Alman deputat erməni silahlı bölmələrinin iki yaşlı Zəhranı qətlə yetirməsi ilə bağlı bəyanatla çıxış edib

Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer erməni vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, TEAS-ın Berlin ofisinin sorğusuna cavab olaraq verdiyi bəyanatında Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakı halların baş verdiyini bildirən Stefan Mayer qeyd edib ki, nəticədə Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə səbəb olub: "Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın ölümü ilə yadda qaldı. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olub, bir milyona yaxın dinc sakin isə didərgin düşüb. Müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, yəni Azərbaycan ərazisinin beş faizini, həmçinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu da işğal edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir".

Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır: "Avropa İttifaqı və  Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləcəyinə əmindir. Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanınıb. ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupu 1992-ci ildən bu günədək regionda sülh yaratmağa çalışır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur. BMT Xartiyasının II maddəsi, 3 və 4 saylı bəndinə əsasən, bütün ölkələr öz beynəlxalq mübahisələrini elə həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət təhlükə altına düşməsin. BMT-nin hər bir üzvü digər ölkənin ərazi bütövlüyünü təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar".

S.Mayerin sözlərinə görə, 2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ konfliktinin 20 illiyinə həsr olunmuş toplantıda, CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həlli yollarına dair müzakirələr keçirib və öz təkliflərini verib. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq: "Bu baxımdan Almaniya Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və həllini tapmalıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında