İƏT-in Baş katibi: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif ­ Əl-Osaymin AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Cənab Baş katib, Siz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-də keçirilən açılış mərasiminin iştirakçıları arasında idiniz. İlk növbədə bu mərasimlə bağlı təəssüratlarınızı bölüşmənizi istərdik. Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

– Hər şeydən əvvəl məni bu möhtəşəm tədbirə dəvət etdiyi üçün zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanı açılış mərasiminin və ümumiyyətlə, bütün tədbirin uğurla keçməsi münasibətilə təbrik edirəm.

Açılış mərasimi möhtəşəm idi. Mən musiqiyə, rəqslərə, kreativliyə heyran qaldım, hər şey heyrətamiz idi. Mən tarixin və müasirliyin harmoniyasını, müsəlman dünyası üçün bu gün çox güclü mesaj olan həmrəylik mövzusunu çox bəyəndim. İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasından olan idmançıları yarışmaq üçün deyil, həmçinin tamaşaçıları və kütləvi informasiya vasitələrini müsəlman dünyasının həmrəylik və dəstəyini göstərmək və öz zəngin mədəniyyəti və fərqli adət-ənənələri olan xalqları bir araya gətirmək üçün çox vacib tədbirdir. Bizim gənclərimizə ilham vermək və onları ruhlandırmaq da çox vacibdir. Düşünürəm ki, bizim müsəlman dünyasını enerji, istedad və tolerantlıq dolu göstərən bu cür istər idman, istər mədəniyyət tədbirlərimiz daha çox olmalıdır.

– Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib. İslam aləminin bir çox problemlərlə, çağırışlarla üzləşdiyi bir zamanda Sizcə, Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü müsəlman dünyası üçün nə kimi müsbət nəticələr verəcək?

– Bu gün müxtəlif problemlərlə, münaqişələrlə üzləşən müsəlman dünyasının əvvəlkilərdən daha çox həmrəyliyə ehtiyacı var. Buna görə də biz zati-aliləri Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi kimi müdrik qərarını həm İslam dünyası ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj və Azərbaycanın İƏT-ə üzv dövlətlər arasında həmrəylik və əməkdaşlığı genişləndirmək marağının təcəssümü hesab edirik. Buna görə də “İslam Həmrəyliyi ili”nin elan olunması bizim dinimizin prinsipləri və ənənələrinə əsaslanan bütün ideyalara töhfə verəcək və dünyanın qalan hissəsinə İslam ümmətinin sülh və həmrəylik yolu ilə necə idarə edilə biləcəyinə dair əhəmiyyətli mesaj göndərir. Bu yaxınlarda Bakının ev sahibliyi etdiyi, üç mindən çox idmançının bir araya gəldiyi, İslam dünyasını birləşdirən maraqlı multiidman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları da bunun konkret nümunəsidir.

Yeri gəlmişkən, qeyd edim ki, İslam Həmrəyliyi Oyunları yalnız idman tədbiri deyil, bu, həmçinin “İslam Həmrəyliyi ili”nin arxasındakı idealları gerçəkləşdirməyə xidmət edir. Bu, insanları müsbət və konstruktiv şəkildə birləşdirən bir hadisədir. Bizim İslam dünyasında bu birliyə ehtiyacımız var. İƏT-ə üzv dövlətlərdən olan idmançılar və onların nümayəndələri Bakıda bir-biri ilə sıx əlaqələr qurdular və bütün dünyaya bizim həmrəyliyimizin əhəmiyyətini nümayiş etdirdilər. Onu da xatırlatmaq lazımdır ki, Oyunlar “Həmrəylik bizim gücümüzdür” devizi altında keçirildi.

– Siz Bakıda, həmçinin Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışınızda xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin vacib rol oynadığını vurğuladınız. Azərbaycan bu baxımdan da dünyaya nümunə kimi göstərilir. Artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb. Bununla bağlı fikrinizi eşitmək istərdik. Ümumiyyətlə, sivilizasiyalararası dialoqun inkişafında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

– Sualınızda bildirdiyiniz kimi, əlbəttə ki, xalqlar arasında birliyin gücləndirilməsində mədəni müxtəlifliyin rolunun əhəmiyyəti böyükdür. Biz düşünürük ki, bir-birini tanıması və onlar arasındakı əlaqələri inkişaf etdirə bilməsi məqsədilə müxtəlif xalqları və nəsilləri dialoq üçün bir platformada bir araya gətirməyin böyük əhəmiyyəti var. Bu kontekstdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları dünya gündəliyində vacib məsələlərdən olan mədəniyyətlərarası dialoq baxımından mühüm platformadır. İƏT Azərbaycanın xalqlar arasında dialoqun gücləndirilməsində və inkişafında rolunu yüksək qiymətləndirir. Bu təşəbbüsə dəstəyin təzahürü olaraq, Baş Katiblik 2011-ci ildən bəri keçirilən dörd forumumun hamısında iştirak edib. Bundan əlavə, Azərbaycan ötən il maraqlı tərəfdaşların mədəniyyətlərarası dialoq üçün toplaşdığı BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna də uğurla ev sahibliyi edib. Bütün dünyaya qucaq açan bu tədbir sivilizasiyalar arasında dialoqu irəli aparmaqda Azərbaycanın açıq-aydın rolunu nümayiş etdirən başqa bir fəaliyyətdir. Biz yaxşı məlumatlıyıq ki, Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olub. Azərbaycan əsrlərdən bəri bütün etnik qrupların və dinlərin nümayəndələrinin sülh və ahəngdarlıqda yaşadığı multietnik, çoxkonfessiyalı ölkədir. Onun coğrafiyası, tarixi və inkişafı göstərir ki, mədəniyyətlərarası dialoq ölkənin tarixinin ən mühüm aspektlərindən biridir. Həmçinin Azərbaycan tərəfindən bu davamlı səylər sülh şəraitində birgəyaşayışa, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa müsbət töhfələr verir.

– Son zamanlar ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafı ilə bağlı gələcəkdə hər hansı bir strategiyanın, yaxud qlobal layihənin hazırlanması nəzərdə tutulurmu?

– İƏT-ə üzv dövlətlər arasında turizm sektorunun inkişafı təşkilatın müxtəlif proqramlarının məqsədlərinə nail olunmasına yönələn birbaşa kursu ilə möhkəm bağlıdır. 2000-ci ildə keçirilən turizm nazirlərinin birinci İslam Konfransından bəri turizmin inkişafı ilə bağlı nazirlərin doqquz konfransının, bir çox ekspert qruplarının görüşlərinin, seminarların təşkili İƏT-in gündəliyində turizm sahəsində əməkdaşlıq fəaliyyətlərinə daha böyük əhəmiyyət qazandırıb. Azərbaycan üzv dövlətlər arasında turizm sektorunun inkişaf etdirilməsində də böyük rol oynayır. Azərbaycan Respublikası 2006-cı ildə İƏT-ə bütün üzv dövlətlərin turizm potensialının təqdim edildiyi turizm nazirlərinin beşinci İslam Konfransına ev sahibliyi edib. Eləcə də İƏT-ə üzv dövlətlər arasında turizmin inkişafı və bu sahədə əməkdaşlıq üçün çərçivənin qəbul edilməsi üzv dövlətlər arasında turizm sektorunun yüksəlişi üçün mühüm plandır. Adıçəkilən çərçivə İƏT məkanında turizmin inkişafının təşviqi və bu sahədə birgə regional layihələrə üstünlük verilməsi məqsədini daşıyır. Bu mexanizm İƏT-ə üzv dövlətlər arasında turizm infrastrukturunun inkişafının vacib sahələrində insan kapitalının inkişafını və standartları göstərməklə həmrəyliyi gücləndirmək məqsədi daşıyır. Sevindirici haldır ki, İƏT Şəhər Turizm Mükafatı üzv dövlətlərin turizm sektoru arasında getdikcə daha da populyarlaşır. Mən Azərbaycanın müvafiq qurumlarını yeni turizm istiqamətlərinin yaradılması, eləcə də həmin şəhərlərə investisiyanın cəlb edilməsi məqsədilə 2019-2020-ci il üçün namizəd şəhərlərini Şəhər Turizm Mükafatına təqdim etməyə dəvət edirəm.

– Bu ay ərzində iki dəfə Azərbaycanda səfərdə oldunuz. Sizdə ölkəmiz, onun insanları barədə nə kimi təəssüratlar yarandı?

– Azərbaycan İƏT-in əsas üzv dövlətidir və füsunkar təbiəti, gölləri, dağları ilə çox gözəl ölkədir. Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malikdir, insanları qonaqpərvərdir. Ölkədə müasir otellər, restoranlar fəaliyyət göstərir. Böyük turizm potensialına malik bu ölkədə ənənələrə və İslam irsinə dəyər verilir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında