Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin - nənə və nəvənin Ermənistan ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilməsi istər insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədlərə, istərsə də adi insanlıq normalarına sığmayan dəhşətli bir cinayətdir və hələ uzun zaman bu işğalçı, terrorçu dövlətin rəhbərliyində təmsil olunan şəxslərin, xüsusilə də terrorçu prezident Serj Sarkisyanın vicdanında qara ləkə kimi qalacaq. Bu gün Azərbaycan xalqı torpaqlarını işğal etmiş bir ölkənin mütəmadi olaraq dinc sakinləri öldürməsi faktı ilə üz-üzədir və dünyanın aparıcı dövlət və beynəlxalq təşkilatlarından ədalətli qərar gözləməkdə tam haqlıdır.
Maraqlıdır ki, artıq Ermənistan ordusunun Füzulinin Alxanlı kəndində dinc sakinləri qətlə yetirməsi beynəlxalq ictimaiyyətdə çox ciddi rezonans doğurub. Dünən “Associated Press”, BBC, Euronews, “New York Times”, “Washinqton Post”, “Le Monde” və digər media orqanları hadisəni obyektiv işıqlandırıb, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, Ermənistanın dinc əhaliyə qarşı qanlı cinayətini pisləyib. Artıq beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın Ermənistan olduğunu göstərmişlər.
Təmas xəttindəki Azərbaycan sakinlərinə qarşı belə çirkin əməllər birinci dəfə deyil ki, törədilir. Hələ 1992-ci ildə Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı, bir qədər sonra Bağanis Ayrım və digər kəndlərimizdə dinc Azərbaycan sakinlərinə qarşı Ermənistan rəhbərliyi tərəfindən terror və soyqırımı siyasəti həyata keçirilib. Xocalı şəhərində baş verənlər isə tarix üçün ən amansız vəhşilik nümunəsi idi. Xocalı soyqırımı erməni təfəkkürünün hələ də ibtidai icma quruluşundan irəli getmədiyini açıq-aşkar göstərdi. Dinc əhaliyə qarşı silahlı hücumlar bu günə qədər ara vermədən davam edir. Keçən ilin aprelində Ermənistan ordusunun təmas xəttindəki kəndlərimizə ağır artilleriyadan da istifadə etməklə zərbələr endirməsi nəticəsində 5 dinc sakin öldürülüb, 30-dan çoxu isə yaralanıb. Doğrudur, məlum aprel döyüşləri zamanı Azərbaycanın şanlı ordusu düşmənə ağır zərbələr vurdu və bir sıra vacib mövqelər də daxil olmaqla xeyli ərazimizi işgaldan azad etdi. Amma beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın cinayət əməllərinə və ardı-arası kəsilməyən hərbi təxribatlarına vaxtında müvafiq cavab verilmədi, təcavüzkara qarşı təsirli tədbirlər görülmədi. Elə bunun, 25 ildən bəri davam edən tərəfkeşlik, ikili standart siyasətinin nəticəsidir ki, Ermənistan cəzasızlıq şəraitində təxribat və cinayətlərini davam etdirir. Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyanatlar verib. Təəssüf ki, Səməd Vurğun demişkən, “sözdən qızarmaz ki, bozarmış üzlər”...
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Alxanlı hadisəsi ilə verdiyi bəyanatda haqlı olaraq deyib: “Dünya birliyinin qətiyyətsizliyi şəraitində Ermənistan hakimiyyəti nəinki beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etməkdən boyun qaçırır, eyni zamanda, beynəlxalq humanitar hüququn, o cümlədən Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə konvensiyalarının, onlara 1 saylı əlavə protokolun tələblərini, Uşaq Hüquqları haqqında Konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı cəza tədbirləri həyata keçirir”.
Bu gün birmənalı şəkildə demək olar ki, Ermənistan ordusu Azərbaycan ordusundan qorxduğundan bütün gücünü qadın və uşaqlara qarşı müharibəyə verir. Alxanlı hadisəsi bunun ən bariz nümunəsidir. Üstəlik Sarkisyan rejimi özünün bədnam əməlinə haqq qazandırmaq üçün dünya ictimaiyyətini aldatmağa cəhd edərək bəyan edib ki, guya Alxanlıda Azərbaycan Ordusunun atəş nöqtələri olub və Ermənistan bu nöqtələri hədəfə alıb. Amma bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bunlar tamamilə təkzib olunur. Bildirilir ki, Müdafiə və Xarici İşlər nazirlikləri, Respublika Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib. Onlara bu ərazidə Azərbaycan Silahlı Qüvvələrinin qərargahı və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər təqdim olunub. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar: “Bu fakt təsdiq edir ki, ermənilərin əsas hədəfi dinc əhali olub. Erməni tərəfinin kənd ərazisində hərbi bölmələrin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır”.
İnanırıq ki, günbəgün güclənən Azərbaycan Ordusu mülki azərbaycanlı əhalini hədəf götürən Ermənistan ordusuna tutarlı cavab verməyə qadirdir və bir gün Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin əmri ilə öz müqəddəs borcunu yerinə yetirərək işğal altındakı əraziləri azad edəcək və erməni cinayətkarlarına layiq olduqları cəzanı verəcək.
Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.