fransa ictimaiyyətinə çatdırmaq lazımdır.
Müsahibəni təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.