Aydın Səfixanlı: Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar vardır

ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü, eləcə də XXIV Beynəlxalq Xəzər Neft və Qaz-2017 sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlamışdır. Həmin məktublarda ABŞ-ın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə ciddi önəm verilir.  Mövzu ilə bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı fikirlərini bildirib:

Azərbaycan Respublikasının xarici siyasət strategiyasının prioritet istiqamətləri sırasında ABŞ-la ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi mühüm yer tutur. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələrini 1992-ci ilin 28 fevral tarixində qurmuş və yüksələn xətt üzrə inkişaf etdirmişdir. Bu günə kimi, iki ölkə arasında 80-dək sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində isə Azərbaycan üzrə işçi qrupu” fəaliyyət göstərir.

Bu gün Azərbaycan–ABŞ əlaqələri bir sıra mühüm istiqamətlərdə strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu istiqamətlərə təhlükəsizlik, enerji və iqtisadi sahələri aid etmək olar. Azərbaycan beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə hərtərəfli dəstək verməkdədir. Son dövrlər ölkəmiz terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparılmasında səylərini gücləndirmiş və şübhəli terrorçuları həbs və mühakimə etmiş, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının fəal iştirakçısı kimi, regionda çoxsahəli təhlükəsizlik münasibətlərini inkişaf etdirmişdir. Azərbaycan, İraq, Əfqanıstan və Kosovodakı NATO və müttəfiq əməliyyatlarına davamlı kömək göstərmişdir.

ABŞ və Azərbaycan Qərblə Şərq arasında əlaqələr yaratmış mühüm strateji enerji layihələrində uzun müddətdir ki, tərəfdaşlıq edirlər. ABŞ Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub” qaz dəhlizini dəstəkləyir, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu gün Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi üçün də böyük imkanlar vardır. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə ünvanladığı iki məktubda ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına geniş imkanların olduğu bir daha yüksək səviyyədə vurğulanmışdır. Hesab edirəm ki, güclü Azərbaycan-ABŞ tərəfdaşlığı bu gün həmişə olduğundan əhəmiyyətlidir və daha da inkişaf etdirilməlidir.

Öz məktublarında Azərbaycanı “Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı” adlandıran Prezident Donald Tramp həm terrorizmə qarşı mübarizədə, həm də qlobal təhlükəsizliyi möhkəmləndirmək, nəhəng enerji layihələrində birgə əməkdaşlıq və tərəfdaşlıq məsələlərində ölkəmizin önəmini qeyd etmişdir. Həmçinin Prezident Donald Tramp ABŞ-ın regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk qrupu vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini də öz məktubunda vurğulamışdır.

Əlbəttə, bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan müəyyən qədər sərinliyin aradan qaldırılması, ölkələrimiz arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bunun davamı olaraq son günlər Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi saytında ABŞ-ın dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatının yerləşdirilməsi də yeni mərhələyə keçən isti münasibətlərin növbəti davamı kimi qiymətləndirilməlidir. Öz bəyanatında dövlət katibi Amerika xalqı adından 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdıraraq qeyd edir: “ABŞ ilə Azərbaycan güclü tərəfdaşlardır, ölkələrimiz uzun illərdir enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, demokratik prinsiplər əsasında dialoq qurur. Ramazan ayının başlanması, müsəlman aləmində ilk parlamentli respublikanın qurulmasının 99 illiyi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm”.

Bundan əlavə, Amerika Birləşmiş Ştatları xalqın fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəklədiyini deyən Reks Tillerson ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiq olduğunu diqqətə çatdırır. Məktubda, həmçinin bildirilir ki, ABŞ gələcək illərdə Azərbaycan ilə əlaqələrin bütün sahələrində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Əlbəttə, bütün bunları nəzərə alaraq demək olar ki, yaxın perspektivdə Azərbaycan və ABŞ dövlətləri arasında mədəni, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında