İyulun 20-də Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi olub. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binada artıq 255 jurnalist mənzil alıb.
Mənzil alanlar arasında “Yeni Azərbaycan” qəzetinin müxbirləri Aqşin Hümbətov və Pərviz İsmayılov da var. Dünən həmkarlarımızla görüşüb onlardan həyatlarında baş verən bu əlamətdar hadisə barədə fikir və rəylərini bildirmələrini xahiş etdik.
Aqşin Hümbətov:
– Özümü son dərəcə xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu qiymətli hədiyyənin sevincini hələ uzun müddət yaşayacağam. 20 iyulda keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin parlaq, dərin məzmunlu nitqini böyük maraqla dinlədim. Hesab edirəm ki, cənab Prezident Azərbaycan jurnalistləri qarşısında proqram xarakterli vəzifələr irəli sürüb. Onları yerinə yetirmək bizim üçün şərəf işidir, peşə və vəzifə borcudur.
Fürsətdən istifadə edərək bir məqama toxunmaq istəyirəm. Hər kəsə bəllidir ki, Azərbaycan lideri ölkəmizdə sivil, demokratik dəyərlərin, söz və fikir azadlığının, azad medianın bərqərar olmasına böyük önəm verir. Bu, çox sevindirici haldır. Ona görə ki, o yerdə ki, söz, media azaddır, cəmiyyət də inkişaf və tərəqqi edir. Görünən budur ki, bu istiqamətdə bizim ölkəmizdə də əməli işlər görülür.
Hesab edirəm ki, Azərbaycanda dövlət-media münasibətlərinin olduqca uğurlu modeli təşəkkül tapıb. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın. Biz media mənsubları bu diqqət və qayğıya görə möhtərəm Prezidentə sonsuz dərəcədə minnətdarıq.
Pərviz İsmayılov:
– Mən də bu günlərdə həyatımın ən xoş, sevincli anlarını yaşayıram. Çox şey hətta nağıl kimi görünür. Bu nağılı həqiqətə çevirən insana-Azərbaycan liderinə, görkəmli dövlət xadimi İlham Əliyevə öz adımdan, ailə üzvlərim, doğmalarım adından hədsiz dərəcədə minnətdaram.
Müstəqil Azərbaycanda azad mətbuatın bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu dahi siyasətçi mətbuatın inkişafına bir an belə azalmayan qayğı və diqqətlə yanaşırdı. Fikir verin, ölkəmizdə azad medianın formalaşması üçün nə qədər qətiyyətli və ardıcıl addımlar atılıb: Azərbaycanda dövlət senzurası ləğv olunub, qəzet kağızı əlavə dəyər vergisindən azad edilib, qəzet redaksiyalarının “Azərbaycan” nəşriyyatına yığılıb qalmış kifayət qədər böyük borcları silinib və sair. Bunlar və başqa vacib addımlar Azərbaycanda azad mətbuatın formalaşmasına münbit şərait yaradıb.
Ulu öndərin milli dövlət quruculuğunda azad mətbuatın bərqərar olması ilə bağlı siyasəti son 14 ildə Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrün reallıqlarına uyğun yaradıcı şəkildə davam etdirilib. Maraqlı cəhət budur ki, bir sıra postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda demokratik proseslər iqtisadi islahatlarla paralel aparılıb. Ölkə vətəndaşlarının siyasi hüquq və vəzifələri onların cəmiyyətin iqtisadi və siyasi idarə edilməsinə cəlb olunmaları ilə bərabər həyata keçirilib. Bu prosesdə Azərbaycan mediası da səfərbəredici rol oynayıb.
Son illər Bakıda tez-tez beynəlxalq humanitar forumlar keçirilir. Burada iştirak edən bir sıra nüfuzlu siyasətçilər, görkəmli alim və mədəniyyət xadimləri Azərbaycanda bütün sahələrdə, o cümlədən mətbuat quruculuğu sahəsində nəzərəçarpan uğurlar əldə olunduğunu qeyd edirlər. Bu qiymət bizi, əlbəttə, sevindirir.
Bu gün Azərbaycan mediası qarşısında duran ən böyük vəzifə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hesab edirəm ki, bütün qələm əhli bilik və bacarığını ortaya qoymalı, qədim və əzəli Azərbaycan torpaqları olan Qarabağda Böyük Qələbəmizə öz töhfəsini verməyə çalışmalıdır.
Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Elçin ABBASOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.