Bakı Forumunun hədəfləri mədəniyyətlərarası anlaşma, tolerantlıq, qarşılıqlı hörmət, qlobal vətəndaşlıq etikası, müştərək məsuliyyətdir

Təbii ki, istər idman, istər siyasi, istər mədəni və istərsə də  dialoq məzmunlu olsun, bütün tədbirlərin  əhəmiyyəti böyükdür.  Ancaq mən bilavasitə mədəniyyət sahəsini təmsil etdiyimə görə ölkəmizdə keçirilən  beynəlxalq tədbirlərin sırf mədəni əhəmiyyətindən danışmaq istəyirəm. Bu qənaətim  təsadüfi deyil.

Fikrimcə, beş il əvvəl ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsi Azərbaycan mədəniyyətini dünya miqyasında nə qədər təbliğ etmişdisə, 2015-ci ildə keçirilən birinci Avropa Oyunları da mədəniyyətimizi məhz o qədər təbliğ edə bilmişdi. Burada çox incə məqamlar var. Çünki mədəniyyət deyəndə, təkcə muğam, musiqi, orkestr, rəssamlıq, heykəltəraşlıq nəzərdə tutulmur. Mədəniyyət deyəndə, xalqın tarixi, abidələri, ənənələri, davranışı, infrastrukturu, yolları, qonaq qəbul etmək qabiliyyəti, hətta mətbəxi də nəzərdə tutulur. Birinci Avropa Oyunları və “Formula -1” yarışları zamanı Bakıya gələn əcnəbi turistlərin hansı danışırdısa, ilk növbədə bax,  bu dediyim məqamlar qabardılırdı.

Məhz ona görə də, qətiyyətlə deyə bilərəm ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıdakı Heydər Əliyev Mərkəzində  keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda   IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun  əhəmiyyəti həm  də sadaladığım  bu dəyərlərimizi dünya miqyasında növbəti dəfə təbliğ etmək şansımızın yaranmasıdır.

Yadımdadır, altı il  əvvəl Azərbaycan rəhbərliyinin  təşəbbüsü  ilə Bakıda  birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  keçirilmişdi. O vaxtdan bəri beynəlxalq gündəlikdəki ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu forum qlobal beynəlxalq tədbirə çevrilib. Dövlət başçımızın da dediyi kimi, hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Bu baxımdan, Bakıda keçirilən son forum haqqında daha çox danışılacaq. Çünki bu forumda 120 ölkədən olan 800-dən artıq qonaq  iştirak edir.  Bundan başqa, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.

Mənim fikrimcə, Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqi bugünkü Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki beynəlxalq aləmdəki bəzi bədxahlarımız Azərbaycan haqqında danışarkən çoxsaylı cəfəng, qarayaxıcı və heç bir əsası olmayan “faktlar” uydururlar. Prezident İlham Əliyev isə növbəti dəfə dünya ictimaiyyətinə söylədi ki, Azərbaycan Respublikası son 25 ildə çox böyük nailiyyətlərə imza atıb. Dövlət başçımız dedi: “Bütün bunlar müstəqillik illərində əldə etdiyimiz böyük bir sərvətdir. Biz təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib. Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyni yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər”.

Başqa bir məqama da toxunmaq istəyirəm. Belə ki,  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşündə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva   bu toplantının keçirilməsində məqsədin nədən ibarət olduğunu özünəməxsus şəkildə, incə detallarla izah edərək dedi: Məqsədimiz  dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir. Biz, həmçinin çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək”.

Ağaverdi PAŞAYEV,
 Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında