Umud Mirzəyev: Azərbaycan – ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 28 May - Respublika Günü, eləcə də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlamışdır. Həmin məktublarda ABŞ-ın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə ciddi önəm verilir.

Hər iki ölkənin tanınmış politoloqları və ictimai-siyasi ekspertləri  bunu iki dövlət arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi dəyərləndirirlər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, beynəlxalq ekspert, politoloq Umud Mirzəyev bu barədə fikirlərini redaksiyamızla bölüşmüşdür:

– ABŞ  dünyanın ən inkişaf etmiş fövqəlgücə malik dövlətidir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-la münasibətlərini həmişə düzgün, qarşılıqlı əməkdaşlıq prinsiplərinə uyğun şəkildə qurmağa çalışmışdır. Azərbaycan dövlətinin hədəflərindən biri də əsasən ABŞ-la münasibətlərin normal məcrada davam etdirilməsi olmuşdur. Amerika Birləşmiş Ştatları dünyanın aparıcı və eyni zamanda, demokratik dövlətidir. Vaşinqtonun  rəsmi Bakı ilə münasibətlərini müxtəlif cür dəyərləndirmək olar. Hesab edirəm ki, ABŞ-la Azərbaycanın münasibətləri həmişə normal olmuşdur. Azərbaycanın fundamental problemlərinin həllində ABŞ söz, fikir sahibi ola bilər. Bunu biz yaxşı anlayırıq. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın mövqeyi bizim üçün vacibdir. Azərbaycan gənc, müstəqil dövlətdir. Təbii ki, gənc dövlətin problemlərinin də olması normaldır.

1990-cı illərin əvvəllərində təəssüflər olsun ki, ABŞ-da “Azadlığa dəstək” aktına 907-ci düzəliş adlı qərarın qəbul edilməsi Azərbaycanın bir növ əlini-qolunu bağlayır. Bu, erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Əvəzində düşmən, işğalçı Ermənistanın bir sıra imtiyazlara layiq bilinməsi, əlbəttə ki, Azərbaycana mənfi təsirsiz ötüşmədi. Lakin hazırda vəziyyət başqa cürdür.

ABŞ-ın bugünkü Prezidenti bir sıra ekspertlər tərəfindən “sürpriz prezident“ hesab edilən Donald Tramp  seçki zamanı öz iradəsini ortaya qoymuş  on milyonlarla ABŞ vətəndaşının seçimidir. Əlbəttə, bundan sonra ABŞ-ın siyasətində dəyişikliklər olması  gözləniləndir. Bu gün Azərbaycanla  ABŞ-ın həm iqtisadi, həm siyasi, qlobal layihələrdə birgə, tərəfdaş kimi iştirakı var və bunu prezident Donald Tramp da yaxşı bilir. Şübhəsiz ki, biz də öz növbəmizdə istərdik ki,  Azərbaycanın bir sıra problemlərinin həllində ABŞ  dəstəyini əsirgəməsin və bizim əməkdaşlığımız daha möhkəm istiqamətdə inkişaf etsin. Xüsusilə “Cənub” qaz dəhlizinin reallaşmasında Azərbaycan və ABŞ münasibətlərinin qlobal təhlükəsizlik konteksində güclənməsi ehtimalı böyükdür.

Hər halda hər iki ölkənin öz maraqları çərçivəsində bu beynəlxalq layihəyə verəcəyi töhfələr var.  Həmin prinsiplər bu məktublarda da öz əksini tapıb. Vurğulanıb ki, ABŞ Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub” qaz dəhlizini qətiyyətlə dəstəkləməkdə davam edir, həmçinin Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır.

ABŞ, eyni zamanda, Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab etməklə yanaşı, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Məktublarda Azərbaycanı Amerika Birləşmiş Ştatlarının vacib tərəfdaşı adlandıran ABŞ Prezidenti birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını və Azərbaycan xalqının yanında olduğunu, eləcə də, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoqa üstünlük verildiyi vurğulayıb. Bu baxımdan, indi ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu deyə bilərik.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında