Yarıməsrlik şərəfli yol

Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olur

Həmsöhbətimiz sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli Röya xanım Tağıyevadır.

– Röya xanım, uzun illərdir Xalça Muzeyində çalışmısınız, bu nadir incəsənət məbədinin yaranması tarixi barədə nə deyə bilərsiniz?

– Əvvəlcə onu deyim ki, bu gün – iyunun 1-də Azərbaycan Xalça Muzeyinin 50 yaşı tamam olur.   Mən çox xoşbəxtəm ki, indi muzey yeni, gözəl məkanda, xalçalarımız isə artıq “öz evindədir”, muzeyin ekspozisiyası müasirdir və bu gün də onun fəaliyyəti uğurla davam edir.

Azərbaycan Xalça Muzeyi 1967-ci ildə yaradılmışdır və elə həmin ildən də mən muzeydə çalışmağa başlamışam. Mən 50 ilədək  bu müəssisədə işləmişəm, onun 34 ilini,1982-ci ildən 2016-cı ilədək,  muzeyin direktoru vəzifəsində çalışmışam. Əvvəllər Xalça Muzeyi İçərişəhərdəki Cümə məscidində, müstəqillik illərindən başlayaraq isə Muzey Mərkəzində fəaliyyət göstərmişdir.

Milli mədəniyyətimizin ayrılmaz hissəsi olan xalça sənəti Azərbaycan xalqının əsrlər boyu yaratdığı, qoruyub saxladığı, nəsillərdən-nəsillərə sevə-sevə ərməğan etdiyi məxsusi sənət növüdür. Eyni zamanda, xalça  ümumbəşəri mədəniyyəti zənginləşdirmiş, dünya dəyərləri sırasına daxil olmuşdur.

1967-ci ildə yaradılmış Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinədək tam həcmdə fəaliyyət göstərə bilmirdi. Muzeyin təşəkkülü və inkişafında Heydər Əliyevin qeyri-məhdud maliyyə yardımını  nəzərdə tutan fərmanın mühüm rolu oldu. Muzeyə lazımi yardımın göstərilməsi haqqında bu fərmanı xalçaçılığın bütün incəliklərini dərindən duyan, eyni zamanda  xalçaçılıq sənətinin, onun qədim mənbələrinin əhəmiyyətini uzaqgörənliklə dəyərləndirən bir insan imzalaya  bilərdi. Bu fərman Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələrinin geniş miqyasda muzey fondunda cəmləşdirilməsinə imkan yaratdı. Rayonlara, kəndlərə, qəsəbələrə göndərilmiş ekspedisiyalar gözəl nəticələr verdi, muzeyin fondları zənginləşdi. Bu dövr, demək olar ki, Azərbaycan xalça sənətinin intibah dövrü idi.

– Bəs muzeyin açılışı nə vaxt olmuşdu?

-1972-ci il sentyabrın 27-də muzeyin təntənəli açılış mərasimi keçirildi. Mərasimdə çıxış edənlər muzeyin açılışının respublikada xalq yaradıcılığına göstərilən böyük qayğının təzahürü olduğunu, bu sənət xəzinəsinin Azərbaycanın zəngin xalq yaradıcılığının  sonrakı  inkişafına kömək edəcəyinə əminliklərini ifadə etdilər. Muzeyin əməkdaşları və qonaqlar üçün ən əlamətdar hadisə açılışda  ulu öndərimiz Heydər Əliyevin iştirak etməsi oldu.

Həmin tədbirdə çıxış edən ulu öndər Heydər Əliyev Azərbaycan  xalçasının dəqiq təsnifatını vermiş, xalçaların bu və ya digər məktəbə aid olmasından, süjetli xalçaların tarixindən danışmış, qədimi xalçaların ornamentini, koloritini, kompozisiyasını müasir nümunələrlə müqayisə etmişdi. Dinləyicilər yalnız onun xalçaları peşəkar xalçaçılardan da yaxşı bildiyinin deyil, həm də xalçaçılıq sənətinə, onun qədim tarixinə böyük hörmət bəslədiyinin şahidi oldular.

Açılış zamanı muzeyin XVIII-XX əsrlərə aid 200-ə qədər xalça nümunələri olan 4 zalı var idi. Bu, zəngin topluların yalnız bir hissəsi idi. Ziyarətçilər Azərbaycanın məşhur xalçaçılıq məktəblərinə məxsus xovsuz xalçalar - sumax, zili, şəddə, palaz, kilim və süjetli, ornamental xalçaları ilə tanış oldular. Zallarda qədim zamanlardan bəri Azərbaycanda hər bir ailənin məişətində geniş istifadə olunan xalça məmulatları, məfrəş, heybə, eləcə də müxtəlif çeşidli qızıl, gümüş bəzək əşyaları, gümüş üzərində qara mina, güləbətin, ağac, metal, mis üzərində oyma, mis qab nümunələri nümayiş etdirilirdi.

Adətən bu cür  sənət nümunələrinin  axtarılması, yığılması və alınması üçün uzun illər sərf olunur. İncəsənətə daim dəyər verən Heydər Əliyevin sayəsində isə həmin zəngin kolleksiya çox qısa vaxt ərzində toplanmışdı. Buna görə əminliklə demək olar ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşəkkülündə Heydər Əliyevin xidməti əvəzolunmazdır.

– Siz, muzeyin işində ilk günlərdən  onun yaradılması, formalaşması və  müasir dövrdə yeni həyat, yeni nəfəs almasında iştirak etmisiniz. Muzeyin ilk addımları haqqında nə deyərdiniz?

–  Muzeyin yaranmasından danışarkən, ilk növbədə, Azərbaycanın mədəniyyət və incəsənət xadimi, görkəmli rəssam və xalçaçılıq sənəti sahəsində elmi tədqiqatların əsasını qoyan  Lətif  Kərimovun xidmətlərini xüsusilə qeyd etmək lazımdır.  Çünki, hər bir böyük işin arxasında, böyük şəxsiyyət, onun əməyi durur. Cəsarətlə deyə bilərəm ki,  Azərbaycan Xalça Muzeyinın yaranması məhz Lətif Kərimovun zəhməti nəticəsində mümkün olmuşdu.

Belə bir muzeyin yaradılması hələ 40-cı illərdən Lətif müəllimin böyük arzusu olmuşdu. Onu da qeyd edim ki, dünyada ilk Xalça Muzeyi məhz Azərbaycanda yaradılmışdı. Bu arzunun gerçəkləşməsi üçün o, çox çalışmış, çox iş görmüşdür. Elə ona görə də muzeyin yaranmasının təşəbbüsçüsü və yaradıcısı olan Lətif Kərimov ömrünün sonuna qədər Azərbaycan Dövlət Xalça və Tətbiqi Sənət Muzeyinin hamisi, elmi məsləhətçisi  olmuşdur.

Ondan sonra xalça muzeyləri İranda, Türkmənistanda, Türkiyədə də yaradıldı. Muzeyin ilk direktoru, bacarıqlı təşkilatçı, sənətsevən Əziz Bala oğlu Əliyev olmuşdu. O, muzeyə 1982-ci ilədək uğurla rəhbərlik etmişdir.

Mən də ilk gündən burada çalışaraq, müzeyin təşkilinin, kolleksiyanın toplanmasının şahidi olmuşam. İlk eksponatların toplanması, sistemləşdirilməsi, ilk ekspozisiyanın qurulması, ilk alıcı komissiyasının təşkili və kadrların hazırlanması  yaxşı yadımdadır.  Onu da qeyd etmək istəyirəm ki,  alınan ilk xalçamız Qarabağ xalçası olmuşdur...

Muzey yaradıldığı  gündən  beynəlxalq səviyyəli elmi mərkəz kimi fəaliyyət göstərirdi. 1983-cü ildə Bakıda Şərq Xalça Sənəti üzrə I və 1988-ci ildə II Beynəlxalq simpoziumların keçirilməsində də Lətif Kərimovun rolu əvəzsiz idi. Ənənəvi olaraq 2003-cü ildə Bakıda III  Simpozium və 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Xalça Sənəti üzrə IV Beynəlxalq Simpozium isə Parisdə UNESCO-nun iqamətgahında keçirilmişdir. 

“Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” 7 dekabr 2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında ölkə Prezidentinin fərmanına uyğun olaraq, xarici ölkələrdə saxlanılan Azərbaycan xalçalarının vətənə qaytarılması ilə əlaqədar apardığı mühüm işlərin nəticəsində 2013-cü ildə ABŞ-ın Şərq Xalçası və Tekstili üzrə Çikaqo Cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki qədim Azərbaycan xalçası onun həyat yoldaşı Beverli Şilts tərəfindən muzeyə hədiyyə edilib. XVII əsrə aid “Əjdahalı” (Qarabağ xalçası) və XIX əsrə aid “Salyan xiləsi” (Şirvan xalçası) xalçalarının Azərbaycana təqdim olunması bu kompozisiyalı xalçanın və həmçinin onun çeşnisi əsasında toxunmuş digər xalçaların Azərbaycan xalçası kimi təsdiqini tapmasında mühüm rol oynamışdır. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olmuşdur. Onu da qeyd etmək vacibdir ki, Azərbaycanda rəsmi olaraq ilk muzeydir ki, məhz XVII əsrə aid xalça əldə etmişdir. Bu hadisə beynəlxalq aləmdə həqiqətən də xüsusi rezonans doğurmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il martın 6-da Azərbaycan Xalça Muzeyinin yeni binasının tikilməsi barədə sərəncam imzalanmış, 2014-cü ildə isə muzeyin yeni binasının möhtəşəm açılışı  keçirilmişdir.  Azərbaycan Xalça Muzeyinin yeni binasının tikilməsi fəaliyyətimizə yeni həyat, yeni nəfəs verib. Biz çalışdıq ki, yeni ekspozisiya da müasir memarlıq quruluşuna uyğun gəlsin, müasir və çoxfunksiyalı olsun. Orada ayrıca bərpa laboratoriyası, kitabxana, insanlar üçün istirahət yerləri və s. mövcuddur. Hazırda muzey Azərbaycanın bir neçə min xalça və xalça məmulatından ibarət böyük kolleksiyayaya malikdir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin oktyabr ayında Bakıda Azərbaycan xalçasına həsr olunmuş V Beynəlxalq Simpoziumun keçirilməsi yeni məkanda nəzərdə tutulur.

– Bildiyimiz kimi, Azərbaycan Xalça Muzeyində Şuşa filialı da fəaliyyət göstərir. Bu barədə məlumat verə bilərsinizmi?

–Sözsüz ki, Qarabağ xalçaları, Şuşanın işğalı günündən xüsusi təcavüzə məruz qalıb. İşğalçılar tərəfindən mənimsəmək istədikləri Azərbaycan xalçaları, ceşnilərin qorunması, təbliği və tədqiqi sahəsində muzey və onun əməkdaşları fədakarlıq göstərmişlər.

1987-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Şuşa şəhərində açılmış Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ”Şuşa muzeyi” filialı əfsuslar olsun ki, erməni hərbi təcavüzü nəticəsində fəaliyyətini 1992-ci ildə dayandırmışdır. İşğal ərəfəsində yuxarı təşkilatdan göstəriş gözləmədən, rəsmi icazəsiz, məsuliyyəti öz üzərimizə götürərək, filialda olan eksponatların təxliyə olunması təşkil edilmişdir və bunun nəticəsində Şuşa filialında saxlanılan eksponatlar - 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatları, 39 ədəd zərgərlik nümunələri, 29 ədəd parça və tikmə Bakıya gətirilmişdir. Eksponatları Bakıya gətirən muzey işçiləri, sözün əsl mənasında, cəsarət göstərmişlər. Bu gün xilas edilmiş Şuşa filialı muzeyi Azərbaycan Xalça Muzeyində öz fəaliyyətini davam etdirir.

– Ümumiyyətlə,  Azərbaycan xalça sənətinə bu gün xarici ölkələrdə münasibət necədir?

- Demək lazımdır ki, dünyanın bir sıra məşhur muzeylərində nümayiş etdirilən Azərbaycan xalçaları, təəssüf ki, “İran xalçası”, “Qafqaz xalçası” adları ilə təqdim olunur. Muzey beynəlxalq miqyasda nüfuzlu elmi-tədqiqat mərkəzi kimi tanındığı üçün elmi araşdırmalar və əsaslandırılmış sübutlarla xarici ölkələrdə olan muzeylərdəki Azərbaycan xalçalarına dəqiq, düzgün atribusiyalar verilməsinə, sərgilərin təşkili və kataloqların çap edilməsinə nail olmuşdur.

Belə ki, 2007-ci ilin may ayında Boqdan və Varvara Xanenko adına İncəsənət Muzeyinin Şərqşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Ukraynanın İslam incəsənəti kolleksiyasının kuratoru, fəlsəfə elmləri namizədi Anna Rudak həmin kolleksiyada mühafizə olunan XVIII-XX əsrin əvvəlinə aid 10 ədəd Azərbaycan xalçasının atribusiyasının verilməsi ilə bağlı muzeyə müraciət etmiş və nəticədə təqdim olunan fotoşəkillər əsasında həmin xalçaların atribusiyası, dəqiq tarixi və işlənmə texnikası müəyyənləşdirilmişdir. Bu məlumatlar əsasında Boqdan və Varvara Xanenko adına İncəsənət Muzeyi “Azərbaycan – Odlar və Xalçalar yurdu” adlı sərgi üçün “Azərbaycan kilimləri” adlı kataloq dərc olunmuşdur.

2009-cu ildə muzey tərəfindən İsveçrədə keçiriləcək sərgidə nümayiş üçün Almaniyada şəxsi qalereyada saxlanılan 36 ədəd  Azərbaycan xalçası və xalça məmulatlarının elmi atribusiyası verilmişdir. 

Muzeyə əşyaların dəqiq atribusiyası ilə bağlı müxtəlif ölkələrdə yaşayan şəxsi kolleksionerlər tərəfindən də müraciətlər olunub. Belə ki, tanınmış Amerika alimi Raul Çebul muzey ilə daim əlaqə saxlayır və dəfələrlə keçə məmulatları, tekstil və cecimlərin elmi xarakteristikası ilə bağlı müraciət etmiş və ona lazımi məlumatlar verilmişdir.

Azərbaycan xalça sənəti də bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Xalqımız öz ənənələrini və mədəniyyətini misilsiz xəzinə kimi əziz tutmuş və qayğı ilə qoruyub saxlamışdır.

Dünya sivilizasiyasının mənəvi-mədəni sərvətlərinə sanballı töhfə vermiş Azərbaycan xalçaçılıq sənəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  səyi nəticəsində 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir.

Müsahibəni qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında