Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir

Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin-Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə iddianı təmin etməklə   ədalətsizliyə yol verib.

Bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir. Belə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, sosial-iqtisadi sahələrdə səmərəli, işgüzar əməkdaşlıq əlaqələri dinamik inkişaf edib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrinin inkişafı daim diqqət mərkəzində saxlanılıb. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov söhbətinə davam edərək bu məsələdə mühüm bir məqamı da xatırlatdı. Dedi ki, ümummilli liderimiz Heydər Əliyev və möhtərəm dövlət başçımız İlham Əliyev Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması məqsədilə  bütün zəruri addımları atıblar və bu siyasət hazırda da uğurla davam etdirilir. Azərbaycan Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Mən burada diqqəti bir fakta da yönəltmək istərdim. Hazırda Rusiyada 2 milyon azərbaycanlı, respublikamızda isə 150 mindən çox rus yaşayır. Ölkəmizdə rus icmasına dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı ilə yanaşılır, onların problemlərinə həssas münasibət bəslənilir.  Bundan başqa, Rusiyanın Azərbaycanda 600-dək şirkəti fəaliyyət göstərir. Yatırılan investisiyanın həcmi 1,5 milyard dollardan artıqdır.

Onu da deyim ki, həm Rusiyada, həm də Azərbaycanda bu iki dövlətin, xalqın dostluğunu istəyənlər daha çoxdur.   Lakin  etiraf edək ki, münasibətlərə, strateji tərəfdaşlığa xələl gətirməyə cəhd göstərən qüvvələr də var. Onlar, əlbəttə,  ermənilər və ermənipərəst qüvvələrdir. Heç şübhə etmirəm ki, istər Rusiyada, istərsə də ölkəmizdə yaşayan nüfuzlu şəxslər xalqlarımız arasında belə xoşagəlməz vəziyyətə qarşı barışmaz münasibət bəsləyəcək, bu subyektiv qərarın haradan qaynaqlandığını faktlarla, sübutlarla kütləvi informasiya vasitələrində açıb göstərəcəklər. 

Respublikamıza qarşı atılan bu addım, təkrar edirəm, antiazərbaycan qüvvələrin, onların erməni diasporu ilə birbaşa işbirliyinin nəticəsidir. Heç şübhə etmirəm ki, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Amma əminəm ki, onların bu niyyəti reallaşmayacaq.

Məni ağrıdan həm də odur ki, Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Konqres  ötən illər ərzində iki ölkə arasında   sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına kömək edib, həmvətənlərimizin Rusiya mədəniyyətinə, ənənələrinə və qanunlarına uyğunlaşmaşına fəal yardım göstərib, Rusiya azərbaycanlılarının təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsi məsələlərinə diqqət yetirib. Bütün bunlardan sonra isə təəccüblüdür ki, kimlərinsə təzyiqi ilə Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edir. Bu, əlbəttə, ədalətsiz qərardır və mən inanıram ki, Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və ümid edirəm ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti bu məsələyə obyektiv, həm də ölkələrimizin mənafeyi baxımından yanaşıb öz  sözlərini deyəcəklər.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında