Fazil Mustafa: Rusiya Ali Məhkəməsinin qərarı müəyyən qrupların maraqlarına xidmət edir

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ali Məhkəməsinin qərarı ictimaiyyət nümayəndələrində haqlı narazılıq yaradıb. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsində, təbii ki, bu münasibətlərə xələl gətirmək istəyən müəyyən qüvvələrin rolu var. İlk növbədə ermənipərəst dairələr, həmçinin antiazərbaycan qüvvələr belə bir ədalətsiz qərarın qəbul olunmasında maraqlıdır. Ölkəmizin son illər dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və mövqeyinin möhkəmlənməsi erməni lobbisini ciddi narahat etməyə bilməzdi.

ÜAK-ın fəaliyyətinə xitam verən Rusiya Ali Məhkəməsinin qərarına münasibət bildirmək üçün Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya müraciət etdik.

Partiya sədri dedi ki, Rusiya Federasiyası Ali Məhkəməsinin bu qərarı birbaşa siyasi məsələdir. Onun fikrincə, etnik çoxluğu olan ölkələrdə mütləq ayrı – ayrı xalqların marağını nəzərə alaraq, müəyyən addımlar atılmalıdır: “Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya hakimiyyətinə də dəstək verən, bu ölkədə sabitliyin qorunmasında fəallıq göstərən bir qurumdu. Bu qurumun dövlət qeydiyyatının ləğv edilməsi müəyyən dairələrin Azərbaycana birbaşa təzyiq vasitəsidir. Rusiyada elə qüvvələr var ki, bu ölkənin də maraqlarına ziyan vururlar. Hesab edirəm ki, Rusiya Ədliyyə Nazirliyinin qaldırdığı iddianı təmin edən həmin qərar bu ölkədəki müəyyən qrupların maraqlarına xidmət edır. Çünki ölkəmiz hər zaman beynəlxalq təşkilatlarda Rusiyanın mövqeyini dəstəkləyib və dost münasibətini göstərib. Təəssüf ki, Rusiyadakı bəzi ermənipərəst qüvvələrin və xüsusi maraqların, həmçinin erməni diasporunun dəstəyi ilə vaxtaşırı belə hadisələrlə qarşılaşırıq”.

F.Mustafa bu qərarın Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun olmadığını vurğuladı və ikitərəfli münasibətlərə kölgə salacağına əminliyini ifadə etdi. Birinci instansiya məhkəməsinin ədalətsiz və qeyri-obyektiv qərarı növbəti Apelyasiya Məhkəməsində öz ədalətli həllini tapacağına ümidvar olduğunu dedi: “Bu səhv düzəlməsə, Rusiya və Azərbaycan arasınada bir etimadsızlıq mühiti yarana bilər. Bu isə hər iki dövlət üçün arzuolunan deyil. Onu da qeyd edim ki, burada Azərbaycanın hər hansı bir təqsiri yoxdur. Çünki bu addım Rusiya tərəfindən atılıb. Ona görə də bu səhvin aradan qaldırılmasında Rusiya hökuməti tərəfindən təşəbbüs göstərilməlidir. Bütün bunlara baxmayaraq, biz Apelyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin qeyri-obyektiv qərarının ləğv olunması üçün bütün imkanlardan istifadə etməliyik”.

“Rusiya Ali Məhkəməsinin bu qərarının Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in həmsədr dövlətlərindən biri olan Rusiyanın bu istiqamətdəki fəaliyyətinə hər hansı təsir göstərə bilərmi?” – sualını cavablandıran partiya sədri dedi: “Belə bir addımın atılması təbii ki, təzyiq vasitəsidir. Antiazərbaycan qüvvələr də bundan öz məqsədləri üçün istifadə edəcəklər. Hesab edirəm ki, Rusiya hökuməti ÜAK-ın ləğvinin böyük səhv olduğunu bilir. İnanıram ki, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edəcək”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında