Jurnalistlərin mənzillə təmin olunması ölkəmizin öz vətəndaşlarına yüksək qayğısının bariz ifadəsidir

Milli Mətbuat Günü ərəfəsində mənzillə təmin olunan 255 jurnalistin arasında adımın olmasından bu gün qürur və sonsuz sevinc hissi keçirirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mənzili ehtiyacı olan jurnalistlərə hədiyyə etməklə tək bizə deyil, doğmalarımıza, qohum və tanışlarımıza da sevinc yaşatdı.

Bir məsələ barədə çox deyilsə də, amma təkrarlamağa məcburam: nə MDB məkanında, nə də dünyada jurnalistlərə ev verilməsi təcrübəsi yoxdur. Dövlətimizin başçısı iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışında qeyd etdiyi kimi, ölkəmiz bu kimi layihələri reallaşdırmaqla artıq sosial bir dövlətə çevrilib.

Onu da qeyd edim ki, yeni binada ev sahiblərinin çoxunu tanıdığım üçün, tam əminliklə deyə bilərəm ki, mənzil bölgüsündə çox ədalətli seçim olub. Bu ədalətliliyin qorunmasında mühüm rol oynayan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, eyni zamanda, kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinin müəyyənləşdirilməsi, habelə müvafiq prosesin şəffaf, ədalətli şəkildə həyata keçirilməsi məqsədilə yaradılan birgə komissiyaya, işlədiyim qəzetin rəhbərliyinə haqqın yanında dayandıqlarına görə təşəkkürümü bildirirəm. 

Elə bu yerdə bir  məqamı da xatırlatmağı lazım bilirəm. Mən 1986-cı ildən müxtəlif mətbu orqanlarda işləmişəm. 1996-cı ildən isə “Xalq qəzeti”nin əməkdaşıyam. Jurnalist fəaliyyətimin bütün mərhələlərində ulu öndərimiz Heydər Əliyev, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlarla bağlı yüzlərlə yazı dərc etdirmişəm. 

Onu da xatırladım ki, uzun müddət kirayədə yaşadıqdan sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsinin 1-ci mədən sahəsində dikəltdiyim “gecəqondu” evdə məskunlaşmışam. Hazırda həmin tikilinin həyətindəki, ətrafındakı neft quyuları işləksiz vəziyyətdə olsa da, hər an təhlükə doğuracağı istisna deyil. Tikilinin üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsi, ərazidə 1,5 metr dərinlikdə neft borusunun mövcudluğu da burada vəziyyətin son dərəcə təhlükəli olmasından xəbər verir. Elə buna görə də “Binəqədi OYL” neft şirkəti neçə il idi ki, qadağan zonasında məskunlaşdığım həmin “gecəqondu”dan çıxarılmağımı, tikilinin sökülməsini israrla tələb edirdi. Bu tələb adıçəkilən şirkətin 2015-ci ilin dekabr ayında ailəmin həmin tikilidən çıxarılması haqqında Binəqədi Rayon Məhkəməsi qarşısında iddia ərizəsi ilə vəsatət qaldırması, məhkəmənin isə cari il yanvar ayının 8-də yaşadığım “gecəqondu”nun sökülməsi barədə qətnamə çıxarması ilə rəsmiləşdirildi.  

Bəli, bu gün Azərbaycan jurnalistikasına namusla xidmətimin qarşılığında halal haqqımı görməyim, qadağan edilən, insan yaşayışı üçün təhlükəli ərazidən xilas edilməyim, jurnalistlərə tikilən yeni binadan mənzillə təmin olunmağım üçün möhtərəm dövlət başçımız cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Sonda onu da deyim ki, jurnalistlər üçün növbəti yaşayış binasının inşası üçün iyulun 19-da ölkə Prezidenti tərəfindən müvafiq vəsaitin ayrılmasına dair tədbirlərin görülməsi üçün sərəncam imzalanıb. Bu isə o deməkdir ki, dövlətimizin jurnalistlərə diqqət və qayğısı bundan sonra da neçə-neçə media işçisinə, onların ailələrinə sevinc bəxş edəcək.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında