Jurnalistlərin peşə və vətəndaşlıq vəzifəsi həqiqətə xidmət etməkdir

Jurnalistlərin növbəti binasında ev alan həmkarlarımdan ikisinə dünən zəng edərək hansı hissləri keçirdiklərini soruşanda, hər ikisi bir ağızdan çox sevindiklərini və həyatlarının ən xoşbəxt  anlarını yaşadıqlarını dedilər. Bir məqam diqqətimizi çəkdi.  Jurnalistlər adətən müsahib rolunda çıxış etməyə adət etmədikləri üçün özləri az-az hallarda müsahibə verirlər. Amma budəfəki həmsöhbətlərim bunu böyük həvəslə etdilər. Axı, onların hər ikisi jurnalistlərin növbəti binasında mənzil almışdılar. Bu qiymətli hədiyyənin xüsusi özəlliyi ondadır ki, onların özlərinə və ailələrinə böyük sevinc hissləri yaşadan yeni mənzillər çox hörmətli dövlət başçımız tərəfindən hədiyyə olunub.

Əvvəlcə “Ülfət” qəzetinin baş redaktorunun müavini, təcrübəli jurnalist Bəyalı Rzayevin ürək sözlərini dinləyək. B.Rzayev bunları dedi:

– Mən Milli Mətbuat Günü ərəfəsində belə bir qiymətli hədiyyə aldığım, doğmalarımı sevindirdiyim üçün çox xoşbəxtəm. Buna görə də cənab Prezidentə sonsuz minnətdarlığımı bildirirəm. 

Qeyd edim ki, ailəmin mənzilə həqiqətən ehtiyacı vardı. Mən 40 ilə yaxındır ki, jurnalistikada, necə deyərlər, “külüng çalıram”. Uzun illlər “Azərbaycan gəncləri” qəzetində çalışmışam. Son 25 ildə isə peşə  taleyimi “Ülfət” qəzeti ilə bağlamışam. Bir daha qeyd edirəm. Jurnalist peşəsinə qəlbən bağlıyam. Ömrümdə heç vaxt, bir an belə olsun, qəzetçilikdən usanmamışam. Amma hər zaman mətbu sözün dəyərini və qədrini bilmişəm. Biliyimi, təcrübəmi gənc həmkarlarımla daim bölüşməyə çalışmışam. Bəli, mənim nəzərimdə, qəzetçilik çox məsuliyyətli və şərəfli bir peşədir.

Bu il iyulun 20-də jurnalistlərə yeni mənzillərin verilməsinə həsr olunan mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin parlaq nitqini dərin maraqla izlədim. Dövlətimizin başçısı müasir Azərbaycan mediasının qarşısında duran mühüm vəzifələr barədə faktiki olaraq proqram xarakterli çıxış etdi.

Azərbaycan Prezidenti jurnalistləri özünün ən yaxşı köməkçiləri adlandırdı. Bu sözləri eşidəndə bir daha qəlbim fərəh hissi ilə doldu. Deməli, dövlət başçımız biz jurnalistlərə inanır və obyektivliyimizə güvənir. Bu, böyük etimaddır və bunu əməli işlərlə sübut etmək lazımdır.

İnanıram ki, jurnalistlərimiz bundan sonra da Azərbaycan dövlətinin, möhtərəm Prezidentin etimadını doğrultmağa çalışacaqlar. Şəxsən mən həyatımın sonuna qədər qələmimi xalqımın, millətimin intibahına həsr edəcəyəm. 

Asif Nərimanlı, “Publika.az” saytının əməkdaşı:

– Yaradıcı əməyimin çox hörmətli dövlət başçımız tərəfindən yüksək  qiymətləndirilməsindən doğan hissləri belə təsvir edərdim:  Çox gözəl hissdir. Allah hər kəsə qismət etsin. Ev verilən 255 həmkarımın arasında mənim də adımın olduguna görə, başda Prezident olmaqla, bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm!

Mən xeyli vaxtdır ki, bir sıra aktual mövzularda siyasi şərhlər yazıram. Azərbaycan Prezidenti çıxışında haqlı olaraq qeyd etdi ki, Azərbaycan jurnalistləri, ilk növbədə, vətənpərvər olmalı, xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutmalıdırlar. Dünyada hazırda informasiya  savaşı gedir. Böyük güc mərkəzləri öz siyasi, iqtisadi, hərbi maraqlarını yeritmək üçün əsas informasiya mənbələrini hər vəchlə nəzarətdə saxlayır, öz mənafelərinə uyğun istiqamətləndirirlər.

Qafqaz bu gün çox həssas və narahat bir regiondur. Burada bir sıra böyük güclərin maraqları kəsişir. Bunu mütləq nəzərə almaq, oxucuya, tamaşaçıya dünyada baş verənlər barədə obyektiv məlumat vermək lazımdır.

Mətbuatın predmeti sözdür, o, sülhə, humanizmə, bir sözlə, bəşəri ideallara xidmət etməlidir. Məhz bu yolla cəmiyyəti maarifləndirmək, xalqlar, millətlər arasında humanist dəyərləri geniş yaymaq olar. Təəssüf ki, qlobal KİV-də indi millətçilik, ksenofobiya, İslamofobiya təbliğatı nəinki azalmır, əksinə artır.

Bütün bunlara biganə qalmaq olmaz. Axı, aşkar haqsızlığa məruz qalan xalqlardan biri də bizik. Ötən əsrin sonlarında dünyanın gözü qarşısında Ermənistan silahlı qüvvələri öz havadarlarının hərbi dəstəyi ilə torpaqlarımızın 20 faizini zəbt ediblər, orada etnik təmizləmə, soyqırımı törədiblər. Bu gün də hələ qədim, əzəli torpaqlarımız olan Qarabağa səsimiz, ünümüz yetmir.

Üstəlik işğalçılar, onların ideoloqları qlobal KİV-də xalqımıza, dövlətimizə qarşı hər cür yalan, şər və böhtan atırlar. Biz jurnalistlər təcavüzkar dövlətin xislətini, erməni saxtakarlığını kifayət qədər ifşa edə bilirikmi? Etiraf edək ki, bu sahədə daha çox iş görməyimiz lazımdır.

Sonda bir daha vurğulamaq istəyirəm ki, jurnalistlərin peşə və vətəndaşlıq vəzifəsi həqiqətə xidmət etməkdir. İnanıram ki, Azərbaycan jurnalistləri öz üzərlərinə düşən məsuliyyəti dərk edirlər. 

Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında