Bu ilin aprel ayında AZƏRTAC-ın yaydığı bir xəbər diqqətimizi çəkmişdi. Xəbərdə qeyd edilirdi ki, ABŞ-dakı Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan həmyerlimiz Samir Hüseynov Amerikanın Milli Elm Fondunun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə tədqiqat mükafatına layiq görülüb. Həmçinin qeyd edilirdi ki, bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin insan davranışları laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcəkdir. Əsas məqam Samir Hüseynovun son 5 ildə ABŞ-da bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorant olması idi. Sonradan bir sıra xəbər agentlikləri və qəzetlər də bu barədə geniş materiallar verdilər. Təhsil Nazirliyinin, xüsusən, nazir Mikayıl Cabbarovun bu məsələyə münasibəti isə gənc tədqiqatçıya xüsusi stimul olmuşdu. Bu günlərdə həmyerlimizlə əlaqə saxladıq, işlərin gedişi ilə maraqlandıq, onunla virtual bağlantı qurduq.
Məlumat üçün bildirək ki, Samir Hüseynov 1986-cı ildə Naxçıvanda anadan olub, sonra ailəsi Bakıya köçüb. 1 saylı fizika riyaziyyat və informatika təmayüllü liseydə oxuyub. 2004-cü ildə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülərək Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Universitetin xüsusi istedadlar qrupunda təhsilini başa vurub. 2008-2010-cu illər arasında Macarıstandakı Mərkəzi Avropa Universitetində iqtisadiyyat üzrə magistr təhsili əldə edib. 2010-2012-ci illər ərzində Bakıda bir sıra tədqiqat qurumlarında çalışıb, eyni zamanda, Qafqaz və İqtisad universitetlərində müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə Texas A&M Universitetində təhsilini davam etdirib. 2015-ci ildən doktoranturada oxumaqla yanaşı, Texas A&M Agrilife-da tədqiqatçı-köməkçi vəzifəsində çalışır.
Gənc alim ABŞ-dakı elmi fəaliyyəti haqqında dedi:
– Amerika Milli Elm Fondu (MEF) ABŞ Konqresi tərəfindən 1950-ci ildə yaradılmış federal qurumdur. Fondun əsas məqsədi elmi inkişaf etdirmək, əhalinin sağlamlığını, rifahını yaxşılaşdırmaq və bu yolla milli təhlükəsizliyi təmin etməkdir. Yəni, MEF-in yaranış fəlsəfəsinə görə ölkənin inkişafının və təhlükəsizliyinin qarantı elmi inkişaf etdirməkdən və elm adamlarına onların tədqiqatları üçün lazımi maddi imkanlar yaratmaqdan keçir. Onu da diqqətinizə çatdırım ki, fondun təkcə 2016-cı il büdcəsi 7,5 milyard dollar olmuşdur və vəsaitlər əsasən dəqiq, kompüter və sosial elmlərə yönəldilmişdir.
MEF-in 10-dan artıq müxtəlif elm sahələrini dəstəkləyən proqramları var və mənim qalib olduğum proqram “Qərarvermə, risk və idarəetmə elmləri” adlanır. Bu proqram əsasən fərdi, qrup, təşkilat və cəmiyyət qərarlarının effektivliyini artıran, bu istiqamətdəki elmi modelləri inkişaf etdirərək qərarvermədəki mövcud bilikləri dərinləşdirən və sonda siyasi qərarları daha da səmərəli edən elmi tədqiqatlara mükafat şəklində maliyyə vəsaiti ayırır.
Konkret olaraq öz elmi işimə gəldikdə isə qeyd edə bilərəm ki, mənim elmi işim ABŞ-da 2008-ci ildən qüvvədə olan “Kalori işarələmə” qanununun effektiv olmamasının səbəblərini izah etmək və bu istiqamətdəki elmi biliklərin artırılması üçün nəzəri model qurmaqdan ibarətdir. Bu tədqiqat layihəsinə, təqribən, 1 il vaxt ayırdım və təkcə iqtisadi biliklərə deyil, eyni zamanda, istehlakçı psixologiyası, davranış və koqnitiv elmlərdə ortaya qoyulan yeni araşdırmalara da yer verdim. Qalibi olduğum proqram müxtəlif elmi yanaşmalardan istifadə edərək sosial-iqtisadi problemlərin həlli yollarını inkişaf etdirən elmi işlərə daha çox üstünlük verir. Məhz buna görə də MEF sonda mənə bu tədqiqat mükafatını verməyi qərara aldı. Mənim təqdim etdiyim layihə 42,5 min dollar dəyərində qiymətləndirilmişdir.
–Bu layihənin Azərbaycan üçün aktuallığı nədən ibarətdir?
– Layihə Amerika və eləcə də, Azərbaycan üçün olduqca aktualdır. Məsələn, Dünya Səhiyyə Təşkilatının 2013-cü il hesabatında göstərilir ki, Azərbaycanda 20 yaşdan yuxarı əhali arasında artıq çəkililər 56 faizdir. ABŞ-da isə artıq bu məsələyə epidemiya kimi baxırlar, çünki burada yetkin əhalinin 36,5 faizi köklükdən əziyyət çəkir. Düzdür, köklük və ya artıq çəkinin bir çox səbəbləri var, məsələn, idman fəaliyyətinin azlığı və aktiv olmayan həyat tərzi və s. Amma bunlarla yanaşı, qida seçimlərinin də bu problemdə böyük rolu var. Mənim layihəm daha çox bu problemə iqtisadi seçimlərin optimallaşdırılması nöqteyi - nəzərindən yanaşır və ümid edirəm ki, bu layihə hər iki cəmiyyət üçün sonda faydalı nəticələr ortaya qoyacaq.
Xatırladım ki, uzun prosesin sonunda belə xoş mükafata layiq görülmək məni çox sevindirdi. Əslində, qarşımızda tədqiqatları aparıb nəticələri elmi ictimaiyyətlə bölüşmək kimi məsuliyyətli bir öhdəlik var. Bu məsuliyyət hissi ilə tədqiqatlarımı davam etdirirəm. İnsanlığa faydalı olmaq və bu istiqamətdə çalışmaq mənə böyük zövq verir.
Digər qürur mənbəyi odur ki, təhsil aldığım Texas A&M Universiteti 1876-cı ildən fəaliyyət göstərir və Amerikanın nüfuzlu dövlət ali təhsil ocaqlarından biridir. Təkcə 2016-cı il ərzində bizim universitet elmi araşdırmalara 892 milyon dollar vəsait ayırıb. Son 5 ildə Texas A&M Universitetinin alimləri 800-ə yaxın ixtiraya imza atıblar.
– Bizə məlumdur ki, ABŞ-da fəaliyyət göstərən soydaşlarımız, xüsusən, gənclər diaspor təşkilatlarımızın fəaliyyətində yaxından iştirak edirlər. Elmi fəaliyyətiniz sizin ictimai işlərdən kənarda qalmağınıza səbəb olmur ki?
– Hyustonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən bütün tədbirlərdə ailəlikcə iştirak edirik. Bu il fevralın 25-də Hyuston şəhərindəki Azərbaycan Mərkəzinin təşkilatçılığı və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilirdi. Mən həmin tədbirdə Texas A&M Universitetinin tədqiqatçısı kimi çıxış edərək Xocalı qətliamı barədə iştirakçılara geniş məlumat verdim. Faciənin faktoloji, hüquqi və siyasi məqamlarını izah etdim, bu mövzuda yazılmış elmi araşdırmalarda yer alan əsas məqamları diqqətə çatdırdım.
– Bundan sonrakı fəaliyyətiniz, yəni doktorluq işini başa çatdırmağınız da bilavasitə həmin ölkə ilə bağlı olacaq. Ona görə də bilmək istərdik ki, planlarınız necədir?
– Elə bir ciddi plan yoxdur. Sadəcə, mənim Təhsil Nazirliyi ilə bağladığım müqavilənin müddəti cari tədris ilində bitəcək. Buna görə də, təhsilimin bundan sonrakı mərhələsində xərclərimi öz hesabıma maliyyələşdirmək üçün viza statusumda dəyişiklik etmək – yəni, sponsorlu tələbə viza statusundan öz hesabına maliyyələşən tələbə viza statusuna keçmək tələb olunur. Viza statusu dəyişikliyi mənə təhsil xərclərimi güzəştli şərtlərlə ödəmək və həmçinin ehtiyac yarandıqda təhsil krediti götürmək imkanı da verəcəkdir. Ümid edirəm ki, həmişə olduğu kimi, bu məsələdə də Təhsil Nazirliyi mənə öz köməkliyini göstərəcəkdir.
– Oxucularımıza sözünüz?
– Yaranmış fürsətdən istifadə edərək, qəzetiniz vasitəsilə mənim elmi-tədqiqatımın ABŞ Milli Elm Fondunun qrant mükafatına layiq görülməsi barədə yayılan xəbərlərə Təhsil Nazirliyinin və şəxsən nazir Mikayıl Cabbarovun göstərdiyi diqqətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Dövlətimizi və xalqımızı əmin edirəm ki, bundan sonra da istər elmi tədqiqatlarımda, istərsə də Azərbaycan həqiqətlərinin əhatəsində olduğum çevrələrdə yayılması sahəsində var gücümü əsirgəməyəcəyəm.
– Uğur olsun!
Qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.