EMİN: “Jara” artıq sadəcə bir festival deyil, böyük musiqi platformasıdır

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov (EMİN) AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Bakıda ikinci dəfədir keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalını müxtəsər olaraq necə səciyyələndirərdiniz?

– Mən Bakıda doğulmuşam, həyatımın böyük hissəsini isə Rusiyada yaşamışam. Ona görə də rus estradasının tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur və “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq sadəcə festival deyil, o, böyük musiqi platformasına çevrilib. Mən doğma Bakıda, çox sevdiyim Xəzər sahillərində böyük musiqi bayramı gözləyirəm. Özüm müğənni olduğum üçün musiqinin insan ovqatına necə təsir etdiyini, həyatımızda necə böyük rol oynadığını duyuram. Hər kəs bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.

– “Sea Breeze” istirahət mərkəzi “Jara” üçün gözəl məkandır. Sizcə, bu festivalı daha harada keçirmək olar?

– Mən bu festivalın keçirilməsi üçün alternativ məkan görmürəm. “Sea Breeze Resort” doğrudan da “Jara” üçün ideal yerdir. Etiraf edim ki, “Jara”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir.

– Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, “Jara”ya daha hansı ölkələrdən iştirakçılar, yaxud mütəxəssislər cəlb oluna bilər?

– Bu il festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Hələlik biz postsovet məkanında böyük sürətlə irəliləyirik. Əlbəttə, festivalın coğrafiyasını daha da genişləndirmək haqqında düşünürük. Ümidvaram ki, yaxın gələcəkdə “Jara”ya dünyanın tanınmış ulduzları da qoşulacaq. Biz bu istiqamətdə irəliləməkdə davam edəcəyik. Avropadan başlayıb, Amerikaya doğru hərəkət edəcəyik.

– Sizcə, festivalda Azərbaycan estradasına ayrılan yer yetərlidirmi?

– Azərbaycan müğənniləri konsert proqramlarının hər birində səhnəyə çıxır, festivalda tanınmış estrada ifaçıları iştirak edirlər. Onların sırasında tanınmış mədəniyyət xadimi və müğənni Polad Bülbüloğlu da var. Mən də özümü Azərbaycan ifaçısı hesab edirəm. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir.

EMİN-in sözünə qüvvət: “Jara-2017”də iştirak etmək üçün Bakıya musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Festival çərçivəsində görkəmli müğənni Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olub. Dünən isə musiqi həvəskarları daha bir maraqlı konsert proqramı - dünya şöhrətli Alla Puqaçovanın yaradıcılıq gecəsinin şahidi oldular. Festivalın bağlanış günü isə Rusiyanın Əməkdar artisti Qriqori Lepsin yaradıcılıq gecəsi keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında