Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il 2 iyun tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq etmişdir. Bununla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov söhbət zamanı dedi:
– Sənəd Azərbaycanın beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, həmçinin biznes mühitinin daha yaxşılaşdırılması, kreditlərə əlçatanlığın artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın müxtəlif sahələrində prosedurların sadələşdirilməsi kimi vacib islahatların dərinləşdirilməsinə gətirib çıxaracaq.
Burada diqqəti bir neçə məqama yönəltmək istərdim. Əvvəla deyim ki, maliyyə bazarlarını inkişaf etdirmək və kreditlərin əlçatanlığını artırmaq baxımından kreditlərə müraciət zamanı sənəd daşınmaz əmlakla yanaşı, daşınar əmlakın da girov kimi təqdim olunmasına imkan yaradır. Daşınan əmlak ilə fəaliyyətə başlayacaq reyester xidməti məlumatların şəffaf və açıq şəkildə paylaşdırılmasını asanlaşdırmaqla bərabər, təkcə istehlak deyil, həm də biznes kreditlərinə əlçatanlığın artmasını reallaşdıracaq.
Tədbirlər planına əsasən, fiziki və hüquqi şəxslər üçün şəffaf, eyni zamanda, əlçatan olan, bütün ölkəni, habelə aktivləri əhatə edən onlayn reyestrin yaradılması nəzərdə tutulur. Ona görə də daşınar əmlakın girov kimi təqdim edilməsi kreditlərdən faydalananların sayının artmasna və eləcə də maliyyə resurslarından daha səmərəli istifadəsinə imkan verəcək.
Sözügedən plana görə, ölkəmizdə özəl kredit bürolarının yaradılması prosesinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur ki, bu da kreditlərə əlçatanlığın təmin edilməsi baxımından çox vacib islahatdır. Borcluların məlumatları əsasında onların kredit reytinqinin hesablanması prosesinin dövlət tərəfindən dəstəklənməsi də bu istiqamətdə həyata keçiriləcək islahatlar sırasındadır.
Sənədə əsasən, bank sisteminin kapitallaşdırılması və likvidliyin təmin olunması, fəaliyyətə xitam verilməsi və müflisləşmə məsələlərinin həlli sahəsində islahatlar aparılması və eləcə də Azərbaycanda lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə çıxışının asanlaşdırılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, bankların likvidliyinin təmin edilməsi bank sektoruna inamın artırılması baxımından olduqca vacibdir. Bununla yanaşı, forvard, fyuçers, opsion, svop, faktorinq kimi alətlərdən istifadə olunması bankların gəlirliliyinə təsir göstərməklə bərabər, qiymətli kağızlar bazarının da inkişafını stimullaşdıracaq.
Maliyyə xidmətlərinə əlçatanlığın artırılması baxımından ən vacib islahatlardan biri də tədbirlər planına əsasən, kiçik və orta sahibkarlar üçün kreditlərə zəmanət fondunun yaradılmasıdır. Belə fondun formalaşdırılması sahibkarların kreditlərə əlçatanlığını artırmaqla yanaşı, bank risklərinin də sığortalanmasına xidmət edəcək. Bu mexanizm kiçik və orta sahibkarlıq subyektləri üçün təqdim edilən kreditlərə fond tərəfindən zəmanət verilməsinə şərait yaradacaq. Bununla da sahibkarlar sözügedən zəmanətdən yararlanmaqla, kreditlərdən daha səmərəli faydalana biləcəklər, banklar isə kiçik və orta sahibkarlar ilə əməkdaşlıqda maraqlı olacaqlar.
Tədbirlər planında investorların maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi və banklararası pul bazarında aktivliyin artırılması səhm bazarının inkişafının əsas istiqamətlərindən hesab edilir. Başqa sözlə, post-neft dövrünün çağırışlarına uyğun olaraq ölkəmizdə səhm bazarının inkişafı daha prioritet sayılır. Ona görə də belə bir bazarın inkişafı bank sistemi ilə yanaşı, real sektorda kooperativ idarəetmənin inkişafına və daxili maliyyə mənbələrindən daha yaxından faydalanmağa imkan yaradacaq.
Bankların dayanıqlığının artırılması məqsədilə reallaşdırılacaq islahatlar likvidliyin gücləndirilməsi, qeyri işlək aktivlərin restrukturizasiya planının hazırlanması tədbirləri ilə bərabər, bankların hesabatlılığının gücləndirilməsini, o cümlədən, bu sektorda şəffaflığın genişləndirilməsini də əhatə edir.
Tədbirlər planında digər vacib məqam dövlət sektorunda qərarların qəbulunda şəffaflığın daha da gücləndirilməsi ilə bağlıdır. Belə ki, adıçəkilən sənədə əsasən, yeni dövlət qərarlarının, qanunvericilik aktlarının mahiyyətinin qısa əks olunduğu, istifadəçilər üçün daha asan və əlçatan onlayn resursların yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, hər bir dövlət qurumu öz fəaliyyəti ilə bağlı qərar və aktların izahını sadə, anlaşıqlı dildə ictimaiyyətə təqdim edəcək. Bu zaman həmin şərhlər internet vasitəsilə yayılacaq və hər bir vətəndaşın, o cümlədən, sahibkarların həmin məlumatlara maneəsiz əlçatanlığı təmin olunacaq.
Büdcə konsolidasiyasının davam etdirilməsi post-neft dövrünün çağırışlarına uyğun olaraq büdcə xərcləmələrində səmərəliliyin artmasına imkan verəcək. Bu, eyni zamanda, xərcləmələrin mövcud gəlirlilik səviyyəsinə uyğunlaşdırılması baxımından vacibdir. Funksional və təşkilati xərc maddələri üzrə büdcə xərclərinə tavanların tətbiqi isə büdcə xərcləmələrində səmərəliliyin daha da yüksəlməsinə gətirib çıxaracaq.
Sənəd ölkəmiz üçün strateji əhəmiyyət daşıyan dövlət borclarının idarəedilməsi sisteminin daha da təkmilləşdirilməsini də nəzərdə tutur. Belə ki, dövlət borcunun idarə edilməsi və aşağı səviyyədə saxlanılması məqsədilə qısa, orta və uzunmüddətli dövr üçün dövlət borcunun idarə edilməsi strategiyası işlənib hazırlanacaq. Bu isə dövlət borclarının arzuolunan səviyyədə saxlanması və idarəedilməsinin daha da təkmilləşdirilməsi baxımından mühüm önəm daşıyan islahatdır.
Neft gəlirlərindən istifadəni tənzimləyəcək fiskal qaydaların qəbulu da sənəddə nəzərdə tutulur. Gözlənilir ki, bu, daha çox Norveç modelində nəzərdə tutulduğu kimi, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərdə yeni qaydaların müəyyənləşdirilməsinə səbəb olacaq. Bu isə dövlət gəlirlərinin formalaşmasında neft sektorundan asılılığın azaldılması baxımından vacibdir.
Tədbirlər planında, həmçinin işçilərin əmək hüquqlarının qorunması da mühüm istiqamətlərdəndir. Belə ki, işçilərin sayı və ya ştatları ixtisar olunduqda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl ən azı iki aylıq rəsmi xəbərdarlıq müddətilə əlaqədar tələbin iş stajı ilə bağlı diferensiallaşdırılması qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iş stajından asılı olaraq işçinin bu kontekstdə hüquqları müəyyənləşəcək. Eyni zamanda, işsizlikdən sığorta sisteminin tətbiqi və inkişafı da əsas islahatlardan biridir.
Sənədə əsasən, iş stajından asılı olaraq işdənçıxarma müavinətinin diferensiallaşdırılması, işsizlikdən sığorta sisteminin tətbiq edilməsi, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta aylıq əməkhaqqının işsizlikdən sığorta ödənişi ilə əvəz edilməsi ilə bağlı yeni qanunvericilik aktının hazırlanması, mövcud qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi həyata keçiriləcək. Bu isə işdən azad olunan işçilərin bu sığortadan yararlanmasını, yeni iş tapanadək sosial müdafiəsinin gücləndirilməsini reallaşdıracaq.
Beynəlxalq praktikaya uyğun olaraq, məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçi ilə işəgötürən arasında nisbətlərə yenidən baxılması, işəgötürənin payının bu nisbətdə mərhələlərlə azaldılması və işçinin payının artırılması nəzərdə tutulub. Belə ki, mövcud qanunvericiliyə əsasən 22 faizlik sosial ödəniş işəgötürən tərəfindən həyata keçirilir. Bu isə bir sıra hallarda işəgötürənin işçi ilə əmək müqaviləsi bağlamağa stimullaşdırmır. Nəticədə gizli mühasibatlığın yaranmasına səbəb olur. Bu ödənişlərin inkişaf etmiş dövlətlərdə olduğu kimi, işəgötürən ilə işçi arasında mərhələli şəkildə bölüşdürülməsi əmək müqavilələrinin bağlanmasına stimul yaradacaq.
Tədbirlər planına əsasən, vergi ödənişlərinin sayının 6-dan 5-ə endirilməsi həyata keçiriləcək ki, bu da vergi ödəyiciləri üçün prosedurların daha da asanlaşmasına səbəb olacaq. Eyni zamanda, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması üzrə elektron müraciətdən istifadə edə biləcək. Bu isə həmin vəsaitlərin vergi ödəyicisinə ödənilməsi mexanizminin təkimilləşdirilməsinə və sadələşdirilməsinə imkan verəcək.
Sənəd Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunmasını da nəzərdə tutur. Bu isə Avropa qanunvericiliyinə uyğunlaşdırma ilə əlaqədar müddəaların qanunvericilikdə təsbit olunması ilə yanaşı, yerli bazarda rəqabətin müdafiəsi və gücləndirilməsi baxımından olduqca vacib islahatdır.
Elektrik təchizatı şəbəkəsinə qoşulmaq üçün prosedurların sayının 7-dən 3-ə qədər azaldılması da tədbirlər planına daxildir. Eyni zamanda, yeni islahatlardan sonra elektrik şəbəkəsinə qoşulma müddəti 69 gündən 25 günədək azaldılacaq. Bu da vətəndaşların daha qısa zamanda elektrik şəbəkəsindən istifadə etməsinə səbəb olacaq.
Tikintiyə icazə sisteminin də sadələşdirilməsi tədbirlər planında əks olunmuşdur. Hazırda tikintiyə icazə almaq üçün 18 prosedurdan keçməklə 203 gün tələb olunur. İslahatlardan sonra prosedurların sayının 10-dək, tələb olunan vaxtın isə 80 günə endirilməsi nəzərdə tutulur. Bu həm prosedurların azaldılması, həm də elektron xidmətlərdən istifadə hesabına baş verəcək.
Tədbirlər Planında səhiyyə, təhsil sektorunda islahatların dərinləşdirilməsi daxil olmaqla əksər iqtisadi sferalarda innovativ yeniliklərin tətbiqi nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycan Prezidentinin imzaladığı yeni sənəd post-neft dövrünün çağırışlarına uyğun olaraq islahatların dərinləşdirilməsində yeni mərhələ kimi qiymətləndirilir.
Söhbəti hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.