Rusiyanın nüfuzuna xələl gətirən ədalətsiz və qərəzli qərar

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı təkcə Azərbaycanda deyil, elə Rusiyada da narazılıq doğurub. Tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikirləri də bunu təsdiqləyir. Ədalətsiz və qərəzli hesab edilən bu qərara münasibət bildirmək üçün Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətləşdik.

– Çingiz müəllim, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyası Ali Məhkəməsinin qərarına münasibətinizi bilmək istərdik. Fikrinizcə, belə bir qərarın qəbul olunması Rusiyanın nüfuzuna xələl gətirərmi?

– Açığını deyim ki, mən belə bir qərarın qəbul olunacağını gözləmirdim. Rusiya üçün əhəmiyyətli işlər görən, əmək miqrantalarımızın bu cəmiyyətə adaptasiyasını təmin etməkdə böyük rol oynayan və bütövlükdə Rusiya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına töhfələr verən bir ictimai birliyin ləğv edilməsi həm təəccüb, həm də hiddət doğrurur. Bu qərar  cəmiyyətimizin hər bir üzvü  tərəfindən birmənalı qarşılanır və qətiyyətlə pişlənilir. Məndə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən rus icmasının üzvləri, həmçinin ölkəmizdə yaşayan ruslar və qeyri-millətlərin nümayəndələri də bu qərarı pisləyirlər. Nəzərə alsaq ki, Azərbaycan – Rusiya əməkdaşlığı son illər yüksələn xətt üzrə inkişaf edir, qonşuluq əlaqələri ildən-ilə yaxşılaşır və iki ölkə prezidentlərinin münasibətləri yaxşı mənada ən yüksək həddədir, belə bir məqamda hansısa ictimai birliyin nizamnaməsində və ya fəaliyyətində çox xırda nöqsan tapmaqla həmin qurumun dövlət qeydiyyatını ləğv etmək başadüşülən deyil. Hesab edirəm ki, artıq burada hüquqi deyil, siyasi çalarlar var. Əgər belə olmasaydı, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə əlaqədar tələm-tələsik qərar qəbul etməzdi. Ən azı, məhkəmə prosesi zamanı Rusiya Federasiyasının  Ədliyyə Nazirliyi tərəfindən  konqresdən tələb olunan məsələlərin həllinə imkan və şərait yaradıla bilərdi. Düzdür, sual oluna bilər ki, bu müddət ərzində göstərilən nöqsanlar niyə aradan qaldırılmayıb? Sənədlərin hazırlanması və müəyyən prosedurların həyata keçirilməsi üçün bəlkə də yarım il və ya bir il vaxt lazımdır. Ona görə də bu məsələnin ədalətsiz həlli, özü də ictimai birliyin dövlət qeydiyyatının ləğvi ilə bağlı qərar qəbul edilməsi qərəzdən başqa bir şey deyil.

– Bu məsələ parlamentin son iclasında da müzakirə obyektinə çevrildi.

– Bəli, parlamentin sonuncu plenar iclasında da bu məsələ geniş müzakirə olundu və deputatlar Rusiya Federasiyası Ali Məhkəməsinin bu ədalətsiz qərarına etirazlarını bildirdilər. Milli Məclisin sədri Oqtay Əsədovun tövsiyəsi ilə Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupu adından Rusiya Dövlət  Dumasına  müraciət qəbul olundu. Bununla yanaşı, bütün  qüvvəmizi səfərbər edib növbəti məhkəmə prosesi zamanı bu qərarın ləğvinə nail olmalıyıq. Bu barədə də müzakirələr aparıldı, təkliflər səsləndirildi. Qeyd edim ki, Rusiya Federasiyası Ali Məhkəməsi bu məsələyə birinci instansiya məhkəməsi səviyyəsində baxıb. Bundan sonra hələ apelyasiya  şikayəti verilmə müddəti var. Güman edirəm ki, konqres bu qərarı  əldə etdikdən sonra şikayət etmək hüququndan yararlanacaq. Rusiyada Azərbaycanın dostu, ölkəmizin inkişafını istəyən dairələr çoxdur. Onların da imkanlarından, səlahiyyətlərindən istifadə edərək bu ədalətsiz və qərəzli qərarın ləğvinə nail olmalıyıq. Mən dövlətimizin başçısının beynəlxalq aləmdə getdikcə artan nüfuzunun bu məsələnin müsbət həllində böyük rol oynayacağına da ümid bəsləyirəm. Bir faktı da qeyd edim ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Rusiyanın bəzi qurumları, strukturları, hətta bütün hakim elitası  Ermənistanın diaspor təşkilatlarının rəhbərlərinin ad günlərində, yubileylərində iştirak edir, həmin ölkənin Prezidenti təbrik məktubu göndərir. Digər tərəfdən isə Ümumrusiya Azərbaycanlıları Konqresinin  nizamnaməsində nöqtə-vergül axtarır, sonra da dövlət qeydiyyatını ləğv edir. Mən bu birtətəfli və əsassız yanaşmanı, millətlərarası ayrı-seçkiliyi qəti pisləyirəm. Qətiyyətlə deyirəm ki, Rusiya hakimiyyətində elə məmurlar var ki, onlar erməni lobbisinin təsiri altındadır və belə qərarların qəbul olunmasında müəyyən rol oynayırlar. Çox təəssüf edirəm ki, Azərbaycanla bütün sahələr üzrə sıx əlaqələri olan, mehriban qonşuluq şəraitində yaşayan, əməkdaşlığı getdikcə genişləndirən bir ölkənin – Rusiyanın Ali Məhkəməsi belə bir ədalətsiz qərar qəbul edib. Axı bu qurumun təsis konfransında Rusiyanın hazırkı Prezidenti Vladimir Putin də iştirak etmiş və öz xeyir-duasını vermişdir.

– Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə məhz Azərbaycan təşkilatına qarşı belə ədalətsiz qərar qəbul olunub?

– Hesab edirəm ki, ilk növbədə, burada siyasi çalarlar var. Ona görə də deyirəm ki, bu hüquqi yox, siyasi məsələdir. Son illər Azərbaycanın sorağı dünyanın yüksək zirvələrindən eşidilməkdədir. Ölkəmiz ən mötəbər qurumların tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu gün dünyanın 54 ölkəsi Azərbaycanda IV İslam Həmrəyli Oyunlarının keçirilməsinə toplaşıb. Bu tədbirin təntənəli açılış mərasimi dünyanın diqqət mərkəzində oldu. Bundan əvvəl I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, “Formula-1” yarışı, digər tərəfdən, Azərbaycan dünyanın 155 ölkəsindən dəstək alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və bu quruma iki dəfə sədrlik etdi. Dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda ölkəmizdə yeni iş yerləri yaradılır, sosial layihələr icra olunur, əhalinin rifah halının yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində beynəlxalq təşkilatların da dəstəklədiyi qərarlar qəbul olunur. Bütün bunlar antiazərbaycan qüvvələrdə və ermənipərəst dairələrdə qısqanclıq yaradır. Ona görə də ölkəmiz haqqında mənfi rəy yaratmaq üçün min oyundan çıxırlar. Ümumrusiya Azərbaycanlıları Konqresinin dövlət qeydiyyatının ləğv olunması da belə oyunlardan biridir. Hesab edirəm ki, bu ədalətsiz və qərəzli qərar Rusiyanın nüfuzuna xələl gətirəcək.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında