Qabaqcıl təcrübənin ünvanı: Yevlax

Söhbət son illər Yevlax rayonunda respublikanın ali və orta ixtisas, o cümlədən ali hərbi məktəblərinə qəbulda əldə edilmiş uğurlardan gedir{nl}

Yevlax bu gün Azərbaycanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Yevlaxda həyatın bütün sahələrində əldə edilmiş böyük uğurlar, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, şəhər icra hakimiyyəti aparatının elmi prinsiplərə əsaslanan çevik və operativ iş üslubu, səmərəli təşkilat-idarəetmə məsələləri barədə dəfələrlə yazmışam. Ürəkdən sevinirəm ki, yollar ayrıcında yerləşən bu şəhər son illər, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti aparatında yaranmış və formalaşmış iş uslubu ilə yaxından tanışlıq, işin təşkili, adamlara münasibət, insan amili, intizam və məsuliyyət hissi, həqiqətən, örnək və nümunə olmağa layiqdir. Heç də təsadüfi deyildir ki, Yevlax dünyanın müasir və yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir. Qəsəbə və kəndlər də öz simasını əsaslı şəkildə dəyişmişdir. Bu gün Yevlaxın abad və yaraşıqlı küçə və prospektləri ilə addımlayırıq. Yüksək zövqlə, müasirlik və milli memarlıq ənənələri ilə tikilmiş binalara, park və meydanlara, bulaq və fəvvarələrə, Kürün sahili boyu uzanan istirahət guşələrinə tamaşa edirik. Qəlbimizdən sonsuz fərəh və qürur hissi keçir.Adam bu gözəlliyi, bu inkişafı, bu rahatlığı yaradanlara ürəkdən "sağ ol" demək istəyir.
Yuxarıda qeyd etdik ki, Yevlax son illər bütün sahələrdə nümunə və örnək ola biləcək uğurlara imza atıb. Bu, əlbəttə, çox geniş bir söhbətin, ciddi təhlil və araşdırmanın mövzusudur. Budəfəki yazımızda isə konkret bir sahədən - təhsildə əldə edilmiş ciddi irəliləyiş və inkişafdan söhbət açacağıq. Elə buradaca bu mövzumuzla səsləşən və yerinə düşən bir məqamı xatırladaq. Ötən il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlaxa növbəti şəfəri zamanı şəhər 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir. Həmin səfər və görüş bu gün də yevlaxlıların qəlbində unudulmaz bir xatirə kimi yaşamaqdadır. Biz burada diqqəti ölkə rəhbərinin çıxışındakı 2 məqama yönəltmək istəyirik. Prezident İlham Əliyev demişdi: "Yevlaxda da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında, bəlkə də, ən sürətli məktəb tikintisi prosesi məhz Yevlaxdadır. Son illərdə 20-dən çox məktəb tikilib və təmir olunub".
Bir qədər sonra isə ölkə başçısı əməkdar müəllim Qiyas Quliyevlə söhbət zamanı bildirmşdi: "Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Siz də xatırlayırsınız, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixə, həm indiki vəziyyətə, həm də gələcəyə aid kifayət qədər çoxsaylı, geniş çıxışlarım olubdur. Ancaq bu hissləri, bu vətənpərvərlik duyğularını uşaqlara gündəlik olaraq müəllimlər aşılayırlar. Ona görə də müəllimlərdən çox şey asılıdır. Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək? - Bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə də təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir".
Ölkə Prezidentinin məhz Yevlaxda dediyi bu sözlər, qarşıya qoyduğu məsul və şərəfli vəzifələr, tövsiyə və göstərişlər olduqca simvolik məna, proqram səciyyə daşıyır. Ona görə ki, ölkə başçısının dediyi həmin sözlərin, qarşıya qoyduğu həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində son illərdə Yevlaxda ardıcıl, müntəzəm və səmərəli iş aparılmış, ciddi uğurlar əldə edilmişdir. Elə buradaca son illər təhsildə qazanılmış konkret uğurlardan, Yevlax Şəhər Təhsil Şöbəsi və pedaqoji kollektivlərlə aparılan işdən və s. söhbət açmaq istəyirik.
Təhsil şöbəsinin müdiri Raquf Mirzəyevlə dialoqumuz da bu barədə oldu.
- Ötənilki konkret göstəriciləriniz barədə nə deyə bilərsiniz?
- 2009 - 2010-cu dərs ilində orta ümumtəhsil məktəblərini 998 nəfər şagird bitirmişdir ki, onlardan da 743 nəfəri ali məktəblərə sənəd vermişdir. 255 nəfər tələbə adını qazanmışdır. Məzunlardan 2 nəfəri 600-dən, 28 nəfəri isə 500-dən çox bal toplamışdır.
Ümumiyyətlə, son illərin nəticələrini müqayisə etsək, bu sahədə dinamik inkişafın olduğunu görərik. Belə ki, 2004-cü ildə 600-dən çox bal toplayan olmadığı halda, son 4 ildə 600-dən yüksək bal toplayanların sayı 18 nəfər olmuşdur. 500-dən çox bal toplayanlar 2004-cü ildəki 9 nəfərdən 2009-cu ildə 19 nəfərə, 2010-cu ildə 28 nəfərə çatmışdır. 2010-cu ildə Türkiyə Respublikasının ali məktəblərinə 2 nəfər, Rusiya Federasiyasının ali məktəblərinə isə 4 nəfər qəbul olunmuşdur. Müqayisə üçün onu da deyək ki, 2004-cü ildə ali məktəblərə cəmi 138 nəfər qəbul olunmuşdursa, 2010-cu ildə bu rəqəm 255 nəfərə yüksəlmişdir.
Hərbi məktəblərə qəbulda da dinamik inkişafın şahidi oluruq. Son 4 ildə 47 nəfər məzun ali hərbi məktəblərə, 69 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. Bu hərbi liseyə qəbul 2004-cü ildə 2 nəfər idisə, 2010-cu ildə 17 nəfər olmuşdur. Belə bir fakt xüsusilə fərəh doğurur ki, ötən il təkcə Yevlax şəhər 3 saylı məktəbdən 3 nəfər Ali Hərbi Məktəbə daxil olmuşdur.
- Dinamik inkişaf, fakt və rəqəmlərin artımı, həqiqətən, sevindiricidir və təqdir olunmağa layiqdir. Bilmək istəyirik: nədən başladınız, bu yüksəlişə necə nail oldunuz?
- Bu barədə çox danışmaq olar. Ancaq burada qısaca olaraq aşağıdakıları qeyd etmək istəyirəm. Məktəblərdə hərbi mövzuda aparılan iş tamamilə yenidən quruldu. Bu istiqamətdə aparılan təbliğat işi diqqət mərkəzində saxlanıldı. Şagirdlərin hərbi hissələrdə komandir və əsgərlərlə görüşləri müntəzəm və sistemli xarakter aldı. Hər il şəhər icra hakimiyyətində ali hərbi məktəblərə qəbul olunan gənclərlə görüş keçirilir. Ona nail olmağa çalışırıq ki, hər bir şagird dərindən dərk etsin ki, indi ölkəmiz müharibə vəziyyətindədir. Deməli, müstəqil ölkəmizin ordusuna gənc, cəsur və bacarıqlı hərbiçilər lazımdır. Ən başlıcası isə, əlbəttə, şəhər icra hakimiyyəti başçısının bütün digər məsələlər kimi, bu sahəyə də ardıcıl diqqət və qayğısını, tələbkar münasibətini, işin düzgün təşkilini ayrıca qeyd etmək lazımdır.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün Yevlax rayonunda 57 məktəb, 25 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 16200 şagirdin təlim-tərbiyəsi ilə 2500 müəllim məşğul olur.
2009-2010-cu dərs ilinin ən mühüm hadisəsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və ölkə Prezidenti İlham Əliyevin həmin qanunun tətbiq olunması barədə 5 sentyabr 2009-cu il tarixli fərmanı olmuşdur. Bu fərmanın icrası istiqamətində bir sıra hüquqi-normativ sənədlər hazırlanmışdır.
Həmin sənədlər mütərəqqi dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü model və mexanizmləri, müasir yanaşmaları əks etdirir. Təhsil alanların və təhsil verənlərin keyfiyyət göstəricilərinin yüksəlməsinə, şagird və müəllim əməyinin stimullaşdırılmasına, təhsilin məzmununun və təlimin nəticələrinin qiymətləndirilməsi meyarlarının yeniləşdirilməsinə yönəlmiş konseptual xarakterli bu sənədlər təhsil sahəsində dövlət siysətinin həyata keçirilməsində mühüm rol oynayır.
Son illər ölkə başçısının sərəncamları ilə 6 nəfər yevlaxlı müəllimin "Əməkdar müəllim" adına, 4 nəfər müəllimin "Tərəqqi" medalına layiq görülməsi, təhsil nazirinin əmri ilə 2 nəfərin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilməsi müəllim əməyinə verilən qiymətin əyani təzahürüdür.
- Şagirdlərin vətənpərvərlik, mənəvi, ekoloji, estetik və fiziki tərbiyəsi sahələrində də rayonda xeyli iş görülmüşdür. Əlamətdar tarixlər, yubileylər inşa və rəsm müsabiqələri ilə yekunlaşdırılmışdır. 2009-2010-cu dərs ilində Xaldan kənd orta məktəbinin komandası "Cəsurlar" hərbi-idman oyunlarının zona mərhələsində 1 yeri, respublika mərhələsində isə III yeri tutmuşdur.
Aran qəsəbə 1 saylı orta məktəbin komandası isə "Şahin" hərbi-idman oyunlarının zona yarışlarında IV yeri tutmuşdur.
"Mahir nişançı" adı ilə keçirilən respublika atıcılıq yarışlarında Xaldan kənd kompleks orta məktəbinin komandası II yerə, fərdi atıcılıq yarışlarında isə komandanın üzvü, VI sinif şagirdi Mahizər Yunisova I yerə layiq görülmüşdür. 2009-cu ildə atıcılıq üzrə yarışlarda "Qızıl medal"a layiq görülmüş, Xaldan kənd kompleks orta məktəbin XI sinif şagirdi Türkan Abdullazadə 2010-cu ilin oktyabr ayında keçirilən dünya birinciliyində iştirak etmişdir.
Maraqlı faktdır ki, tam orta təhsilin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparıldıqdan sonra məzunlar və valideynlər orta ixtisas məktəblərinə daha çox üstünlük verirlər. 2008-ci ildə 35 nəfər məzun orta ixtisas məktəblərinə qəbul olunduğu halda, 2009-cu ildə bu rəqəm 86 nəfər olunmuşdur. 2010-cu ildə isə orta ixtisas məktəblərinə 285 nəfər sənəd vermiş, 131 nəfər qəbul olunmuşdur.
- Təlimin müasir üsul və vasitələri necə tətbiq olunur?
- Hazırda rayonumuzun 48 məktəbində 440 kompyuter dəsti var. Təhsil Nazirliyi tərəfindən göndərilmiş 45 fənn üzrə 1725 ədəd elektron dərslik bütün məktəblərə paylanmış, onlardan istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə 200 nəfər müəllimin iştirakı ilə "Təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının rolu" mövzusunda ümumrayon seminarı keçirilmişdir. Seminarda müəllimlərə nəzəri məlumatlarla yanaşı, elektron dərsliklərdən istifadəyə dair praktik vərdişlər də aşılanmışdır.
Rayonun ümumtəhsil məktəblərində 36 fizika, 38 kimya, 39 riyaziyyat, 35 biologiya, 27 Azərbaycan dili və ədəbiyyatı kabineti var. Ümumiyyətlə, şəhər və rayon üzrə əyani və texniki təlim vasitələri ilə təchiz olunmuş 450-dən çox fənn kabinetindən istifadə olunur.
Təhsil sistemindəki yenilikləri müəllimlərə çatdırmaq, müasir təlim texnologiyalarından istifadəni öyrətmək, müəllimlərin elmi-metodiki hazırlığını artırmaq məqsədilə tədris ilinin əvvəlindən müasir təlim metodu ilə işləyən 105 nəfər qabaqcıl müəllimin açıq dərsi planlaşdırılmış və keçirilmişdir. Həmin dərslər müzakirə və təhlil edilmiş, videolentə alınmış, fotoşəkillər, icmal və protokollarla rəsmiləşdirilmişdir. Həmin qayda ilə 25 məktəbəqədər müəssisədə 19 nəfər tərbiyəçinin açıq məşğələsi keçirilmişdir.
İlin əvvəlində müəyyən edilmiş qrafikə uyğun olaraq müxtəlif mövzularda 49 "dəyirmi masa" təşkil olunmuşdur. Təhsil problemlərinə və yeniliklərə həsr olunmuş 4 elmi-praktik konfrans, 4 seminar, 3 "dəyirmi masa" keçirilmişdir. "Təhsilimiz, mənəviyyatımız və Heydər Əliyev fenomeni" mövzusunda elmi-praktik konfransda məruzə və çıxışlarla yanaşı, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər də nümayiş etdirilmişdir. "Hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında Heydər Əliyev irsindən istifadə", "Heydər Əliyev və Azərbaycan dili" mövzularında konfranslar yüzlərlə müəllimi əhatə etmişdir...
Göründüyü kimi, son illər Yevlaxda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, ali məktəblərə, o cümlədən ali hərbi məktəblərə qəbul sahəsində zəngin və maraqlı təcrübə qazanılmışdır. Əldə edilmiş təcrübənin təhlili, araşdırılması və öyrənilməsi bir daha sübut edir ki, digər sahələrdə olduğu kimi, burada da sistemli iş qurulmuş, yüksək intizam və tələbkarlıq yaradılmışdır.
Bizcə, bütün bunlar geniş yayılmağa, dərindən öyrənilməyə, örnək olmağa, nümunə gətirilməyə layiqdir.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında