Müsahibimiz “Xəzər” Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru Qüdrət Kərimovdur.
{nl}
— Martın 12-də Dənizkənarı Milli Parkda yenicə istifadəyə verilmiş Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda son altı ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi potensialının tam hərəkətə gətirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmiş sahibkarlara göstərilən dövlət qayğısı və s. barədə ətraflı söhbət getmişdir. Bir alim və iş adamı olaraq, sizin də bununla bağlı fikirlərinizi bilmək maraqlıdır...
{nl}
— Son altı ilin sosial-iqtisadi uğurlarının əldə olunmasında Azərbaycanın davamlı və tarazlı tərəqqisinə yönəldilmiş birinci regional inkişaf proqramı mühüm rol oynamışdır. 2004-2008-ci illəri əhatə edən həmin proqramın icrası ölkəmizin sürətli inkişafını reallaşdırmış, regionların sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə yaxşılaşdırmışdır. Bununla belə, dövlət başçımız cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, həyat öz yerində dayanmır, qarşıya yeni vəzifələr çıxır, problemlər meydana gəlir, onların həlli isə yeni, daha mükəmməl proqramların qəbulunu və həmin sənədlərin uğurla icra edilməsini tələb edir. Məhz bu məqsədlə də ötən il aprelin 14-də ikinci regional Dövlət Proqramı qəbul edildi. Yeri gəlmişkən, cənab İlham Əliyev birinci regional inkişaf proqramının icrasına daim diqqət yetirdiyi kimi, ölkənin sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramına da xüsusi əhəmiyyət verir, adı çəkilən mühüm dövlət sənədinin reallaşdırılması istiqamətində görülmüş işləri ciddi nəzarətdə saxlayır. Məhz elə bunun nəticəsidir ki, ötən bir il ərzində Azərbaycanın bütün regionlarında istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, müasir standartlara cavab verən sosial obyektlərin inşası istiqamətində xeyli iş görülmüşdür. İkinci regional Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti ilə şəxsən tanış olmaq istəyən cənab İlham Əliyev bir il ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş və 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur...
{nl}
— Qüdrət müəllim, ayrı-ayrı çıxışlarınızda da bildirmisiniz ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunması vacib şərtlərdəndir.
{nl}
— Dövlət başçısı İlham Əliyevin son 6 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz həmin reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral tarixdə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət daşımışdır. Dövlət proqramı regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir.
{nl}
Dövlət proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarət olmuşdur. Proqram əsasında Azərbaycan hökuməti 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu sayda yeni iş yerlərinin açılmasını təmin etmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisini, yeni yolların çəkilişini və əsaslı bərpasını nəzərdə tutmuşdur. Proqramda əksini tapmış bu tədbirlər insan amilinin yüksəlişinə, mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda təşəkkül tapmasına zəmin yaratmışdır.
{nl}
Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər rayonlarına, o cümlədən Bakı kəndlərinə səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalamışdır. Cənab İlham Əliyev beş ildə respublika regionlarının bütün rayonlarına 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
{nl}
Dövlət proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. 2004-2009-cu illər ərzində ümumi daxili məhsul istehsalının həcmi 2,8 dəfə artaraq onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 3 milyard dollar artaraq 20 milyard ABŞ dollarını ötmüşdür. Bu göstərici ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir.
{nl}
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat vermişdir. Azərbaycan Prezidenti xüsusi vurğulamışdır ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır: “Regionların inkişafına dair ikinci proqramın nəticəsi bu olmalıdır ki, Azərbaycanda bütün infrastruktur dünya səviyyəsinə çatsın və Avropa Birliyinin meyarlarına bərabər olsun. Bu, bütövlükdə bizim siyasətimizin əsasıdır. Avropa Birliyi ilə qonşuluq siyasətinə başlayanda, məhz bu məqsədi qarşımıza qoymuşduq ki, beş il ərzində Azərbaycanda mümkün olan bütün meyarlar Avropa Birliyinin meyarlarına uyğunlaşdırılsın. İstər siyasi məsələlər, siyasi sistem, istərsə də iqtisadi, regional, infrastruktur baxımından Avropa Birliyinin təcrübəsi çox müsbətdir və əlbəttə, əgər biz növbəti illərdə buna nail olsaq, demək olar ki, qarşımıza qoyduğumuz əsas məsələləri həll etmiş olarıq. Ona görə çox vacibdir ki, növbəti proqramda məhz bu meyarlar əsas götürülsün və proqramın icrası üçün lazımi tədbirlər görüləcəkdir”.
{nl}
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması nəzərdə tutulur.
{nl}
Dövlət proqramında müəyyənləşdirilmiş məqsədlərin gerçəkləşdirilməsi baxımından ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca istiqamətləri hesab olunur.
{nl}
— Birinci regional Dövlət Proqramında olduğu kimi, ikincidə də sahibkarlığın inkişafına xüsusi önəm verilir...
{nl}
— “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.
{nl}
Əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq yeni mərhələdə də həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.
{nl}
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılmışdır. Təsadüfi deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli kreditlər verilmiş, güzəştli kreditlərdən yararlanan iş adamlarının sayı 2100-ü ötmüşdür. 2009-cu ildə sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2008-ci ilin analoji göstəricisindən 1,5 dəfə çoxdur.
{nl}
Güzəştli kreditlərlə təmin olunmuş sahibkarlıq subyektlərinin 99,2 faizinin regionlarda yerləşməsi də bölgələrin inkişafına xidmət edən kompleks siyasətin əyani təzahürüdür.
{nl}
— Dövlət başçısı yuxarıda adı çəkilən konfransda son illər Azərbaycanda sənayeləşmə siyasətinin də uğurla həyata keçirilməsini vurğulamışdır.
{nl}
— Müasir dövrdə hər bir ölkənin sabit və davamlı iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft hasilatının aşağı düşməsi təqdirdə Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılmasını təmin etmək məqsədilə 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasına qərar vermişdir. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin etməlidir.
{nl}
Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş İttifaq dövründə olduğu kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər. Burada söhbət həm də sahibkarlıq fəaliyyətinin daha da stimullaşdırılması baxımından ölkəmizdə həyata keçirilən səmərəli tədbirlərdən gedir...
{nl}
{nl}
Söhbəti yazdı: Vaqif BAYRAMOV, “Xalq qəzeti”
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.