Son günlər işğalçı Ermənistanın təxribatı nəticəsində mülki əhalinin hədəfə alınması və biri azyaşlı olmaqla, iki mülki vətəndaşımızın Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilməsi işğalçı rejimin növbəti cinayəti və vandallıq aktıdır. Mütəmadi olaraq, cəbhəyanı kəndlərimizdə yaşayış məntəqələrimizi intensiv atəşə tutan erməni ordu birləşmələri bununla da beynəlxalq insan hüquqları konvensiyası başda olmaqla, insan hüquqlarının qorunması və müdafiəsi ilə bağlı digər beynəlxalq qanunvericiliyə, humanizm prinsiplərinə məhəl qoymadığını bir daha sübut etdi. Bu fikirləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri (AGAT) Nərgiz Xələf “Xalq qəzeti”nə açıqlamasında bildirdi. O daha sonra bunları dedi:
– Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olan beynəlxalq ictimaiyyət Qarabağ müharibəsində olduğu kimi, atəşkəs dövründə də erməni vəhşiliyinin dəfələrlə şahidi olub. Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Quliyeva Zəhranın və nənəsi Quliyeva Sahibənin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi işğalçı dövlətin həm də beynəlxalq konvensiyalara və hərbi qaydalara məhəl qoymadığını göstərir. Atəşkəs dövründə dəfələrlə mülki şəxslərə hücum nəticəsində balaca, günahsız uşaqlar məhz erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməkdədir. Bu balaca uşaqların günahı nədir?! Onların günahı Ermənistan adlı işğalçı ölkə ilə qonşu mövqeyində, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilmiş hərbi birləşmələrlə təmas xəttində yaşamaqdırmı ?! Dünyada gedən müharibələri hələ dərk etməyən, onun qan-qadasından xəbərsiz körpələrin nə günahı var?! Nə olursa-olsun, bu cür cinayət aktına heç cür bəraət qazandırıla bilməz. İki yaşlı Zəhranın və nənəsinin öldürülməsi, əslində, 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamında körpə və anaların amansızlıqla qətlə yetirilməsi ssenarisinin davamıdır. Digər tərəfdən, Lələtəpə yüksəkliyinin ordumuz tərəfindən azad edilməsi və bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasını, məcburi köçkünlərin öz kəndlərinə qayıtmasını, insanların doğma yurda qayıdış sevgisi və ümidini işğalçı ölkə qısqanclıqla qarşılayır, qəbul edə bilmir. Odur ki, bu cür təxribatçı və qanlı addımlara əl atmaqla, regionda gərginlik yaratmağa çalışır.
Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal altında saxlayan Ermənistan Respublikasının silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 24 ildən artıq müddətdə Azərbaycanın dövlət sərhədində və qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda, yaşayış məntəqələrinə, mülki əhaliyə ziyan vurmaqda davam edir.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasına maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaratmışdır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi ( 822,853,874 və 884 ), qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyon 200 mindən artıq insanı öz yurdundan qovması və sonda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinə ciddi əsas verir. İkili standartların davam etməsi və beynəlxalq təşkilatların məsələyə mövqesiz yanaşması daha ağır fəsadlarla nəticələnir. Belə ki, iki yaşlı uşağın qətlə yetirilməsi artıq həyəcan təbilinin çalınmasına əsas verir.
Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20 faiz ərazisi işğala məruz qalan Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik.
Biz AGAT və onun tərkibində 2009-cu ildən fəaliyyətdə olan Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının Koordinasiya Şurasının təmsilçiləri olaraq, beynəlxalq ictimaiyyətə, əlaqədar siyasi qurumlara müraciət edərək, iki yaşlı Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinə təcili mövqe bildirilməsini və işğalçı ölkəyə müvafiq sanksiyaların tətbiq olunmasını tələb edirik.
Təqdim etdi:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.