Həyatımın ən böyük hədiyyəsini dövlətdən aldım

Gələn il mənim jurnalistikaya gəlişimin 20-ci ildönümüdür. Mətbuatda fəaliyyətə başladığım zaman ağlıma da gəlməzdi ki, nə zamansa dövlətimizdən həyatımın ən böyük hədiyyəsini ala biləcəyəm.

Yaxşı yadımdadır, 2000-ci illərin əvvəllərində jurnalistlərin mənzil sahibi olması üçün ən müxtəlif təşəbbüslər var idi və hətta mətbuat nümayəndələrinə Bakı ətrafındakı hansısa torpaq sahəsinin ayrılması xahişləri də bu sıradaydı. Düşünürdük ki, həmin torpaq sahəsi güzəştli şərtlərlə verilərsə, borca girib orada mənzil tikdirər və çox ağır bir yükdən xilas ola bilərik. Amma bizim bu təşəbbüslərimizin qarşısında dövlətimiz çox böyük və nəcib bir jest etdi. Belə ki, nəinki Bakının kənarında güzəştli şərtlərlə torpaq ayrıldı, hətta Bakının mərkəzindən 4-5 dəqiqəlik məsafədə, dəniz kənarında, gözəl bir ünvanda heç bir təmənna gözləmədən mətbuat nümayəndələri üçün şəhərcik salınmasına qərar verildi. Prezident İlham Əliyevin sərəncamına əsasən artıq iki bina media mənsublarının ixtiyarına verilib, üçüncü binanın əsası qoyulub.

Bu, çox nəhəng addımdır, dünyada bir ilkdir, Azərbaycan nümunəsidir, Azərbaycan mətbuatına basqıların, təzyiqlərin olması, söz azadlığının boğulması barədə iddialar səsləndirənlərə cavabdır. Qısa müddət ərzində 410 mətbuat işçisinin mənzillə təmin olunması Azərbaycanın sözə, mətbuata münasibətinin göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin qüdrətinin, iqtisadi inkişafının təzahürüdür. Neft gəlirlərinin azalmasından sevinib Azərbaycanın iflasla üz-üzə qalacağını gözləyən bədxahlarımız təkcə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılmasına milyonlarla vəsaitin ayrılmasını gördükləri halda, təbii ki, xoş olmayan hisslər keçirəcəklər. Elə dövlətimizin, şəxsən Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünü qaralamağa, ona kölgə salmağa çalışan qüvvələr də pərt durumda qaldıqları üçün əsəblərinə hakim ola bilmirlər. Lakin bunlar ötüb keçəcək. Tarix boyu Azərbaycan dövlətinin mətbuata verdiyi bu misilsiz dəstək barədə yazılacaq, deyiləcək.

 Bu günlərdə təmasda olduğumuz özbək jurnalistlər açıq şəkildə etiraf edirdilər ki, onlar da öz ölkələrində mətbuat işçilərinə mənzil hədiyyə olunması təcrübəsinin tətbiqini həsrətlə gözləyirlər. Artıq mətbuata dövlət dəstəyinin Azərbayacan nümunəsi var. Tamamilə mümkündür ki, gələcəkdə jurnalistlər üçün dördüncü, beşinci bina da tikilsin, şəhərcik daha da genişləndirilsin, bu iş davamlı xarakter alsın. Amma ona da əminəm ki, məhz bu dəstəyin sayəsində mediamız güclənəcək, imkanları artacaq və zaman gələcək media holdinqlər özləri öz işçilərinə mənzil hədiyyə etmək imkanı qazanacaqlar.

 İkinci binada mənzil sahibi olan 255 həmkarımın arasında olmağın sevincini yaşamaq, çoxsaylı təbriklər almaq şəxsən mənə çox xoşdur. Ona görə də ailəmiz adından, öz adımdan   Prezident İlham Əliyevə, mənzil bölgüsünü ədalətli qaydada həyata keçirilməsi prosesinə rəhbərlik edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, həmçinin şəffaf, ədalətli seçimi aparan bütün insanlara təşəkkür edirəm.

Mən ikinci binada mənzil sahibi olan bütün həmkarlarımı ürəkdən təbrik edirəm, həmçinin mənzil arzusunda olan jurnalistlərimizə növbəti, sayca üçüncü binada mənzil sahibi olmağı arzu edirəm. Çox istərdik ki, bir sıra dəyərli həmkarlarımız da budəfəki bölgüdə mənzillə təmin olunsunlar. Yetər ki, həmkarlarımız bir qədər səbr etsinlər. İnşallah, Prezidentimizin də tikinti şirkətinə tövsiyə etdiyi kimi, Milli Mətbuatımızın 145 illiyində növbəti binadakı mənzillərin açarları sahiblərinə təqdim olunacaq.

Elşad Paşasoy,
“Yeni Müsavat” qəzetinin parlament müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında