Sosial dövlətin azərbaycan modeli

Müsahibimiz Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyevdir

– Müsa müəllim,  əhalinin rifahının  yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması dövlət siyasətinin prioritetinə çevrilib.  Dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqəsədyönlü siyasətə, əldə olunmuş uğurlara münasibətinizi bilmək maraqlı olardı.

– Banisi və qurucusu ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin rifahını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş sosial rifah dövləti mərtəbəsinə yüksəlməkdir. Sosial dövlət dedikdə, inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorenc fon Şteyn tərəfindən işlədilmişdir. Lorensə görə, sosial dövlət bütün siniflərə, eləcə də hər bir vətəndaşa bərabər hüquq və imkanlar yaradan dövlətdir. Belə dövlətdə hökumət bütün vətəndaşların iqtisadi və ictimai inkişafına siyasi, hüquqi, iqtisadi dəstək verməlidir.

Sosial dövlətin əsas əlamətləri aşağıdakılardır:

- sosial sahədə mükəmməl qanunvericiliyin olması;

- dövlət tərəfindən müxtəlif sosialyönümlü proqramların hazırlanması və həyata keçirilməsi;

- vətəndaş cəmiyyətinin qurulması;

- dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti;

- dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması;

- layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması;

- ölkənin iqtisadi inkişafının yüksək səviyyədə olması.

Tam məsuliyyətlə söyləyə bilərik ki, hazırda Azərbaycan dövlətinin siyasi kursu sosial dövlətə aid edilən bu klassik tələblərə tamamilə cavab verir .

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".

Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, Konstitusiyaya 2002-ci ildə edilən əlavə və dəyişikliklərdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapmışdır. Konstitusiyamızda Azərbaycan dövlətinin başlıca vəzifələrindən birinin vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadi azadlıqlarının təminatçısı olduğu göstərilir: " İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".

Konstitusiyanın 16-cı maddəsi "Sosial inkişaf və dövlət" adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Sosial dövlət quruculuğunun digər hüquqi əsası ümummilli liderin qələmindən çıxmış başqa bir strateji sənəddə: Yeni Azərbaycan Partiyasının proqramında ("Sosial ədalət prinsipi" müddəasında) partiyanın başlıca məqsədlərindən birinin "Sosial dövlət yaratmaq" olduğu göstərilir.

– Azərbaycanın sosial dövlət quruculuğu yolunda inamla irəliləməsi artıq beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Son illər dünyada baş verən maliyyə və iqtisadi böhranın  ölkəmizdə əhalinin həyat tərzinin yaxşılaşdırılmasına və nəzərdə tutulmuş sosial proqramların reallaşdırılmasına ciddi problem yaratmamasının əsas səbəbini nədə görürsünüz?

–Möhtərəm Prezidentimiz cənab İlham Əliyev respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və qayğı dayandığını bəyan edir və ölkəmizin 2025-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da bu məqsədlə işlənib hazırlanmışdır. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır. Azərbaycanın milli iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, xalqın sosial rifah halını artan xətt üzrə davamlı yüksəldilməsi məqsədilə cənab Prezidentin  6.12. 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Milli iqtisadiyyatımızın əsas 11 istiqaməti üzrə inkişaf xəttini müəyyən edən bu proqramda birmənalı şəkildə nəzərdə tutulur ki, Azərbaycan 2025-ci ildən sonrakı dövrdə sosial rifah dövlətinə çevriləcəkdir.

Ölkəmizin sosial dövlət olmasını təsdiq edən mühüm indikatorlardan biri də BMT-nin İnsan İnkişafı İndeksi göstəricisidir. Bu göstəriciyə görə Azərbaycan Respublikasında inkişaf indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək göstərici sayılır. Azərbaycan təhsil, səhiyyə, orta ömür uzunluğu, sosial təminat səviyyəsinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında lider yerlərdən birini tutur. Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupuna keçmişdir.

Sosial dövlətin qurulmasının əsas şərtlərindən biri isə həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının Proqramında əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür. Partiyamızın Proqramında deyilir: "...Sosialyönümlü iqtisadiyyata malik olan dövlətlərdə dövlət vergi, sosial və məqsədli yardım mexanizmlərindən istifadə edərək, cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir".

– Siz sosial dövlət quruculuğundan söhbət saldınız . Sosial dövlətin əsas funksiyaları hansılardır?

– Sosial dövlət dedikdə, ilk növbədə  sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlillər, qocalar, işsizlər və s.) qayğısı göz önünə gəlir. Əməyin mühafizəsini və insanların sağlamlığını təmin etmək, ailəyə, ana və uşaqlara dəstək vermək, gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə sosial qeyri-bərabərliyi yumşaltmaq, xeyriyyəçilik fəaliyyəti üçün geniş imkanlar yaratmaq, təhsil və mədəniyyət proqramlarına maliyyə yardımı göstərmək və işsizliklə mübarizəni də bu sıraya əlavə etmək lazımdır.

Böyük məmnunluq hissi ilə söyləmək olar ki, bu vəzifələrin hamısı dövlətimizin daxili siyasətində prioritet istiqamət kimi nəzərdə tutulmuşdur və həyata keçirilməkdədir.

–Bu gün Azərbaycanın sosial dövlət quruculuğu modeli, demək olar ki,  artıq beynəlxalq aləmdə nümunəyə çevrilib. Bu barədə fikirlərinizi bilmək istərdik.

– Bəli, həqiqətən də, bu gün Azərbaycanın sosial dövlət quruculuğu modeli dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilməkdədir. Azərbaycanın sosial dövlət quruculuğu modellərinin ən əlamətdar xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar:

1. Sürətli sosial - iqtisadi inkişaf tempi. Azərbaycan 2003-2015-ci illərdə hələ dünyanın heç bir dövlətinə müyəssər olmayan inkişaf yolu keçmişdir. Heç də təsadüfi deyildir ki, beynəlxalq ekspertlər bu illəri Azərbaycanın "qızıl onilliyi", yaxud "qızıl onluğu" adlandırırlar. Bu illər ərzində Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollara yüksəlmiş, valyuta ehtiyatları 28 dəfə artaraq 46 milyard dollara çatmışdır. Son illərdə ümumdünya maliyyə-iqtisadi böhranının mənfi təsirləri və neftin qiymətinin kəskin aşağı düşməsi inkişaf tempini bir qədər yavaşıtsa da, dövlətimizin sosial müdafiə strategiyası dəyişməz olaraq qalır. 2017-ci ilin dövlət büdcəsinin 30 faizindən çoxunun sosial xərclərə ayrılması da dediyimizi sübut edir.

2. Regionların harmonik inkişafı: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq qeyd edir ki, ölkəmizin inkişafı bütün sahələrdə və bütün regionlarda davam etməli, kompleks xarakterdə aparılmalıdır. Bu məqsədlə 2004-cü ildən başlayaraq hər 5 il müddətinə fəaliyyət göstərən "Regionların sosial-iqtisadi inkişaf proqramları" qəbul edilmiş, 2 belə layihə uğurla həyata keçirilmiş, 3-cü layihə isə 2014-2018-ci illəri əhatə edəcəkdir. Aparılan məqsədyönlü sosial siyasətin nəticəsidir ki, bu gün respublikamızın paytaxtında mövcud olan sosial-mədəni infrastruktur eyni səviyyədə bölgələrdə də mövcuddur.

3. Qeyri-neft sektorunun inkişafı: Azərbaycanın beynəlxalq neft müqavilələri işə düşəndə və gəlir gətirməyə başlayanda bir çox müxalifətyönlü siyasətçilər və ekspertlər respublikamızda iqtisadiyyatın neftdən asılı olacağını, son nəticədə  “holland sindromu”nun yaranacağını deyir, neft tükənməyə başlayanda isə ölkə iqtisadiyyatının fəlakətli dərəcədə çökəcəyi barədə “proqnozlar” söyləyirdilər. Ötən on illik inkişaf yolu göstərdi ki, ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası balanslaşdırılmış iqtisadi siyasətə üstünlük verməklə, hərtərəfli iqtisadi artımı daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin yeni dövrün çağırışlarına cavab verən iqtisadi siyasət taktikası ölkə iqtisadiyyatının çoxşaxəli prinsiplər üzrə inkişafını ön plana çəkir. Neft sektorundan əldə olunan gəlirlərin bir hissəsinin qeyri-neft sektoruna investisiya kimi qoyulması nəticəsində hazırda ölkəmizin ÜDM-in yarıdan çoxu bu sektorun payına düşür, qeyri-neft sektorunun inkişaf tempi isə neft sektorunu daha çox üstələməkdədir. Kənd təsərrüfatı, emal sənayesi, turizm, nəqliyyat, İKT sektoru getdikcə daha çox rentabelli sahələrə çevrilməkdədir. “Made in Azerbaijan” brendi adı altında onlarla məhsulumuz xarici bazarlarda yer tutmaqdadır.

Əlamətdar cəhətlərdən biri də son illərdə açılan iş yerlərinin böyük əksəriyyətinin qeyri-neft sektoruna aid olması və regionlarda yerləşməsidir. Turizm, iaşə, nəqliyyat, kənd təsərrüfatı sahəsində məşğulluq daha çox təmin edilmişdir. Xüsusilə, pambıqçılıq, baramaçılıq, üzümçülük, bağçılıq kimi ənənəvi sahələrə dövlət dəstəyinin olması, vergi güzəştləri , subsidiyalar, kreditlər və digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi regionlarda əhalinin həyat səviyyəsinə müsbət təsir göstərməkdədir.

4. Sosial infrastruktur layihələrinə önəm verilməsi. Azərbaycanın sosial dövlət quruculuğu strategiyasının ana xətti olaraq əhalinin sosial-mədəni ehtiyaclarının yüksək səviyyədə qarşılanması siyasəti nəzərdə tutulur. Bu xəttin reallaşması nəticəsində son 14 ildə ölkəmizdə 3000-dən çox təhsil müəssisəsi, 600-dən artıq tibb müəssisəsi ya yenidən tikilmiş, yaxud da əsaslı təmir olunaraq müasir avadanlıq və cihazlarla təchiz edilərək vətəndaşların istifadəsinə verilmişdir. Bu illər ərzində ölkə ərazisində 11 min kilometr müasir yol çəkilmiş, körpülər salınmış, yüzlərlə mədəniyyət evləri, idman Olimpiya kompleksləri tikilmiş, parklar açılmışdır. İnsanların sağlam həyat şəraitini təmin etmək üçün min kilometrlərlə su və kanalizasiya xətləri çəkilmiş, sutəmizləyici qurğular quraşdırılmışdır. Insanın sosial rifah halına təsir edən mühüm amillərdən biri də onun mənzil təminatı səviyyəsidir. Son 14 ildə bu sahədə də olduqca böyük işlər görülmüşdür. İndi qos-qoca, zəngin Avropa 200- 250 min qaçqının problemini həll etməkdə acizlik göstərir. Azərbaycan dövləti təkbaşına, heç bir donor yardımı olmadan bir milyondan artıq qaçqın və məcburi köçkünlərinin bütün problemlərini, o cümlədən mənzil problemini ləyaqətlə həll etməyi bacardı. Son 14 ildə ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmadı. Məcburi köçkünlər üçün 3,2 milyon kvadratmetr mənzil tikildi, 100-ə yaxın qəsəbə inşa edildi, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olundu. Bu iş hələ də davam etməkdədir.

Mənzil ipotekası proqramı uğurla davam etdirilir və minlərlə ailə bu xətlə yeni mənzillərlə təmin olunmuşdur. Son illərin ən uğurlu sosial layihələrindən biri də , heç şübhəsiz ki, sosial evlərin inşası ilə bağlı layihədir. Artıq bu layihənin icrasına başlanmış, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılmışdır. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının, məhəllələrinin yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilmişdir. Müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilməkdədir.

5. Neft kapitalının insan kapitalına çevrilməsi. Sosial dövlətdə daxili siyasətin mərkəzində insan dayanır. İnsanın sağlam, xoşbəxt və sosial rifah halında həyat sürməsi dayanır. Uşaqlara qayğı, gəncliyə dəstək, Azərbaycanın rəqabət qabiliyyətli, müasir düşüncə, mədəniyyət və elm çağırışlarına layiqincə cavab verə biləcək kadr potensialının hazırlanması dövlətimizin sosial yönümlü siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan hökumətinin təhsil sahəsində 30-a, səhiyyə sahəsində 20-yə yaxın dövlət proqramı qəbul etməsi və həyata keçirməsi, uşaq hüquqları ilə bağlı 40-dan çox qanunun fəaliyyət göstərməsi, istedadlı Azərbaycan gənclərinin dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsil almalarına təminat verən dövlət proqramının qəbul edilməsi və nəhayət, ASAN xidmətin yaradılması insan kapitalının güclənməsinə Azərbaycan dövlətinin qayğısının bariz nümunələridir.

– Son illər həyata keçirilən sosial-iqtisadi siyasət ölkəmizin mövqelərini daha da möhkəmləndirmiş, əhalinin rifah halını xeyli yüksəltmişdir. Bu nailiyyətləri necə xarakterizə edərdiniz?

– Azərbaycan Prezidenti  İlham Əliyev 2013-cü ildə Azərbaycanın sosial xarakterli dövlət olduğunu bəyan etmişdir. Doğrudan da son illərdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri öz təsdiqini tapmış, bəzi parametrlər isə inkişaf yoluna çıxmışdır. Sosial dövləti xarakterizə edən bəzi parametrləri nəzərdən keçirək və Azərbaycanın bu sahədə yerini müəyyən etməyə çalışaq:

İlk növbədə, yoxsulluq və işsizlik məsələsinə toxunmaq istərdim. Bunların hər ikisinin səviyyəsi – Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr vermiş, 2001-ci ildən ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşmüşdür. Son 14 ildə ölkədə minlərlə yeni müəssisə yaradılmış, 1,5 milyondan artıq yeni iş yeri açılmışdır ki, onların da 1 milyon 200 mini daimi iş yerləridir. Azərbaycan dövləti sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin, o cümlədən, qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır. Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılmışdır.

 Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2017-ci il martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə söyləmişdir: “Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar”.

Digər bir uğurlu proqram kimi ünvanlı sosial yardım layihəsini misal göstərmək olar. Bu proqram çərçivəsində ildə bir milyona yaxın şəxs dövlətdən maliyyə dəstəyi alır ki, bu məbləğ ildən - ilə artmaqdadır. Ünvanlı sosial yardım üçün müəyyən edilən ehtiyac meyarı 2006-cı ildəki 5 manatdan 2017-ci ildə 116 manata qaldırılıb, başqa sözlə, 23 dəfə artırılıb.

Layiqli həyat səviyyəsinin təmin olunması məsələsi də xüsusi qeyd edilməlidir. Bu parametr yaşayış minimumu, minimal əmək haqqı, orta aylıq əmək haqqı və orta aylıq pensiyanın artım dinamikası ilə şərtlənir. Azərbaycanda yaşayış minimumu 2003-cü ildəki 35 manatdan 2017-ci ildə 155 manata çatdırılmış, başqa sözlə, 5 dəfəyə yaxın artmışdır. Minimum əmək haqqı 2002-ci ildəki 5,5 manatdan 2017-ci ildə 116 manata yüksəlmiş, yaxud 21 dəfə artmışdır. Orta aylıq əmək haqqı isə 2003-cü ildəki 80 manata rəğmən hazırda 500 manat təşkil edir və bu, həyat səviyyəsinin artım tempini xarakterizə edən ən yaxşı göstəricilərdən biridir. Pensiya sahəsində aparılan islahatlar nəticəsində pensiyanın baza hissəsi yaşayış minimumuna çatdırılmış, başqa sözlə, bütün pensiyaçılar yoxsulluq həddindən çıxmışlar.

Sosial bərabərliyin təmin edilməsi bu sıraya daxil edilməlidir. Bu paradiqma heç də sosializmdəki məcburi bərabərliyi deyil, sosial ədaləti təmin edəcək hüquq və imkan bərabərliyini nəzərdə tutur. Azərbaycanda biznesin liberallaşdırılması sahəsində aparılan islahatlar hər bir şəxsə öz bacarığı və istəyi çərçivəsində fəaliyyət göstərməyə, iş qurmağa, vəzifə tutmağa imkan yaradır. Bir çox dövlət qulluğuna və digər vəzifələrə qəbulun test vasitəsi ilə aparılması, gender bərabərliyinin ön plana çəkilməsi, gəlirdən vergitutmaların diferensiallaşdırılması və s. tədbirlər sosial bərabərliyin yaranmasına, ziddiyyətlərin yumşalmasına, sosial qütbləşmənin zəifləməsinə xidmət edir. İqtisadi liberallaşma tədbirlərinin uğurlu nəticələrindən biri olaraq, Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 37-ci, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür.

Sosial dövləti xarakterizə edən parametrlərdən biri də sosial müdafiə tədbirlərinin ardıcıllığı və təminatlılıq səviyyəsidir. Azərbaycan dövləti tərəfindən 38 istiqamətdə sosial müdafiə tədbirləri həyata keçirilir, əmək haqqı, pensiya, müavinət (yaşa, işsizliyə, ailə başçısını itirməyə, əlilliyə, şəhid ailəsinə, veteranlara, xəstəliyə, hamiləliyə, doğuşa, çoxuşaqlılığa və s. görə), təqaüd (tələbələrə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, şəhid ailələrinə, yaradıcı şəxslərə və s.) verilir, icbari təhsil və tibbi xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, sığorta xidmətləri genişləndirilir. Sovet əmanət kassalarında qalmış pulların qısa müddətdə və yüksək indeksasiya şərtləri daxilində qaytarılması faktı da Azərbaycanın sosial dövlət xarakterindən irəli gələn bir hadisədir.

Bütün cəmiyyətin rifah halının yüksəldilməsi vacib məsələlərdəndir. Sosial dövlət dövlətçiliyin  inkişafının yeni bir mərhələsi olub, maddi nemətlər bolluğu yaratmaqla, hər bir vətəndaşın yüksək rifah halını təmin edir. Ümumi daxili məhsulun həcminin artması, dövlət büdcəsinin çoxalması, investisiya qoyuluşu imkanlarının genişlənməsi cəmiyyətin bütün təbəqələrindən olan insanların sosial rifah halının yüksəlməsinə imkan yaradır.

Sosial dövlət vətəndaş – cəmiyyət – dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır.

20 iyul 2017-ci il tarixdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edərkən çox dəqiq olaraq vurğulamışdır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var”.

Doğrudan da, Azərbaycan dövləti bir sosial dövlət olaraq öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır, sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yeni münasibətlərin yaranmasına səy göstərir və buna nail olur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında