Namiq Abdullayev: Azərbaycan güləşçiləri İslam Oyunlarında da fərqlənəcəklər

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında gümüş, 2000-ci ildə isə  Sidney Olimpiadasında qızıl medal qazanmış Namiq Abdullayevlə İV İslam Həmrəyliyi Oyunları barədə həmsöhbət olduq:

– Namiq müəllim, Azərbaycanın İslamiadaya hazırlığını necə qiymətləndirirsiniz ?

– Azərbaycanın  bu tədbirdən əvvəl də təşkilatçılığı beynəlxalq dairələrdə yüksək qiymətləndirilmişdir. Ölkəmiz  birinci Avropa Oyunlarını necə təşkil etmişdisə, İslam Oyunlarını da həmin səviyyədə keçirəcək. Buna şübhəmiz yoxdur. Bu yarışların təşkilatçılığında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Təşkilat Komitəsinin rəhbəri kimi, o, bütün çətinliklərin öhdəsindən məharətlə gəlib. Hesab edirəm ki, ölkəmizə gələn idmançılar da, turistlər də yarışların təşkilindən razı qalacaqlar.  İştirakçılığa gəldikdə isə, Azərbaycan idmanı bu gün inkişaf dövrünü yaşayır. Elə bir yarış yoxdur ki, idmançılarımız oradan medalla qayıtmasınlar. Bu mötəbər tədbirdə də medallar qazanacağımıza əminəm. Azərbaycan İslam Oyunlarından sonra müsəlman aləmində daha yüksək reytinqə sahib olacaq. Ümumiyyətlə, Azərbaycanda idmana bu şəkildə qayğı göstərilməsi dövlət siyasətidir və bu siyasətin əsasında  Prezident İlham Əliyevin prinsipial mövqeyi dayanır.

– Güləşçilərimiz arasında qarşıdakı yarışda kimləri favorit hesab edirsiniz?

– Favorit güləşçilərimiz var və onların arasında Olimpiya oyunlarında, Dünya kubokunda uğur qazanan güləşçilər az deyil. Onlar həm yunan-Roma, həm də sərbəst üsulla güləşənlərdir. Hər iki güləş növündə məşhur idmançılarımız vardır.  Biz onlardan qızıl medallar gözləyirik.

– Dünya güləş yarışlarında müsəlman ölkələrinin təmsilçiləri hər zaman yaxşı nəticələr göstərirlər. Sizcə, Azərbaycan təkbətək idman növlərinin təmsilçiləri, xüsusilə güləşçilər üçün müsəlman ölkələrinin pəhləvanları ilə qarşılaşmaq çətin ola bilərmi ?

– Hər bir yarışın öz çətinliyi var. Bu fikir hər bir idman növünə də ayrı-ayrılıqda aiddir. Bu baxımdan bunu indidən qəti söyləmək olmaz. Bütün nəticələr prinsipial mübarizədən keçir. Lakin razıyam ki, müsəlman ölkələrinin təmsilçiləri arasında güləş yaxşı inkişaf edib. Məsələn, Rusiya, ABŞ güləşçiləri ilə mübarizədə İran, Özbəkistan, Qazaxıstan, Türkiyə güləşçiləri də hər zaman fərqlənirlər. Məsələ ondadır ki, biz onların hamısı ilə qarşılaşmışıq. Uduzduğumuz yarışlar da olub, qalib gəldiklərimiz də. Xüsusilə İran pəhləvanları ilə biz çox qarşılaşmışıq. Təsadüfi deyil ki, Londonda Şərif Şərifov və Rioda  Xetaq Qazyumov güclü İran güləşçiləri Reza Yazdani və Nasir Laşqanini məğlub etmişdilər.  Güləşçilərimiz qardaş Türkiyə güləşçiləri ilə də dəfələrlə layiqli mübarizə aparıb qələbə qazanmışlar. Düşünürəm ki, Azərbaycan idmançıları İslam Oyunlarında da rəqiblərindən geri qalmayacaqlar. Azərbaycan güləşçiləri həmişə olduğu kimi, İslam Oyunlarında da fərqlənəcəklər.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında