Azərbaycanı hər zaman ləyaqətlə təmsil edən böyük sənətkar

Azərbaycan estrada sənətində öz ifaçılıq məziyyətləri ilə seçilən geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış müğənnilərdən biri də Xalq artisti Mübariz Tağıyevdir.

Bəri başdan deyim ki, bu yazım heç də görkəmli sənətkarın ad günü və ya yubiley tədbirinə təsadüf etmir. Sadəcə, sənəti yaşatmaq naminə bir insan ömrünü girov qoymuş  sənətkarın çoxşaxəli yaradıcılıq və ömür yolundan söz açmaq istəyindən irəli gəlib. Bu gün, ola bilsin ki, bu yazımda tanınmış sənətçinin üzləşdiyi acılı-şirinli məqamları tam təfsilatı ilə açıqlamayım. Sözün düzü, bu, həm də Mübariz müəllimin də arzusudur.

31 yanvar 1948-ci il qarlı-şaxtalı bir qış gecəsi. Deylənə görə, o ili İrəvanda qış çox sərt keçib. Hüseynağa Tağıyevin ailəsində o gün bir körpə dünyaya göz açıb. Zəif, cılız bir oğlan uşağı. Havaların şaxtalı keçməsi, bir yandan da uşağın zəif olması ata- anaya  rahatlıq vermirdi. “Şükürlər olsun ki, bu sərt qışdan uşağımız sağ-salamat çıxdı. Elə bu səbəbdən də, gəl uşağın adını Mübariz qoyaq”  – dedi. Atası kaman ustası idi. Uzun illər o İrəvan Teatrında çalışıb. Anası Rübabə xanım Babayeva əslən Ərdəbildən olsa da, vaxtilə Şamaxıda məskunlaşmış ailə sonra İrəvana köçmüşdü. İxtisasca jurnalistdir.

– Mübariz müəllim, musiqi fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

– Hamı kimi mən də böyük səhnəyə bədii özfəaliyyətdən gəlmişəm. 1966-cı ildə yaradılmış “Nairi” rok qrupundan başlamışam. Təəssüf ki, belə qruplara münasibət yaxşı olmadığından, bu qrupun ömrü də çox qısa oldu. Bir müddət İrəvanın ən mötəbər Hotel-restoran olan “Armeniya”da solist olaraq çalışdım. Repertuarımda xarici ölkə bəstəkarlarının mahnıları ilə yanaşı, rus, erməni və Azərbaycan mahnıları çox olsa da  Azərbaycan, türk mahnılarını ifa etməyə qoymazdılar. Lakin hərdən elə olurdu ki, qonaqların özləri xüsusən də Zeynəb xanım Xanlarovanın mahnılarını sifariş edirdilər. Bax o zaman qəlbim iftixar hissi ilə döyünürdü. Repertuarımda Zeynəb xanımın bir neçə mahnısı olsa da, mahnıya öz ifamla xələl gətirəcəyimdən ehtiyat edirdim. Zeynəb xanım öz ifası ilə bu milləti necə öz sehrinə salmışdısa, bu sehrin qabağında mənim nəyi və necə oxumağımın heç bir fərqi yox idi. Təki oxuduqlarım Azərbaycan mahnıları, Zeynəb xanımın, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun repertuarından olsun. Onu da qeyd edim ki, xalq sevgisi qazanmış mahnılarımıza heç bir qüvvə qadağa qoya bilmirdi. Repertuarımda müxtəlif xalqların 300-ə yaxın mahnısı vardı.

– Bir müddət siz Ermənistan Dövlət Estrada Orkestrinin solisti olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

–Təsadüfən bir məclisdə orkestrin bədii rəhbəri, tanınmış bəstəkar Konstantin Orbelyan da iştirak edirdi. Repertuarımda onun “Yerevan” mahnısı da vardı. İnsafən, pis mahnı da deyildi. Onu oxudum, xoşuna gəldiyindən məni xeyli təriflədi. Açığını deyim ki, hamı onun  millətçi və qəliz insan olduğunu deyirdi. Odur ki, belə bir insanın mənə minnətdarlıq edib tərifləməsi də deyilənlərlə düz gəlmirdi. Bu, mənim Orbelyanla ilk tanışlığım idi. İkinci görüşüm 1969-cu ildə gənc estrada müğənnilərinin müsabiqəsində oldu. Müsabiqədə Azərbaycan mahnılarına yer verilmədiyindən məcbur olub başqa millətin mahnısını oxudum. Demək istəyirəm ki, erməni millətçiliyi, erməni şovinzimi artıq o illərdən özünü büruzə verirdi. Baxmayaraq ki, biz onları özümüzə hələ də yaxın dost, qardaş bilirdik. Ən qəribəsi odur ki, birinci yer heç kəsə verilmədi. Daha doğrusu, səs toplasam da– “Türk balasına o yeri  vermək olmaz”–dedilər. Çarəsiz qalıb ikinci yeri verdilər. Adətən, belə mötəbər müsabiqə qaliblərinin uğurlu çıxışlarını bütün rəsmi qəzetlər öz səhifələrində qeyd edirdilər. Bu dəfə isə heç bir qəzet mənim bu uğurumu işıqlandırmadı. Təkcə “Sovet Ermənistanı” qəzetindən başqa.

Müsabiqədən bir müddət keçəndən sonra Ermənistan Dövlət Estrada Orkestrinə dəvət aldım. Gündəlik vokal dərsləri alsam və məşqlər etsəm də, düz bir il orkestr rəhbəri məni səhnəyə buraxmadı. 1970-ci ildə ilk dəfə olaraq bu orkestrlə Moskvaya qastrol səfərinə getdim. “Rossiya” konsert zalında konsertimiz olmalıydı. Təsadüfən hər iki müğənnimiz xəstələndi. Rəhbər üzünü mənə tutaraq: “Hə indi özünü göstər, sənin vaxtındır”,–dedi. Sözün düzü, mən şok vəziyyətində idim. Öncə bəstəkarın öz mahnısını oxudum. İkinci, mahnıma xeyli əl çaldılar. Bu, məni bir az ürəkləndirdi. O biri mahnılarda özümü tam sərbəst hiss etdiyimdən oxuduqlarım da ürəyimcə idi. Bunu tamaşaçıların sürəkli alqışlarından da hiss edirdim. Mənim bu orkestrdəki ilk çıxışım gələcək sənət uğurlarımın başlanğıcı oldu. 1969-cu ildən 73-ü ilə qədər bu orkestrdə çalışdım, bir çox xarici ölkələrdə qastrol səfərlərində oldum.

– Məhz o illərdə belə bir söz yayıldı ki, sizi Bakıya Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrına dəvət edirlər. Və sizə Bakıya getməmək üçün hətta fəxri ad verəcəklərini də vəd etmişdilər. Bu nə dərəcədə həqiqətə uyğun idi?

– Bu, bir o qədər də siz deyən kimi deyil. 1972-ci ildə Moskva ilə ABŞ arasında münasibət soyuq olduğundan SSRİ müdafiə nazirinin əmri ilə hətta bronda olan vətəndaşları belə hərbi xidmətə çağırırdılar. Baxıb gördüm ki, cavan uşaqlarla birgə hərbi xidmət keçməyi heç cür özümə sığışdıra bilmirəm. Mən ki uşaq deyildim. O dövrdə, demək olar ki, keçmiş SSRİ-nin və bir çox xarici ölkələri qarış-qarış gəzmişdim.  Karantini keçəndən sonra rəhbərliklə sözümüz tez-tez düz gəlmirdi. Bir gün xəbər gəldi ki, SSRİ Xalq artisti Rəşid Behbudov qarnizon rəhbərliyinə məktub göndərib məni öz kollektivinə dəvət edib. Bu xəbər ildırım sürətilə hər yerə yayıldı. Məni təbrik edən, göz aydınlığı verən də çox oldu. Əslində, bu təkilifi illər öncə Moskvada olarkən Rəşid Teatrının musiqi rəhbəri, gözəl pionist, cazmen Rafiq Babayev də etmişdi. Hiss edirdim ki, bu, həm də valideynlərimin arzusudur. O ki qaldı fəxri ada, deyilənə görə, Mədəniyyət Nazirliyinə təqdimat göndərilsə də, təəssüf ki, elə kağız üzərində də qalmışdı.

– Rəşid Teatrına gəlişiniz nə vaxt reallaşdı?

– 1973-cü ildə hərbi xidməti başa vurandan sonra Rafiq Babayevin dəvəti ilə birbaşa gəldim Bakıya. Valideynlərim artıq Bakıda yaşayırdılar. Rafiq Babyev mənim haqqımda Rəşid müəllimə kifayət qədər məlumat verdiyindən o, məni çox səmimi qarşıladı. Sankı illərdir ki, məni tanıyırmış kimi. Ancaq buna baxmayaraq, oxumağıma, geyimimə, danışığıma, sözləri düzgün tələffüz edib-etməməyimə də diqqət verirdi. Fikir verdim ki, hər kiçik nöqsan ilk növbədə onun imicinə, şöhrətli adına  xələl gətirə bilərdi. Bir də ki, ifam ilk növbədə musiqi kollektivinin rəhbəri kimi Rafiq Babayevi də qane etməliydi. Xalq çalğı alətləri ansamblına Kamil Vəzirov rəhbərlik edirdi.  Onlar çox yaxın dost idilər. Kollektivə tez isinişdim. Xədicə Abbasova, Sergey Qraçinski, Firuzə İbadova, Səttar Nəsirov, son vaxtlar Bilal Əliyev də bizə qoşuldu. Çox maraqlı, son dərəcə professional olan bu kollektivin zəngin repertuarı  vardı. Ansamblın tərkibində estrada mahnıları ilə yanaşı, saz, zurna, balaban, tütək də vardı.

– Ermənistan orkestrinin repertuarl ilə Rəşid Teatrının repertuarı arasındakı fərqi görürdünüzmü?

– Əlbəttə! Əgər Ermənistan orkestrində mahnıların çoxu digər millətlərin musiqisindən ibarət idisə (öz musiqiləri var ki?), Rəşid müəllimin repertuarı sırf Azərbaycan musiqisi üzərində idi.  Hansı ölkəyə qastrol səfərinə gedirdiksə, o ölkəyə, o millətə hörmət əlamət olaraq mütləq o dildə bir mahnı oxumalıydıq. Onu da deyim ki, ola bilsin, sözlərində müəyyən mənada səhvlərə yol verək, lakin bu xırda nöqsanlara baxmayaraq, bizi sürəkli alqışlarla qarşılayırdılar. Ümumiyyətlə, qastrol səfərlərinə gedəndə, adətən,  davranış və nəzakət qaydalarına əməl edə bilən insanları Rəşid müəllim özü ilə qastrola aparırdı. Qastrol səfərlərimiz isə çox zaman aylarla olurdu.

– Hansı ölkələrdə konsert vermisiniz?

– Deyin, haralarda olmamısınız? Kimlərlə olmamısınız? Zeynəb Xanlarova, Habil Əliyev, Ramiz Quliyev, Baba Mahmudoğlu, Nəzakət Məmmədova, bir sözlə, respublikanın əksər tanınmış müğənni və ifaçıları ilə səfərlərdə olmuşuq. Gündəlik konsertlərə baxmayaraq, məşqlər mütləq idi. Düzdü, bir az gec də olsa, çox istedadlı pianoçu Siyavuş Kəriminin bizim kollektivə gəlməsi ansambla yeni təravət gətirdi.  Eyni vaxtda Cəmil Əmirovun da bizim kollektivdə çalışması musiqi kollektivimizi müasirləşdirdi, repertuarı da tamam dəyişdi.

– Mahnı seçimində Rəşidin rolu necə idi?

– İlk növbədə mütləq Azərbaycan mahnıları olmalı idi. Mahnı seçiminə çox diqqətlə yanaşardı. Hər şeyə fikir verirdi. Bəstəkarı kimdir, sözlər kimindir? Tam əmin olmasa, mahnı ürəyinə yatmasa, heç vaxt onu oxumazdı. Xüsusən xalq mahnılarına çox diqqət yetirirdi. Bir neçə xalq mahnısını Rafiq Babayevlə işləyib hazırlamışdı. “Leyla”, “Bağa girdim üzümə”, “Süsən Sünbül” görün, necə gözəl aranjiman olunub. Mahnıya heç bir xələl gətirmədən, əksinə, illərdən bəri oxunmayan, az qala yaddan çıxmış mahnılara, çox böyük sənətkarlıqla yanaşaraq, ikinci həyat vermişlər. Xalq mahnılarını caza da, roka da yönəltmək olar, təki onun əsas gözəlliyinə, musiqisinə xələl gətirməyəsən. Məsələn, Zeynəb Xan-larovanın, Akif İslamzadənin, Hüseynağa Hadıyevin, Yalçın Rzazadənin, Flora Kərimovanın ifaları kimi.

–Rəşid Teatrında ilk mahnınız?

–1973-cü ildən Rəşid müəllimlə dünyanı gəzsəm də, nədənsə, yeni mahnı haqqında bir o qədər də fikirləşmirdim. Daha doğrusu, evdə olmurduq. Nəhayət 1983-cü ildə öz bəstəm olan “Nə bilim” mahnısı, demək olar ki, ilk efir çıxışım, ilk uğurum oldu.

– Rəşid müəllimlə xarici ölkə səfərlərində yadda qalan görüşləriniz?

– Görüşlərin hamısı yaddaqalan idi. Hər yerdə hörmət, ehtiramla qarşılanırdı. Elə bu istəyin nəticəsi idi ki, Hindistanda, ABŞ-da, Almaniyada, Fransada, Afrika və ərəb ölkələrində dəfələrlə olmuşuq. Bir xoşagəlməz hadisə də oldu ki, onu heç cürə yaddan çıxara bilmirəm. Axırıncı dəfə Belçikada konsert vaxtı əlinə mikrofonu alarkən, sən demə, mikrofonda naqilində açıq yer varmış onu cərəyan vurdu. Əlindəki mikrofonu yerə ataraq, özünü itirmədi. Mahnının sonunda ən yüksək notu tutub səsini xeyli uzatdı. O vaxtacan ki, zal sürəkli alqışlarla onu qarşıladı. Səhəri bütün qəzetlər bu konsertdə sovet müğənnisinin fədakarlığından danışdı. Bu hadisə ilə bağlı bizə sığorta haqqı da ödəmək istədilər. Rəşid müəllim qəti razı olmadı. Dedi ki, bu, bizim  texniki işçilərin səhvidir.

1973-сü ildən 1987-ə kimi Mahnı Teatrında işlədim. 1987-ci ildə solist olaraq keçdim Teleradionun nəzdinə, lakin Rəşid müəllimlə də əlaqəni kəsməmişdim. 1988-ci ildən sonra Ermənistan–Azərbaycan münasibətlərində bir gərginlik yarandı.  Bu vəziyyət incəsənətdə də özünü göstərdi.

– Məhz o illərdə Filarmoniyanın əksər musiqi kollektivləri “Azkonsert” birliyinə keçmişdi. Sizin kollektiv necə?

– Rəşid Behbudovun mahnı teatrı, “Qaya”  vokal qrupu, “Kamera” orkestri və bir çox digər kollektivlər Mədəniyyət Nazirliyinin tabeliyində qaldı.

– 1994-cü ildə Teleradionun səsyazma evində direktor müavini, eyni zamanda,  musiqi verilişləri redaksiyasının baş redaktoru olmusunuz.

– Fond o illərdə yazılan iri həcmli musiqi əsərlərinin Bakıda yeganə səsyazma studiyası idi. Bu səbəbdən də musiqi kollektivləri çox zaman  əsərlərini yazdırmaq üçün növbəyə dayanırdılar. Fondun işi həqiqətən  çox idi. Hər rübdə 45 dəqiqəlik mahnı proqramı yazılıb fonda daxil etməli idim. Bir dəfə Azərbaycan Cəmiyyətinin dəvəti ilə Kanadanın Toronto şəhərində qastrol səfərində olarkən şərəfimizə verilən ziyafətdə Bülbülün bir lent yazısını eşitdim. Bu mahnının necə və nə vaxt bu şəhərə düşməyini heç kim deyə bilmədi. Mən o lentin üzünü çıxartdırıb gətirdim Bakıya. Onu texniki baxışdan keçirib fonda daxil etdirdim. Açığını deyim ki, belə musiqi nömrələrimiz çox olub.

– 90-cı ildən bu yana mahnı seçiminiz də tamam dəyişdi. Vətənpərvərlik ruhunda yazılmış mahnılar repertuarınızın əsasını təşkil etdi. Bu barədə nə deyə bilərsiniz?

– Mənə elə gəlir ki, bu hiss hər birimizdə olmalıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, sabaha ümidimizi üzməyə haqqımız yoxdur. Ağıllı, səriştəli, dünyanın həsəd aparacağı Ali Baş Komandanımız var. İstəsək, çox qısa zamanda bütün torpaqlarımızı azad edə bilərik. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu məsələni qan tökmədən həll etmək istəyir. Odur ki, nə qədər canımda təpər var, səsim də heç vaxt titrəməyəcək və bu ruhda mahnıları sevərək ifa edəcəyəm.

P.S. Aqillər deyib ki, əsl sənətkarın işi yaxşı oxumaq, yazmaq, yaratmaqla bitmir. Əsl sənətkar xalqın və zamanın səsinə səs verməlidir. Bu baxımdan Mübariz Tağıyevin bəxti həmişə gətirib. O, Ermənistan deyilən qədim Azərbaycan torpağından, bədnam qonşularımızın arasından Bakıya gəldiyi illərdə məşhur bir xalq mahnısını ifa edirdi: “Getsən bağdan əgər, güllər boynun əyər...” Yəni hamını Azərbaycan adlı bağımızı, gülüstanımızı qorumağa çağıran bir nida idi. Azərbaycan torpaqlarının işğal edildiyi günlərdə isə bəstəkar Eldar Mansurovun, Nahid Hacızadənin sözlərinə yazdığı “Ulu torpaq” mahnısına müraciət edən, onu məharətlə oxuyan Mübariz zamanın daha bir çağırışına qoşuldu. Deməli, o, aqillərin dediyi əsl həqiqi sənətkarlardandır. Əminik ki, zaman bizi işğaldan azad edilmiş torpaqlarımıza çağıranda da ilk səs verənlərdən biri  məhz o olacaq –Mübariz Tağıyev.

İnanırıq ki, həmin gün uzaqda deyil.

Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında