Əməkdaşlıq daha da intensivləşir

Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

– Elman müəllim, son vaxtlar baş verən hadisələr bir daha təsdiqləyir ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri artıq yeni müstəviyə qədəm qoyur. Prezident Donald Trampın bir həftə ərzində Azərbaycan Prezidenti İlham Əliyevə  2 məktub ünvanlamasına münasibətinizi bilmək maraqlı olardı.

– ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın  Respublika Günü və Bakıda 24-cü Beynəlxalq  Xəzər Neft və Qaz sərgisinin və konfransının keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubları, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın  birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirməsi böyük siyasi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, ABŞ- ın xarici siyasəti ikipartiyalı xarici siyasət kursudur. Prinsip etibarı ilə strategiya dəyişmir, yəni Amerikanın fövqəldövlət statusunu qoruyub saxlamaq əsas hədəfdir, lakin bununla bərabər, taktiki gedişlər müxtəlif olur. Bu nöqteyi-nəzərdən Donald Trampın ən azı dördillik ilkin hakimiyyəti dövründə öz sələfindən fərqli taktiki baxımdan addımlar atacağını söyləmək mümkündür. Təbii ki, mən ABŞ-ın son  illərdəki strategiyasına bir daha qayıtmaq istəməzdim, ancaq  təkcə bir faktı xatırladıram. Sabiq Prezident Barak Obamanın 2009-cu ildə Qahirə Universitetindəki məşhur çıxışının ardınca “ərəb baharı” başlandı və bütün müsəlman aləmində nələrin, hansı siyasi kataklizmlərin baş verdiyi hər kəsə bəllidir. Bu reallıqda ABŞ-ın yeni Prezidentinin ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq siyəsətinə imtina ilə bağlı mövqe irəli sürməsi Azərbaycan tərəfini də razı salıb və dövlətimizin başçısı bu məsələyə öz mövqeyini ifadə edərək, Donald Trampın bu siyasətini təqdir və müdafiə etdiyini bildirib.

– ABŞ Prezidentinin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki ölkə arasında münasibətlərin yeni müstəviyə qədəm qoyacağını əks etdirən xüsusi məqamlar aydın şəkildə özünü büruzə verir.

– Tamamilə doğrudur. ABŞ Prezidentinin həm müstəqilliyimizin 99-cu ildönümü, həm də Bakıda Beynəlxalq  Xəzər Neft və Qaz sərgisinin və konfransının keçirilməsi ilə əlaqədar ünvanladığı məktublarda diqqəti cəlb edən bir sıra məqamlar var ki, məhz bu da ABŞ-ın Azərbaycan siyasətində yeni  mərhələnin başlanması ilə bağlı fikir söyləməyə əsas verir. Donald Tramp 28 May Respublika Gününü mühüm tarix adlandırıb. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin 99 illik tarixini mühüm tarix kimi qiymətləndirir. Bu, çox vacib məqamdır. İkincisi, ABŞ Prezidentinin təbrik məktubunda diqqəti cəlb edən məqamlardan biri də odur ki, o, Azərbaycanı Birləşmiş Ştatların çox dəyərli tərəfdaşı hesab edir. Hesab edirəm ki, bu, artıq  iki ölkə arasında siyasi münasibətlərin xarakterinə verilən ən yüksək qiymətdir. İkinci, bu məntiqdən çıxış edərək, həmin məktubda çox vacib bir neçə  tezis əksini tapıb. Bunlar hansılardır? ABŞ-ın dövlət başçısı Azərbaycan Prezidentinə ünvanladığı həmin məktubda qeyd edir ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları beynəlxalq terrorizmə qarşı birgə səylə çalışırlar. Fikir verirsinizmi, ABŞ Azərbaycanla birgə səyindən bəhs edir. Nəzərə alaq ki, bir çox hallarda müsəlman dövlətlərini beynəlxalq terrorizmi himayə edən, dəstəkləyən ölkə kimi dünyaya təqdim edirlər. Belə yalançı, uydurma ittihamların dəfələrlə şahidi olmuşuq. Ancaq ABŞ Prezidenti açıq mətnlə  qeyd edir ki, Azərbaycan Amerika ilə birlikdə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Bəli, biz müsəlman ölkəsiyik, beynəlxalq terrorizmə qarşı birlikdə mübarizə aparırıq.

– ABŞ Prezidentinin məktubunda Avropanın enerji təminatındakı Azərbaycanın rolu da öz əksini tapıb.

– Bəli, bu, bir həqiqətdir. Ancaq bu həqiqətin dünyanın fövqəldövlətinin rəhbərinin dilindən eşitmək böyük əhəmiyyət kəsb edir. Bunun xüsusi isbata ehtiyacı yoxdur ki, bu gün Azərbaycan Avropa üçün yeganə alternativ enerji mənbəyidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, xüsusilə ABŞ ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirilir. Təbii ki, “Cənub” qaz dəhlizi ilə bağlı məqamlar diqqətdə saxlanılır. Birləşmiş Ştatlar Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini dəstəkləyib. Bu gün isə açıq şəkildə  “Cənub” qaz dəhlizini dəstəklədiyini bəyan edir. Hər kəsə bəllidir ki, bu layihə Avropanın ən böyük, XXI əsrin meqalayihəsidr. Bunun 40 milyard dollardan artıq qiyməti var. Bu layihənin mahiyyəti ABŞ Prezidenti üçün tamamilə aydındır. Məhz ona görə də bu layihəni dəstəkləyir. Çünki bu, ilk növbədə enerji təhlükəsizliyi, enerji şaxələndirməsi və ən başlıcası, azad rəqabət  layihəsidir. Azərbaycan Prezidenti öz fəaliyyəti ilə bütün dünyaya sübut etdi ki, enerji və siyasət bir-birindən ayrı ola bilər. Enerji və siyasət bir-birindən ayrı olanda hədəfə çatmaq mümkün olur.

Bugünlərdə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və Azərbaycan Prezidenti ilə görüşü, bu zaman səsləndirilən fikirlər, xüsusilə, dövlətimizin başçısına “Həm  bizim enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyiniz şəxsi töhfəyə görə minnətdarıq”– deməsi bu qənaətə gəlməyə əsas verir ki, Bakı – Vaşinqton münasibətlərinin bundan sonra dinamik inkişafı üçün yeni imkanlar pəncərəsi açılır. Əslində, ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısına ünvanladığı məktubunda Azərbaycanla münasibətlərin  bu günü və gələcəyi ilə bağlı çox  vacib tezis irəli sürüb. Qeyd edib ki, münasibətlərimizi inkişaf etdirmək üçün ilk növbədə təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratiya prinsiplərinə əsaslanmaqla, dialoq siyasətini davam etdirmək vacibdir. Bu nöqteyi-nəzərdən Dövlət Departamentinin yüksək rütbəli xanım məmurunun mövqeyi bir daha onu göstərir ki, Azərbaycanın ABŞ üçün bir neçə istiqamətdə həlledici rolunu yeni administrasiya çox gözəl dərk etməyə başlayıb. Birincisi, bizim təhlükəsizliyə və beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfələr dəfələrlə öz təsdiqini tapıb. Bundan savayı, Azərbaycanın enerji sferasındakı fəaliyyəti artıq hər kəsə bəllidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, ilk dəfə 2016-cı il fevralın 29-da “Cənub” Qaz Dəhlizi Məşvərət  Şurasının birinci toplantısında yekun bəyanatda ABŞ da olmaqla 12 imza var idi. Bu, o, deməkdir ki, artıq bu layihə reallığa çevrilib. Bütün bunlar bir daha təsdiqləyir ki, ABŞ Cənubi Qafqazın lideri olan Azərbaycana bir əyalət kimi baxmır. Deməli, yeni administrasiya Azərbaycanla bundan sonra təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq və siyasi dialoq sahəsində münasibətlərə yenidən baxmaq və inkişaf etdirmək niyyətini ortaya qoyur.

– Ölkələrimiz arasındakı münasibətlərin yeni müstəviyə qədəm qoyması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa dəyişikliyə gətirib çıxara bilərmi? Axı, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir.

– ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı məktub qısa mətnli olsa da, orada hər bir ifadənin çox böyük mənası var. Hazırda bütün dünyaya da bəllidir ki, Azərbaycanın tutduğu yol, dövlət başçımızın müəyyənləşdirdiyi xarici siyasət kursu bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərdir. Rəsmi Vaşinqton bunun fərqindədir və görür ki, Azərbaycanın atdığı istənilən addım ölkənin milli maraqlarına söykənir və tərəfdaş ölkələrin maraqları nəzərə alınır. ABŞ Administrasiyası çox yaxşı bilir ki, bu gün Azərbaycan dünyada ictimai-siyasi sabitliyin davamlı olmasına görə nümunəvi dövlətdir. Bu sabitlik inzabati amirlik hesabına yox, “hakimiyyət-xalq” vəhdətindən, xalqın Prezidenti dəstəkləməsindən yaranıb. Bütün bunlar ona dəlalət edir ki,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ABŞ-ın yeni  Administrasiyası üçün önəmli məsələdir. Məktubda bir abzasın münaqişənin sülh yolu ilə, tezliklə həll olunmasından bəhs etməsi də bundan xəbər verir. Bu nöqteyi-nəzərdən regionda xüsusi maraqları olan  Birləşmiş Ştatların Qafqaz siyasətində münaqişənin həlli məsələsi ön plana çıxarıla bilər.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,

Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında