Dünyanı maliyyə və iqtisadi böhranın bürüdüyü bir vaxtda Azərbaycanda bütün sahələr üzrə inkişafın müşahidə olunması beynəlxalq aləmdə böyük maraqla izlənilir. Dünya bazarlarında neftin kəskin ucuzlaşmasına baxmayaraq, ölkəmizdə qarşıya qoyulan layihələrin reallaşdırılması istiqamətində qətiyyətli addımların atılması, xüsusilə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, o cümlədən əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə əhəmiyyətli islahatların aparılması respublikamıza olan marağı getdikcə artırır. Azərbaycanda ictimai-siyasi sabitliyin davamlılığının qorunub saxlanılması da ölkəmizin dünyanın maraq dairəsində olmasına təsir edən əsas amillərdəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Polşaya rəsmi səfəri maraqla izlənilmişdir. Ümumiyyətlə, dövlətimizin başçısının bütün xarici səfərləri və səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər diqqət mərkəzində saxlanılır. Ölkə başçısının Polşaya səfəri zamanı keçirdiyi görüşlərdə Azərbaycandan müxtəlif sahələri təmsil edən nümayəndələrlə yanaşı, iş adamları da iştirak etmişdir. Onlardan biri də Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü, Dünya Azərbaycanlıları Assosiasiyası iş adamları Koordinasiya Şurasının sədri, “Vəfa Collection” şirkətinin rəhbəri Vəfa xanım MURADZADƏ olub.
Onunla əlaqə saxlayıb Polşa səfəri barədə təəssüratlarını bildirməsini xahiş etdik. Vəfa xanım dedi:
– Mən iş adamı kimi dəfələrlə möhtərəm Prezidentimizlə müxtəlif ölkələrdə səfərdə olmuşam. Hansı ölkəyə getmişiksə, orada dövlətimizin başçısına böyük hörmət və ehtiramın, respublikamıza, o cümlədən istehsal etdiyimiz məhsullara marağın şahidi olmuşam. Ölkəmizdə sahibkarlıq fəaliyyətinə əlverişli imkanın, dünya bazarlarına çıxarılmağa layiq yerli məhsulların istehsalı üçün hər cür şəraitin yaradılması, necə deyərlər, iş adamlarının əl-qolunu açıb. Hər dəfə dövlətimizin başçısının xarici ölkələrə səfərlərə gedərkən, təcrübəli və istehsal etdikləri məhsullar “Made in Azerbaijan” brendi kimi tanınan iş adamlarını da özü ilə aparması sahibkarlıq fəaliyyətinə geniş imkanlar açır. Mən Polşada bunun bir daha şahid oldum.
Mənim bir iş adamı kimi nümayəndə heyətinin tərkibinə salınmağım heç də təsadüfi deyil. On bir ildir Azərbaycanda, Rusiyada və Avropanın bir sıra ölkələrində, habelə Qazaxıstanda, İranda, İraqda, Qətərdə otel, restoran, villaları, tekstil, xalı, mebel və digər ləvazimatlarla təmin edən firmalar sırasında rəhbərlik etdiyim “Vəfa Collection” şirkətinin də məhsulları var.
V. Muradzadə Polşada hər iki ölkə prezidentinin də iştirak etdikləri biznes forumdan söhbət açaraq dedi ki, həmin tədbirdə ölkəmiz haqında yüksək fikirlərin səsləndirilməsi onda qürur hissi yaratmışdır: “Əvvəlcə Polşanın iqtisadi inkişaf nazirinin müavini Tadeusz Kosçinski çıxış etdi. Dedi ki, məhz Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda ən etibarlı və perspektivli tərəfdaşlarından biridir. Polşa Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Bu baxımdan son aylar ərzində hökumətlər səviyyəsində müxtəlif görüşlər keçirilmişdir. Biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığımızı qurmuşuq. Nazir müavini qeyd etdi ki, biz Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasəti öyrənirik. Bilirik ki, bu siyasət bütövlükdə ölkə iqtisadiyyatının şaxələndirilməsinə, xüsusən də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəldilib. Diqqətə çatdırıldı ki, Azərbaycan iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir sıra addımlar atmışdır. Sərmayələrin qoyuluşu üçün Azərbaycanda münbit şərait yaradılmışdır. Bu baxımdan, həmçinin stimullaşdırıcı tədbirlər də görülüb ki, məhz investorlar cəlb edilsin, güzəştli kreditlərin verilməsi yolu ilə bu kimi iştirakçıların sayı çox olsun.
İş adamı bildirmişdir ki, biznes forumda çıxış edən Polşa Respublikasının Prezidenti Andjey Duda da ölkəmizin inkişafını yüksək qiymətləndirmişdir:
“O dedi ki, Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır. Bu baxımdan biz Azərbaycan ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinə xüsusi önəm veririk. 2016-cı ildə təxminən 100 milyon ABŞ dolları həcmində ticarət dövriyyəmiz olmuşdur. Polşa Prezidentinin Azərbaycan şirkətlərinin ölkələrinə gəlməsini və sərmayələr yatırmalarını istəməsi son illər respublikamızda istehsal olunan yerli məhsullara olan diqqətdən qaynaqlanmışdır. Axı, son illər bizim iş adamlarının rəhbərlik etdikləri şirkətlərin məhsulları “Made in Azerbaijan” brendi kimi xarici bazarlarda çoxlu sayda müştərinin diqqətini cəlb edir”.
Azərbaycan Prezidentinin biznes forumdakı çıxışının böyük maraq doğurduğunu vurğulayan Vəfa xanım qeyd etdi ki, tədbirdə səsləndirilən fikirlərin polşalı iş adamlarının ölkəmizə sərmayə qoymalarına böyük ümid yaratdığı aydınca hiss olunurdu. Respublikamızın rəhbəri qeyd etdi ki, “Ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri – siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır”.
V. Muradzadə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 150-dən çox, o cümlədən Azərbaycandan 60-dan artıq iş adamının iştirak etdiyi biznes forumda ölkəmiz haqqında yüksək fikirlərin səsləndirilməsini maliyyə və iqtisadi böhran zamanında bütün sahələr üzrə inkişafın qeydə alınması və yerli məhsullarımızın dünya bazarlarında müştərilərin diqqətini cəlb etməsi ilə əlaqələndirdi. İş adamı əminliklə bildirdi ki, bu tədbirdən sonra polşalı sahibkarlar Azərbaycanda fəaliyyətlərini daha da genişləndirmək barədə düşünəcəklər.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.