Elnur Məmmədli: Ümid edirəm cüdoçularımız Polşadakı uğurlarımızı İslamiadada təkrarlayacaqlar

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli ilə IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti və idmançılarımızın hazırlığı qazana biləcəyi nəticələrlə bağlı söhbət etdik:

– Olimpiya çempionu olaraq, ilk növbədə, idmançılarımızda hansı keyfiyyətlərin olduğunu düşünürsünüz?

– Mənim idman karyeramda birinci deviz hər zaman “irəli !” prinsipi olmuşdur. Çünki əzmkarlıq idmanda vacib şərtdir. Təbii ki, əzmkarlıqla yanaşı, fiziki güc, yüksək mənəvi-psixoloji hazırlıq da idmançının karyerasında mühüm amillərdir.

– Azərbaycan tezliklə bütün müsəlman ölkələrini əhatə edəcək yarışlara ev sahibliyi edəcək. Bu mötəbər idman tədbirinin ölkəmiz üçün hansı faydalarını qeyd edərdiniz ?

– Bu gün dünyada bir sıra bədnam qüvvələr İslam dinini gözdən salmağa çalışırlar. Müsəlmanlar süni şəkildə terrorçu qismində təqdim edilir. Bu mötəbər idman yarışı, ilk olaraq,   yayılan bütün şayiələri alt-üst etməyə xidmət edir. İslam dininin sülh dini olması yarışlarda bir daha öz təsdiqini tapacaq. Müsəlman ölkələrinin  özlərini idman sahəsində sınamaq üçün də bu gözəl fürsətdir. Azərbaycanın müsəlman ölkəsi olaraq, Oyunlara ev sahibliyi etməsi də mühüm əhəmiyyət kəsb edir. Bunu ölkəmizin İslam aləmində və bütövlükdə dünyada imicinin möhkəmləndirilməsində çox böyük əhəmiyyəti olan tədbirlərdən biri kimi qiymətləndirirəm. Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Birinci Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılıq yüksək səviyyədədir. Hər iki mötəbər yarışda Təşkilat Komitəsinin sədri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu baxımdan dünyanın gözündə bu yarışlar 2015-ci ildə necə idisə, 2017-ci ildə də həmin reytinq üzrə idman tariximizə yazılacaq.

– Bir Olimpiya çempionu olaraq, idmançılarımızın İslam Həmrəyliyi Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz ?

– Təkcə cüdo idman növünü götürsək, son illər nə qədər inkişaf etdiyimizi əyani şəkildə görə bilərik. Uğurlarımız xeyli artmışdır. Bu yaxınlarda Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış Azərbaycan cüdoçuları 2 qızıl və 3 bürünc medal qazanmışlar. Medalların əyarına görə kişilər arasında milli komandamız sıralamada ikinci yeri tutmuşdur. Ümid edirəm ki, İslam Həmrəyliyi Oyunlarında da cüdoçularımız Polşadakı uğurları təkrarlayacaqlar. Hətta böyük nəticələrə ümid bəsləyirəm.

Ölkəmizə gələcək idmançılar arasında dünyada sözünü deyən atletlərin olmasına baxmayaraq, onların qarşısına çıxa biləcək peşəkarlarımız var və onlara inanırıq. Digər idman növlərinə gəldikdə isə hesab edirəm ki, onların da nümayəndələri yüksək nəticələr əldə etmək üçün yarışlara ciddi hazırlaşıblar. Çünki bu, bir fürsətdir. Belə yarışlar hər bir idmançının həyatında nadir hallarda olur. Ona görə düşünürəm ki, atletlərimiz müsəlman dünyasını əhatə edən qarşıdakı yarışlarda sanballı uğurlar və medallar qazanacaqlar.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında