Cəbrayıl HƏSƏNOV: Bayrağımızı ən yüksəyə qaldırmaq əzmindəyəm

Bu gün IV İslam Həmrəyliyi Oyunları start götürür. İdmançılarımız bu mötəbər yarışda qalib olmaq və Azərbaycan tarixinə daha bir parlaq səhifə yazmaq üçün səylə hazırlaşıblar. Onlardan biri də sərbəst güləş ustası Rio-2016 Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənovdur. Güləşçimiz 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif edilib.

– Cəbrayıl, güləşlə məşğul olmağa başladığınız ilk illəri necə xatırla­yırsınız?

– O günləri heç yaddan çıxarmaq olarmı? Mən uşaq yaşlarımdan sərbəst güləşə maraq göstərmişəm. Bu arzu məni 2001-ci ildə Olimpiya İdman Liseyinə gətirdi. Burada beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında məşğul olmağa başladım, həm də təhsilimi davam etdirdim.

– Beynəlxalq yarışlarda neçə ­yaşınızdan  iştirak etmisiniz?

– On üç yaşımdan beynəlxalq yarışlarda iştirak etməyə başladım və məşqçimin ümidlərini doğrultdum. 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı və qalibi olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sərbəst güləş ixtisasını bitirdikdən sonra Avropa və dünya birinciliklərinin mükafatlarını qazanmışam. İkiqat Avropa çempionu olmağım məni daha da ruhlandırdı.Ən böyük mükafatım isə 2016-cı il Yay Olimpiya Oyunlarında 74 kiloqram çəki dərəcəsində qazandığım bürünc medal olub.

– Beynəlxalq meydanda  ən çox yaddaqalan məqam hansı olub?

– Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio Olimpiadasına vəsiqə verən Avropa təsnifat turnirində erməni rəqibim Suren Xaçaturyanla görüşü həmişə xatırlayıram. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiya oyunlarına  vəsiqə qazanacaqdı. Yarımfinalda Xaçaturyanla üz-üzə gəldim və 51 saniyə ərzində kürəyini xalçaya vurdum. Bu görüşdən sonra finala yüksəldim və Rio-2016 Olimpiadasına vəsiqəni təmin etdim.

– Mötəbər turnirlərdə hakimlərin qərəzliyi və ya qeyri-obyektivliyi ilə qarşılaşmısınızmı?

– Belə hallar olur. Məsələn, heç vaxt unuda bilmirəm. Rio-2016-da Rusiya idmançısı ilə görüş zamanı hakimlər mənə qarşı  haqsızlıq etdilər. Rəqibim müxtəlif vasitələrdən istifadə edərək mübarizəni dayandırır və bu hesaba istirahət edirdi. O, möhkəm yorulmuşdu, ancaq  üç-dörd dəqiqə istirahət edib özünə gəldi. Hakimlər isə ona xəbərdarlıq əvəzinə, kömək etdilər. Bu, məni ruhdan saldı. Ancaq təcrübəli məşqçilərim mənə ürək-dirək verdilər və yarımfinala köklədilər. Mən mübarizəmi davam etdirib bürünc medal qazandım.

– Qarşıdan daha bir mötəbər yarış – IV İslam Həmrəyliyi Oyunları gəlir...

– IV İslam Həmrəyliyi Oyunları mənim üçün dünya birinciliyinə bərabərdir. Çox çətin və şərəfli bir yarışmadır. Zarafat deyil, 57 müsəlman ölkəsinin idmançıları bu yarışa qatılacaq. Onu da deyim ki, müsəlman ölkələrinin güləşçiləri çox güclü olurlar. Mən beynəlxalq turnirlərdə həmişə bunun şahidi olmuşam. Ona görə də indidən deyə bilərəm ki, mübarizə çox çətin olacaq. Turnirə səylə hazırlaşmışam. Axı, ən böyük arzum bu yarışda  bayrağımızı ən yüksəyə qaldırıb, dövlət himnimizi səsləndirməkdir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında