ABŞ-da yeni dövlət başçısı Donald Trampın fəaliyyətə başlamasından sonra bu ölkə ilə Azərbaycan arasında münasibətlərdə kifayət qədər istiləşmə müşahidə edilməkdədir. Bunu son bir həftə ərzində Prezident Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktubla müraciət etməsi də sübut edir. ABŞ dövlət başçısının məktublarında rəsmi Vaşinqtonun Azərbaycanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək niyyəti açıq-aşkar ifadə olunub. Təbii ki, Azərbaycan da dünyanın aparıcı dövləti olan ABŞ-la münasibətlərin daha yüksək məqamlara qalxmasında maraqlıdır. Bununla bağlı siyasi icmalçı Yasin Qaraməmmədlinin fikirlərini təqdim edirik:
– ABŞ kimi dünyanın bir nömrəli dövlətinin ali rəhbəri tərəfindən istənilən ölkəyə, o cümlədən də bizim kimi əhalisinin sayına, ərazisinə görə dünya dövlətləri sırasında hardasa orta mövqedə duran bir ölkəyə diqqət yetirilməsi təqdirəlayiq hadisədir. Amma dövlətlərin sanbalı, dünya siyasətinə təsiri heç də həmişə onların ərazisi, əhalisinin sayı ilə ölçülmür. Əsas məsələ onların geosiyasi vəziyyəti, dünya proseslərinə təsir imkanı, həm də qloballaşan dünyamızda iqtisadi imkanı, dünyanın üzləşə biləcəyi böhranlardan, çətinliklərdən çıxmaqda rolu məsələsidir. Bu baxımdan yanaşanda Azərbaycanın nüfuzunu artıra bilən obyektiv amillər kifayət qədərdir və şübhəsiz ki, ABŞ-ın yeni rəhbərliyi tərəfindən nəzərə alınır.
Birincisi, ölkəmizin iqtisadi potensialı, karbohidrogen daşıyıcılarımız, neft və qazımız ölkəmizi Birləşmiş Ştatlar, xüsusən də onun müttəfiqi Avropa İttifaqı üçün qlobal səviyyədə vacib tərəfdaşa çevirir. ABŞ Prezidenti Donald Trampın hər iki müraciətində və əlavə edək ki, mayın 21-də 55 İslam ölkəsi başçısının Ər-Riyad görüşündə bəyan etdiyi fikirlər diqqətəlayiqdir. Bununla yanaşı, qeyd etməliyəm ki, münasibətləri inkişaf etdirmək səyi həm Bakıdan, həm də Vaşinqtondan gəlir. Bu, birinci müsbət cəhət kimi qiymətləndirilməlidir. Azərbaycanın geosiyasi vəziyyəti, Avropa və Asiyanın qovuşağında yerləşməsi, Böyük İpək Yolu, Şimal-Cənub xətti ölkəmizi böyük loqistik mərkəzə çevirir. Əlbəttə, dünya bunun əhəmiyyətini dərk edir.
Prezidentimiz İlham Əliyev mayın 26-da Buta sarayında keçirilən qəbulda çox yerində qeyd etdi ki, Azərbaycanın xarici siyasətinə təsir göstərmək istəyən qüvvələr az deyil və xüsusi vurğuladı ki, indi də var. Ancaq Prezident qəti şəkildə onu da bildirdi ki, biz belə hərəkətlərə və avantüralara qoşulmayacağıq, biz yalnız əməkdaşlıq xəttini davam və inkişaf etdirəcəyik, milli mənafeyimizə cavab verən əməkdaşlığa qoşulacağıq.
Təbii ki, Donald Tramp da öz ölkəsinin milli maraqları baxımından çıxış edir. ABŞ-ın fundamental prinsipləri var: Birləmiş Ştatların əbədi, daimi mənafeləri var. Arzu edərdik ki, qarşılıqlı münasibətlərin bugünkü uyğunluğu daha fundamental səciyyə kəsb eləsin. Prezident Trampın məktublarında söhbət Azərbaycanın bu ölkənin Avropa müttəfiqləri üçün əhəmiyyətindən gedir. Hər halda zəhmətimiz də, sərvətimiz də hədər getmir. ABŞ Prezidentinin fikirləri bu baxımdan qiymətlidir.
Amma bizim üçün daha vacib problem – Ermənistanın Azərbaycana təcavüzü məsələsi var. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə demişdi ki, bu münaqişənin həllində bizə hardan kömək gələrsə, yalnız və yalnız minnətdar olarıq. Bu mənada, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ-dan bu məsələdə daha kəsərli kömək gələcəksə, biz ona minnətdar olarıq. Amma aradan 20 ildən çox vaxt keçir və biz həqiqətən istəyirik ki, münaqişənin həlli istiqamətində ciddi hərəkət baş versin. Bununla yanaşı, qeyd edim ki, ulu öndərimizin müəyyən etdiyi siyasi platforma bundan ibarətdir ki, Azərbaycan bütün yaxın-uzaq qonşuları ilə tarazlaşdırılmış balanslı siyasət aparmalıdır. Sevindirici haldır ki, həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.