XİN: Xocalı aeroportundan turizm səyahətləri adı altında uçuşlar həyata keçirmək planları Ermənistanın növbəti təxribatıdır

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub. 

Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.

Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır.

Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan olunması, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı məqsədi daşıyır. 

Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında