Babamın sevinci bütün ailəmizin sevincidir

Bu günlərdə Azərbaycan jurnalistləri daha bir xoş xəbərə sevindilər. 255 jurnalist dövlət tərəfindən media nümayəndələri üçün inşa edilmiş ikinci binadakı yeni mənzillərinə qovuşdu. Onların arasında ən müxtəlif mətbu orqanları təmsil edən qələm sahibləri var. Yəni heç bir ayrı-seçkilikdən, haqsızlıqdan söhbət gedə bilməz, əksinə, hər şey şəffaf idi və “dördüncü hakimiyyət”in ehtiyacı olan ən layiqli nümayəndələri mənzillə təmin olundular. Əlbəttə, bu, mətbuatımızın 142 yaşının qeyd olunduğu günlərdə dövlət başçısı tərəfindən daim növbəti informasiyaların qayğısı ilə yaşayan, gecəsini gündüzünə qatan jurnalistlərə ən böyük hədiyyədir.

Hər bir dövlətin əsas sütünlarından biri onun mətbuatıdır. Təsadüfi deyil ki, jurnalistikanı “cəmiyyətin güzgüsü” adlandırırlar. Ulu öndər Heydər Əliyev kimi, cənab Prezident İlham Əliyev də daim jurnalistlərin qayğısına qalır, onların problemləri ilə maraqlanır. Mətbuat işçilərimizə mənzillərin hədiyyə edilməsi də sosial problemlərin həlli istiqamətində aparılan ən uğurlu işlərdən biridir. 2013-cü ildə bu xoş təşəbbüsün ilk mərhələsi, bir neçə gün bundan əvvəl isə ikincisi baş tutdu və eyni zamanda üçüncü binanın təməli qoyuldu. 2020-ci ildə jurnalistikamızın 145 illik yubileyi ərəfəsində növbəti dəfə Azərbaycan mətbuatının inkişafına öz töhfələrini verən jurnalistlər mənzillə təmin olunacaqlar. Təsəvvür edin, yenə neçə-neçə media nümayəndəsinin və ailəsinin mənzil şəraiti yaxşılaşacaq. Bundan yaxşı nə ola bilər ki?!

Çox sevindiricidir ki, mənzillə təmin olunan jurnalistlər arasında yolu ilə getdiyim, artıq yarım əsrdir Azərbaycan idman jurnalistikasına öz töhfələrini verən “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist, Həsən bəy Zərdabi mükafatı laureatı, babam Oqtay Bayramov da var. Mən onun gərgin iş prosesinin, məhsuldar əməyinin şahidiyəm. Təsəvvür edin ki, artıq neçə illərdir qar-qış bilmədən hər iş günü Qala qəsəbəsindən şəhərə gəlir. Səhər tezdən oyanır, əlində axşamdan qeydlər apardığı vərəqlər, cibində bir neçə qələm əsl idmançı əzmkarlığı ilə işə doğru addımlayır. Növbətçi olduğu günlər isə gecə saat 2-3-də (bəzən də daha gec) şəhərdən evə qayıdır. İndiyə kimi bir dəfə də olsun “yoruldum” dediyinin, işi ilə bağlı hansısa məsələyə laqeyd yanaşdığının şahidi olmamışam. Bilirəm ki, olmayacam da. Çünki Oqtay müəllim, həqiqətən, peşəsini sevən, özünü bütünlüklə bu sahəyə həsr edən jurnalistlərdəndir.

Mən öz adımdan və ailəmiz adından cənab İlham Əliyevə təşəkkürümüzü bildirirəm. Çox xoşdur ki, babam bundan sonra ikinci jurnalistlər binasının 11-ci mərtəbəsində yerləşən mənzilindən işə yollanacaq, axşamlar isə doğma ocağa qayıdacaq.

 

Bir daha təşəkkürlər!

Kənan NOVRUZOV,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında