Arundika Fernando: Azərbaycanın tarixən multikultural dəyərlərlə yaşamış bir ölkə olduğunu gördük

Dünən Bakıda IV Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa çatdırıb. Üç gün davam edən tədbirdə dünyanın 120 ölkəsindən hazırkı və sabiq dövlət və hökumət başçıları, nazirlər, alimlər və ictimai xadimlər daxil olmaqla 800-dən artıq nümayəndə iştirak edib.

Forum çərçivəsində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar”, "Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək", "Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə", "Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili", "Qütbləşmə əsrində inklüziv dialoq", "Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya", "Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu", "Mədəniyyətlərarası dialoq və sülh üçün idman", "Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması", "İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri", "Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları" və digər  mövzular ətrafında müzakirələr aparılıb. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, eləcə də Avropa Şurası və ISESCO tədbirə tərəfdaşlıq edib.

Böyük beynəlxalq əhəmiyyət daşıyan tədbirdə iştirak edən Şri-Lankanın turizmin inkişafı və xristian dini işləri üzrə nazirinin müavini Arundika Fernando forumla bağlı təəssüratlarını bölüşüb:

– Azərbaycan artıq dördüncü dəfədir ki, belə böyük bir beynəlxalq tədbirə ev sahibliyi edir və forumda iştirak etmək üçün Bakıya dünyanın hər yerindən nümayəndələr dəvət edilib. Bu tədbir zamanı bizim ölkəmizi də yada saldığına və fikirlərimizə dəyər verdiyinə görə Azərbaycan Respublikasının rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə dərin  minnətdarlığımı bildirirəm.

Elə forumda müzakirəyə çıxarılan məsələlər də Azərbaycanın beynəlxalq aləmdə sülh və sabitliyə, iqtisadi və mədəni inkişafa, enerji təhlükəsizliyinə, eləcə də multikultural dəyərlərə, milli və dini dözümlülüyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında söylədiyi nitqdən də görmək mümkündür. Dövlətinizin başçısı qeyd etdi ki, Azərbaycan tarixən multikultural dəyərlərlə yaşamış bir ölkədir. Bakıda olduğumuz günlərdə şəhərlə tanışlıq, insanlarla ünsiyyət zamanı biz bunun şahidi olduq. Prezident belə bir fikir söylədi ki, Azərbaycan 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib. Bir neçə il əvvəl Bakıda Dünya Dini Liderlərinin Zirvə Görüşü, keçən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Bundan başqa, bilirik ki, 2008-ci ildə Bakıda Avropa Şurası ölkələrinin nazirlər səviyyəsində görüşünə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər səviyyəsində görüşünə Avropa Şurası ölkələrinin nazirləri dəvət edilib. Bununla Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə, sivilizasiyaların bir-birinə yaxınlaşmasına, doğmalaşmasına, eləcə də müxtəlif dinlərin birgəyaşayış ənənələrinə öz töhfələrini verməyə çalışır. Biz burda bir daha əmin olduq ki, Azərbaycan münaqişə, qarşıdurma, vətəndaş müharibəsi, terrorizm və ekstremizmdən tamamilə uzaq bir dünya qurulmasında, millətlər və dinlər arasında anlaşma və qarşılıqlı etimad olmasında maraqlıdır. Sülhsevər və tərəqqipərvər Azərbaycan Respublikasına tutduğu doğru yolda uğurlar arzulayıram!

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında