Hikmət BABAOĞLU: ÜAK-ın qeydiyyatının ləğvi üçün hüquqi əsas yoxdur

“Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatması böyük diplomatik səylər və güclü siyasi iradə sayəsində mümkün olub. Bu münasibətlərin qorunması Azərbaycan üçün nə qədər vacibdirsə, Rusiya üçün də bir o qədər vacibdir”.

Bunu APA-ya açıqlamasında mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsinə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan öz geostrateji mövqeyi ilə Cənubi Qafqazda Rusiyanın çox vacib tərəfdaşıdır, bu tərəfdaşlıq iqtisadi, siyasi, hərbi, sosial sferaları əhatə edir: “Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirib və münasibətlərdə qarşılıqlı dəstək ruhu hökm sürüb. Rusiya, eyni zamanda, postsovet məkanında ən qanlı münaqişə kimi xarakterizə olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya regionun gələcəyi ilə bağlı qəbul edilən qərarlarda məsuliyyət daşıyan güclü regional aktorlardan biridir. Bu kimi qərarlar isə Rusiya-Azərbaycan münasibətlərini korlaya bilər. Bu, iki ölkə arasındakı siyasi dialoq və siyasi tərəfdaşlığın ruhuna ziddir. Görünür, hansısa qüvvələr bu münasibətləri korlamaqda maraqlıdır. Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sisteminə yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir”.

H. Babaoğlu hesab edir ki, ÜAK-ın ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub: “Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”. Görünür, Rusiyada anti-azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar”.

H. Babaoğlu əmindir ki, Rusiyanın müvafiq strukturları özlərində müdriklik taparaq qarşıdakı bir aylıq hüquqi prosesdə ÜAK-ın qeydiyyatını yenidən bərpa edəcək. ÜAK Rusiyanın ictimai-siyasi həyatında məhz ictimai ahəngdarlığın qorunması, ictimai münasibətlərdə harmoniyanın yaradılması, eyni zamanda, Rusiya və Azərbaycan arasında xalq diplomatiyasının, ictimai körpünün mövcud olması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan belə münasibətə layiq deyil. Azərbaycanda rus dilinin, rus ədəbiyyatının, rus mədəniyyətinin qorunması üçün çox böyük işlər görülüb. Ölkəmizdə çoxsaylı rusdilli məktəblər mövcuddur. Azərbaycan Rus İcması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti  Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında