Azıx paleolit düşərgəsində aparılan tədqiqatlar dünya arxeologiyasına və Qarabağın ən qədim tarixinə gur işıq salır

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda dünya şöhrətli Azıx paleolit düşərgəsinin aşkar edilməsinin 50 illiyinə həsr olunmuş "Qarabağ daş dövründə" adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq konfransda Azərbaycan alimləri ilə bərabər Rusiya, Ukrayna, Almaniya və Gürcüstan tarixçiləri də iştirak etmişlər. Daş dövrünün ayrı-ayrı problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransda 20-dən artıq elmi məruzə dinlənilib müzakirə olunmuşdur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun elmi məclis barədə təəssüratı:
- Beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960-1987-ci illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət qalıqlarının dünya arxeologiyasına, antropologiyasına, paleocoğrafiyasına, paleontologiyasına və paleozoologiyasına verdiyi elmi töhfələr haqqında geniş söhbət açmaq, onların xarakterik xüsusiyyətlərini şərh etmək, düşərgədən tapılmış ayrı-ayrı arxeoloji mədəniyyətlərə aid əmək alətlərinin dünya arxeologiyasında tutduğu yeri müəyyən etmək idi.
2002-ci ildən başlayaraq bəzi erməni mənşəli "arxeoloqlar" Azıx paleolit düşərgəsində apardıqları səviyyəsiz, kortəbii qazıntılar haqqında dünya elmi ictimaiyyətinə yanlış məlumat verməklə çaşqınlıq yaratmağa cəhdlər göstərirlər. Təxribatla tarixi saxtalaşdırmaq cinayətdir. Dünyanın tərəqqipərvər alimləri onları pisləyirlər. Bu qanunsuzluqların və özbaşınalıqların bəşər sivilizasiyasına qarşı cinayət olduğunu bildirmək abidənin sahibi olaraq bizim borcumuzdur. Dünya alimləri də, bizim haqlı olduğumuzu yaxşı bilirlər.
M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyasının Azıx paleolit düşərgəsində apardığı qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur. Bununla bərabər, aparılan arxeoloji qazıntılar zamanı Azıx qədim insan düşərgəsinin ayrı-ayrı arxeoloji mədəniyyətlərinə aid təbəqələrindən 10 mindən artıq daş məmulatı, ocaq yerləri, ibtidai tikinti yeri və bir milyondan artıq ovlanmış heyvan sümüyü tapılmışdır.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli guşəsində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərindən 16 km şimal-qərbdə Tuğ çökəkliyində yerləşir.
Paleolit arxeoloji ekspedisiyasının Qarabağın dağlıq ərazisində apardığı elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə həyat üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Məlum olmuşdur ki, hələ 2-3 milyon il bundan əvvəl Quruçay və Köndələnçay vadisində mülayim iqlim şəraitində yaşayan heyvanlar mövcud olmuşdur. Eyni zamanda, Quruçay vadisində Azıx və Tağlar düşərgələri yerləşən ərazidə ibtidai insanların əmək alətləri hazırlamaları üçün xammal mənbəyi də mövcud olmuşdur. Quruçay vadisi kvars, kvarsit, felzit, yaşma, çaxmaq və digər daşlarla zəngin olmuşdur.
Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı kobud çapma alətləri, kobud qaşovlar, kub formalı alətlər və digər əmək alətləri ilə yanaşı, tək-tək daşlaşmış heyvan sümükləri tapılmışdır. Texniki və tipoloji xüsusiyyətlərinə görə dünyanın heç bir paleolit abidəsində belə alətlər tapılmamışdır. Ona görə də düşərgənin VII-X təbəqələrindən tapılmış maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir. Quruçay arxeoloji mədəniyyəti 2,5 milyon il bundan əvvəl başlayıb və 8 yüz min il bundan əvvəl sona çatmışdır.
Arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay arxeoloji mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra Qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı Qədim aşel mədəniyyətinə aid 2 mindən artıq daş məmulatı və 500 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır. Elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Azıx düşərgəsində Qədim aşel dövrü 800 min il əvvəl başlayıb və 350 min il əvvəl sona çatmışdır.
- Azıx paleolit düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta və son aşel mədəniyyətinə aid daş məmulatı və 100 minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır.
- Azıx paleolit düşərgəsində tapılmış maddi mədəniyyət qalıqlarının ibtidai insanın meydana gəlməsi, inkişaf etməsi və formalaşmasının ayrı-ayrı mərhələlərini tədqiq etməkdə müstəsna elmi əhəmiyyəti vardır. Məhz buna görə də dünyanın aparıcı arxeoloqları və paleoantropoloqları Azıxdan tapılmış maddi mədəniyyət qalıqlarının elmi tədqiqinə və təbliğinə xüsusi diqqət yetirirlər.
-1978-ci il sentiyabrın 12-də sovet - Fransa çöl arxeoloji seminarı iştirakçılarının Tbilisi şəhərində keçirilən elmi konfrasda M.M.Hüseynov, D.V.Hacıyev, M.M.Məmmədov və Ə.Q.Cəfərovun Azıx paleolit düşərgəsinin maddi mədəniyyət qalıqlarına aid məruzələri dinlənilmişdir. Elmi konfrans iştirakçıları Azıxdan tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji elmi materialların tədqiqinə yüksək qiymət vermişlər. Azıx paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının nümunələri hələ 1981-1982-ci illərdə Parisin İnsan muzeyində təşkil olunmuş "Avropanın ilk sakinləri"adlı sərgidə nümayiş etdirilmiş və orada düşərgə haqqında elmi məqalə çap olunmuşdur.
1981-ci ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətində Azıx tapıntılarına həsr edilmiş xüsusi elmi məruzə dinlənilmişdir. 1984-cü ildə YanYenilexin Çexoslovakiyada çap olunmuş "Antropologiya" jurnalında Azıx paleolit düşərgəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqları haqqında geniş məqaləsində dərc olunmuşdur. 1998-ci ildə Fransanın dünya şöhrətli professoru Anri dö-Lümley Parisdə fransız dilində çap olunmuş "İlk insanlar"adlı kitabında Azıx paleolit düşərgəsindən tapılmış qədim insan çənəsi haqqında məlumat vermiş və onun dünya arxeologiyası və paleantropologiyasında yüksək yer tutduğunu qeyd etmişdir.
Son 50 ildə Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə aid 15-dən artıq monoqrafiyası və 200-dən çox elmi məqaləsi çap olunmuşdur. Azıx paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatların nəticələri dəfələrlə dünyanın görkəmli aexeoloq, antropoloq, paleontoloq və digər tədqiqatçıları tərəfindən beynəlxalq elmi konfransda müzakirə edilmişdir.
Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları arxeoloji tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət yüksək qiymət verir. Son 50 ildə Fransa, Rusiya, Ukrayna, İtaliya, Almaniya, Amerika, Gürcüstan, Latviya, Moldova, Hindistan və digər ölkələrin alimləri Bakıya gələrək Azıx paleolit düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqlarının elmi tədqiqi ilə yaxından tanış olmuş, arxeoloji tapıntıların Azərbaycan alimləri tərəfindən yüksək peşəkarlıqla tədqiq edildiyini qeyd etmişlər.
2001-ci ildən başlayaraq Azərbaycanda paleolit problemləri üzrə aparılan elmi tədqiqat işləri beynəlxalq xarakter almışdır. Respublikamızın ərazisində olan paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqları bəşər sivilizasiyasının ayrı-ayrı mərhələlərini öyrənmək üçün mühüm elmi əhəmiyyətə malikdir. Məhz bunu əsas tutan Azərbaycan, Fransa, İtaliya, İspaniya, Rusiya və Gürcüstan alimləri Qafqaz ərazilərində olan paleolit düşərgələrindən tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji materialları arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq etmişlər. Paleolit dövründə yaşamış ibtidai insanların hazırladıqları əmək alətlərinin texniki tipiloji xüsusiyyətləri, düşərgələrin xarakteri, abidələrin strateqrafiyası tədqiq olunmuşdur. Neandertal tipli insanların inkişaf edib homo sapiens, yəni kamil isanlara çevrilməsinin xarakterik xüsusiyyətləri araşdırılmışdır. Eyni zamanda, paleolit dövrü insanlarının həyat tərzi, mənəvi aləmi və ovçuluq təsərrüfatının əsas cəhətləri tədqiq olunmuşdur. Qeyd olunanlarla bərabər Azərbaycan, Avropa və Qafqaz ərazilərində yaşamış neandertal tipli insanların oxşar və fərqləndirici əlamətləri araşdırılmış, Azərbaycanda yaşamış ibtidai insanların Avropada yaşamış ibtidai insanlarla əlaqələri və miqrasiya prosesləri tədqiq olunmuşdur.
- Azərbaycan arxeoloqları son illərdə beynəlxalq tədbirlərdə də fəallıq göstərirlər...
- Sözsüz. Yuxarıda bu məsələyə ötəri toxunduq. Azərbaycan müstəqillik qazanandan sonra alimlərimiz fəallaşıblar. Belə ki, 2002-2003-cü illərdə Fransanın Totavel şəhərində keçirilən beynəlxalq arxeoloji konfranslarda Ə.Q.Cəfərov "Azərbaycanın paleolit düşərgələri" adlı elmi məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan ərazisində olan paleolit düşərgələrində tapılmış maddi mədəniyyət qalıqlarının xarakterik xüsusiyyətləri şərh olunmuşdur. Çoxtəbəqəli Azıx, Tağlar və Qazma paleolit düşərgələrinin arxeoloji tapıntılarının Qafqaz və Yaxın Şərqin paleolit abidələri arasında tutduğu yer elmi faktlarla təhlil olunmuşdur.
Beynəlxalq "İNTAS-2000" proqramına uyğun olaraq, Fransa, Rusiya, İtaliya, İspaniya, Gürcüstan alimləri Ə.Q.Cəfərovun dəvəti əsasında 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıya gələrək çoxtəbəqəli Azıx, Tağlar və Qazma, Şuşa, Buzeyir və digər paleolit düşərgəsinin maddi mədəniyyət qalıqlarının elmi tədqiqi ilə məşğul olmuşlar. Avropa alimlərindən Anri dö-Lümley, Mariya Antuanetta dö-Lümley, David Lordkipanidze, Medeya Nioradze, A.Vekua, Ciakobini, Sala, Karbonelli və başqaları Azərbaycanda daş dövrü üzrə aparılan arxeoloji tədqiqat işlərinə yüksək qiymət vermiş və respublikamızın paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə malik olmasını yekdilliklə bildirmişlər.
Ə.Q.Cəfərovun Avropa alimləri ilə 2001-2005-ci illərdə birgə apardığı elmi tədqiqatlar nəticəsində Azıx paleolit düşərgəsində ibtidai insanların 2,5 milyon il bundan əvvəl məskunlaşması arxeoloji mənbələr əsasında sübuta yetirilmişdir. Azıx düşərgəsindəki Quruçay arxeoloji mədəniyyətinin Qafqaz və Yaxın Şərqdə ən qədim mədəniyyət olması müəyyən edilmişdir.

{nl}

Müsahibəni qələmə aldı: İsaq ƏMƏNULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında