Professor Robert Hoyland: “Nizami Gəncəvi adına qızıl medal” akademik Nərgiz Paşayeva ilə mənim gərgin əməyimizə verilən yüksək qiymətdir

“Nizami Gəncəvi adına qızıl medal” akademik Nərgiz Paşayeva ilə mənim gərgin əməyimizə verilən yüksək qiymətdir.

Bu sözləri Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland AZƏRTAC-a müsahibəsində deyib.

– Bir neçə gün əvvəl AMEA tərəfindən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunmusunuz. Sizi bu münasibətlə təbrik edirik. Yəqin ki, bu təltif sizin Azərbaycan mədəniyyətini daha dərindən öyrənib tədqiq etməyinizə əlavə stimul verəcək.

– Akademik Nərgiz Paşayeva ilə birlikdə belə bir medala layiq görülməyimiz bizim gərgin əməyimizə verilən qiymətdir. Bu, xüsusilə professor Nərgiz Paşayevaya aiddir. Çünki o, Azərbaycan tərəfindən gördüyümüz işlərin təşkil olunmasına və həyata keçirilməsinə böyük səylər göstərib. Bundan əlavə, artıq 4 ildir ki, mən Azərbaycana səfərə gəlirəm və məni həmişə burada gülərüzlə, xoş məramla qarşılayırlar. Azərbaycan artıq mənim ikinci evimə çevrilməyə başlayıb. Bu baxımdan belə bir mükafata layiq görülməyimiz mənim üçün xüsusilə çox xoşdur. Bu, bizim əməyimizə verilən qiymətdir. Təbii ki, bundan sonra da biz daha səylə çalışıb həqiqətən belə bir təltifə layiq olduğumuzu sübut edəcəyik. Ümidvaram ki, biz gələcəkdə öz işimizdə daha da maraqlı nəticələr əldə edəcəyik.

– Britaniya tərəfdən rəhbəri olduğunuz Oksord Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi necə yarandı və bu təşəbbüs necə ərsəyə gəldi?

– 2013-cü ildə Azərbaycana səfər edərək burada arxeoloji qazıntıların aparılması imkanlarını nəzərdən keçirirdim.  Səfər zamanı məni professor Nərgiz Paşayeva ilə tanış etdilər və biz onunla geniş müzakirələr apararaq imkanları araşdırdıq. Biz, həmçinin müzakirə olunan məsələlərə daha geniş baxış bucağından yanaşmalı olduq. Mən istəyirdim ki, Bərdədə arxeoloji tədqiqatlar aparım.

Çünki Bərdə şəhəri qədim Roma dövründən İslam dövrünə qədər mövcud olmuş çox əhəmiyyətli bir mədəniyyət və dövlətin paytaxt şəhəri olub. Qərb  alimləri bu dövləti Qafqaz Albaniyası adı ilə tanıyırlar. Biz, həmçinin qərara gəldik ki, bu bölgədə mövcud olmuş mədəniyyət və tarixin öyrənilməsi üçün doktorantlar və digər tələbələr üçün tədqiqat təqaüdləri təsis edək. Eyni zamanda, biz Azərbaycan və rus dillərində yazılmış elmi əsərləri ingilis dilinə çevirərək dünyada daha geniş surətdə tanıtdırmaq qərarına gəldik ki, bu əsərlər Qərbdə daha asan əldə olunsun.

– Bərdədə aparılan arxeoloji qazıntıların nəticələri haqqında nə deyərdiniz? İndiyə qədər orada çalışan arxeoloji heyət haqqında mümkünsə bir qədər məlumat verərdiniz.

– İndiyə qədər əldə etdiyimiz iki maraqlı nəticə barədə danışmaq istərdim. Bunlardan biri Nizami Gəncəvinin yaşadığı dövrə  aiddir. Buna qədər insanlar elə düşünürdü ki, bu dövr Bərdədə o qədər də inkişaf etmiş dövr deyil. Lakin biz müəyyən etdik ki, həmin dövrə aid arxeoloji lay çox qalındır. Bu laydan tapılan çoxlu sayda sənətkarlıq nümunələri onu göstərir ki, ticarət bu dövrdə intensiv xarakter daşıyıb. Bunu müəyyən etmək bizim üçün çox maraqlı idi. İkinci maraqlı məsələ isə qazıntıların aparıldığı daha dərin arxeoloji laylarda ağac və şalban qalıqlarının aşkar edilməsi olmuşdur. Laboratoriya analizi nəticəsində məlum olmuşdur ki, həmin qalıqlar miladdan sonra VI əsrə aiddir. Beləliklə, biz Bərdənin Qafqaz Albaniyasının paytaxt şəhəri olduğu dövrə yaxınlaşmışıq və tədqiqatlarımızı bu istiqamətdə davam etdiririk. Hazırda əlimizdə Bərdənin paytaxt şəhəri olmasına dair sübutun olması çox sevindirici haldır. Şəhərdə qazıntıların aparılmasına əngəl törədən məsələlərdən biri də həmin ərazidə yeni tikililərin olması, nəqliyyat vasitələrinin həmin ərazilərdən istifadə etməsi ilə bağlıdır. Ona görə də qazıntıların aparılması üçün ancaq müəyyən ərazilər seçilə bilər. Bunun üçün işlər əvvəlcədən qazıntı yerlərinin nişanlanması və səthi qazıntı nümunələrinin nəzərdən keçirilməsi ilə qədimdə orada nələrin olmasını müəyyən etməklə başlayır. Sonradan orada geniş işlərin aparılması lazım gəlir. Bu baxımdan proses çox ləng getsə də, həmişə həyəcanlı xarakter daşıyır. Bundan əlavə deyərdim ki, arxeoloji tədqiqatlara bir tərəfdən Oksford Universitetindən olan alim və tədqiqatçılar – Birləşmiş Krallığı təmsil edən heyət buraya gəlib, Azərbaycan tərəfdən isə bu işlərə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan olan gənc tədqiqatçılar cəlb olunublar. Beləliklə, hər iki tərəfdən olan heyət bir yerdə çalışır. Bundan əlavə, biz bəzən qazıntılar zamanı yerli sakinlərin əməyindən də istifadə edirik. Məhz belə birgə iş apardığımız tədqiqatı daha da maraqlı edir.

– Bizə məlumdur ki, görkəmli şərqşünas alim, akademik E.Bertelsin Nizami Gəncəvi haqqında elmi əsəri Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən bu yaxınlarda Böyük Britaniyada ingilis dilində nəşr olunub. Bu təşəbbüs haradan və necə meydana gəlib və nə zaman onun təqdimatını keçirməyi planlaşdırırsınız?

– E.Bertelsin Nizami Gəncəvi haqqında kitabının tərcüməsi bizim rus və Azərbaycan dillərində olan mühüm elmi əsərlərin tərcüməsi sahəsində gördüyümüz işlərdən ən birincisidir. Məqsədimiz bu əsərləri ingilis dilinə çevirib geniş surətdə dünyaya çatdırmaqdan ibarətdir. Bu təşəbbüs professor Nərgiz Paşayevaya məxsus idi və bu əsərdən başlamağımız da çox yerinə düşdü. Çünki şərqşünas alim olan E.Bertels həyatının böyük bir hissəsini Nizami Gəncəvinin əsərlərinin tədqiqatına həsr edib. Eyni zamanda, bu əsər Nizami Gəncəvinin dünya ədəbiyyatında xüsusi yer tutduğunu göstərir. Nizami Gəncəvi dünya şöhrətli şairdir. Ona görə çox şadam ki, biz bu əsəri ingilis dilində ərsəyə gətirmişik. Bu isə bizim tərcümə olunacaq ədəbiyyat siyahısındakı əsərlərdən yalnız biridir. Bizim siyahımızda olan digər əsərlər də qədim Azərbaycan mədəniyyətini dünyaya tədricən daha geniş surətdə tanıdacaq. Biz çox ümid edirik ki, yaxın gələcəkdə bu kitabın Oksford Universitetində təqdimatını keçirə biləcəyik. Həmçinin nəzərdə tuturuq ki, biz bu təqdimata farsdilli ədəbiyyat üzrə beynəlxalq alim və tədqiqatçıları dəvət edək.

– Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət istiqamətləri nədən ibarətdir və indiyədək hansı işlər görülüb?

– Mərkəzin 4 əsas fəaliyyət istiqaməti var və hazırda bu istiqamətlərdə müvafiq layihələr həyata keçirilir. Onlardan birincisi, 2 il əvvəl başlanan və Bərdə şəhərində aparılan arxeoloji qazıntılardır. Bu qazıntılar artıq elmi cəhətdən çox maraqlı nəticələr ortaya çıxarıb. İkincisi, hər il dünyanın müxtəlif guşələrindən olan və Azərbaycanın tarixinə, mədəniyyətinə və ədəbiyyatına, habelə onun qonşu ölkələrlə münasibətlərinin tədqiq edilməsinə, öyrənilməsinə maraq göstərən 6 tələbəyə təhsil təqaüdünün verilməsidir. Üçüncüsü, aidiyyəti elmi mövzular üzrə Azərbaycan və rus dillərində olan mühüm elmi əsərlərin, məqalələrin ingilis dilinə çevrilməsindən ibarətdir. Dördüncüsü isə xüsusilə Azərbaycan və Böyük Britaniya, eləcə də daha geniş miqyasda mədəniyyətlərarası elmi-akademik mübadilələrə imkan və şərait yaradılmasından ibarətdir. Hazırda biz bu mənada əsasən beynəlxalq seminarların keçirilməsini təmin edirik. Misal üçün, biz Şimal–Şərqi Qafqaz bölgəsinin son antik və erkən İslam dövründə vəziyyəti ilə bağlı bir mövzu seçərək elmi müzakirələr aparmışıq. Bundan əlavə, Qafqaz bölgəsində aparılan arxeoloji tədqiqatların nəticələrini müzakirə etmək üçün Azərbaycan, Rusiya, ABŞ və Avropa ölkələrindən olan alimlərin iştirakı ilə tədbir təşkil etmişik. Belə tədbirlər çox uğurlu və məhsuldar olub. Biz, həmçinin ümid edirik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında elmi-akademik mübadilələrin həyata keçirilməsinə başlaya biləcəyik.

– Hazırda Nizami Gəncəvi Elmi Mərkəzinin hansı layihəsi üzərində işləyirsiniz və növbədə hansı layihələriniz var?

– Azərbaycanda indiyədək aparılmış arxeoloji qazıntıların nəticələrinin müzakirə olunması xüsusi əhəmiyyət kəsb etdiyindən bunu qeyd etmək istərdim. Hazırda Azərbaycanda, eyni zamanda, müxtəlif bölgələrdə, məsələn, Qəbələ və Şəmkir şəhərlərində arxeoloji tədqiqatlar aparılmaqdadır. Həmin qazıntılar zamanı çoxlu sayda maraqlı maddi-mədəniyyət nümunələri aşkar edilib. Lakin bu tədqiqatların nəticəsi Azərbaycandan kənarda heç kimə məlum deyil. Təbii ki, rus alimlərinin bu tədqiqatlarda iştirak etdiyinə görə bu nəticələr ola bilsin Rusiyada məlum olsun. Amma, təəssüf ki, alimlərin gəldiyi nəticələr kifayət qədər məlum deyil. Bu baxımdan çox istərdik ki, bu arxeoloji tədqiqatların nəticələri, eləcə də qədim Azərbaycana məxsus mədəniyyət, o cümlədən incəsənət nümunələri Amerikada, Avropada daha geniş tanınsın və onlar haqda daha geniş elmi biliklər olsun.

– Ümumiyyətlə, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin gələcək fəaliyyəti haqqında fikir və düşüncələrinizi bilmək maraqlı olardı. Bu barədə nə deyə bilərsiniz?

– Biz bu Mərkəzin yaradılmasını Oksford Universitetində reallaşdırılan beşillik bir proqram vasitəsilə həyata keçirməyə başlamışıq. Biz bu işi daimi əsaslar üzərində gələcəkdə də davam etdirmək niyyətindəyik. Mərkəzin fəaliyyətini daimi əsaslar üzərində təmin etmək məqsədilə biz Birləşmiş Krallıqda Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu adlı bir təşkilat yaratmışıq. Beləliklə, məqsədimiz bu fond vasitəsilə elmi tədqiqatların aparılmasına dəstək vermək üçün vəsait toplamaq və bu xüsusda Mərkəz tərəfindən həyata keçirilən proqramların daimi fəaliyyətini təmin etməkdir. Başqa sözlə, mərkəzin özünün binasının və əlavə işçi heyətinin olmasını təmin etməyə qərar vermişik. Beləliklə, burada ümumi məqsəd mövcud olan proqramın fəaliyyət dairəsini daha da genişləndirməyə yönəlib. Bütövlükdə bu istiqamətdə aparılan işlər, o cümlədən elmi tədqiqatlar üçün adıçəkilən fonda vəsaitlərin cəlb olunması və digər fəaliyyətlər əsasən professor Nərgiz Paşayevanın təşəbbüsü və səyləri nəticəsində həyata keçirilir.

– Bizə məlumdur ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi artıq indiyə qədər müəyyən təqdirəlayiq işlər görüb. Bəs Britaniya elmi ictimaiyyətinin mərkəzin fəaliyyətinə münasibəti barədə nə deyə bilərsiniz? Təmsil etdiyiniz ölkənin elm adamlarının mərkəzin fəaliyyəti barədə məlumatları varmı və buna maraq göstərilirmi?

– Biz, – mən britaniyalı alimləri nəzərdə tuturam, – həmişə burada yüksək səviyyədə, istər AMEA-nın, istərsə də onun  Arxeologiya İnstitutunun alim və tədqiqatçıları tərəfindən böyük coşqunluq hissi, hörmət və ehtiramla qarşılanmışıq. Deyə bilərəm ki, Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi Oksord Universitetinin Şərqşünaslıq İnstitutu həmişə bizim tədbirlərimizə yüksək səviyyədə ev sahibliyi edib və universitetin çoxlu sayda alim və tədqiqatçıları, tələbələri bu tədbirlərdə iştirak edirlər. Bundan əlavə, Birləşmiş Krallığın digər təhsil ocaqlarından, xüsusilə özünün arxeoloji tədqiqatları ilə məşhur olan Edinburq Universitetindən alimlər bizim tədbirlərdə iştirak edirlər. Ümumiyyətlə, deyə bilirəm ki, Birləşmiş Krallığın müxtəlif təhsil ocaqları mərkəzimizə və onun fəaliyyətinə  böyük maraq göstərir.

– Məlumdur ki, Bərdə şəhəri və onun füsunkarlığı Nizami Gəncəvinin əsərlərində, xüsusilə “İskəndərnamə” əsərində xüsusi qeyd edilir.  Eyni zamanda, dediyiniz kimi, bu şəhər qədim Azərbaycanın paytaxt şəhərlərindən biri olub. Bərdədə arxeoloji qazıntıların aparılması onun dahi Nizaminin əsərlərində xatırlanması, yoxsa sadəcə olaraq onun qədim paytaxt şəhərlərindən olması ilə bağlıdır?

– Mən, əslində, antik dövrdən erkən İslam dövrünə keçid mərhələsini öyrənən mütəxəssisəm. Arxeoloji baxımdan həmin dövrdə mədəni həyatda baş verən dəyişikliklərin öyrənilməsi və tədqiq edilməsi mənə çox maraqlıdır. Ona görə mən bu dövrə aid ərazilərin öyrənilməsinə maraq göstərirəm. Azərbaycanda mövcud olan Bərdə şəhəri bu baxımdan maraqlı tədqiqat mövzusudur. Yazılı mənbələrdən bizə məlumdur ki, V əsrdə  Bərdə şəhəri daha öncə qeyd etdiyim Qafqaz Albaniyası çarlığının paytaxt şəhəri olub. Bu ərazi qədim Roma və İran sivilizasiyaları arasında birləşdirici körpü rolunu oynadığına görə vacib əhəmiyyət kəsb edirdi. Bu iki qüdrətli dövlətin hüdudlarına yaxın olmasına baxmayaraq, bu dövlət özünün müstəqilliyini saxlamağa nail ola bilib. Qafqaz Albaniyası, həmçinin erkən İslam dövrünə qədər mövcudluğunu qoruyub saxlaya bilib və hətta Bərdə şəhəri bu dövrdə İslam xilafətinin Cənubi Qafqazda ilk və böyük istehkamı rolunu oynayıb. Bundan sonra isə nə baş verdiyini əslində biz bilmirdik. Ona görə də arxeoloji tədqiqatları bu suala cavab tapılması üçün aparırıq. Qazıntılar nəticəsində belə məlum olur ki, Bərdə şəhəri sonrakı dövrlərdə, hətta IX-XV əsrlərə qədər özünün çiçəklənmə dövrünü yaşayıb. Nizami Gəncəvinin də yaşayıb yaratdığı illər də məhz elə bu dövrlərə aiddir. Bu isə belə deməyə əsas verir ki, təkcə Gəncə şəhəri deyil, Bərdənin özü və bəlkə də Qafqaz Albaniyasında, ümumiyyətlə, inkişaf və həyat səviyyəsi Nizaminin yaşadığı illər ərzində belə bizim düşündüyümüzdən daha yüksək nöqtədə olub.

– Bizə məlumdur ki, İslamdan əvvəl də Azərbaycanın böyük və zəngin mədəniyyəti olub. İslamdan sonra isə bu mədəniyyət dəyişikliyə uğrayıb və daha da zənginləşib. Aparılan arxeoloji tədqiqatlar İslamaqədərki mədəniyyət haqqında nə deyir?

– Bərdə şəhəri paytaxt olan dövrdə Qafqaz Albaniyası bir xristian çarlığı idi. Bu, tamamilə fərqli mənzərə ortaya çıxarır. Bu ərazi həmin dövrün iki qüdrətli dövləti tərəfindən ikili təsirə məruz qalıb. Bir tərəfdən Roma dövləti, digər tərəfdən isə İran dövləti. Hər ikisi Qafqaza nəzarət etməyə can atır və öz təsirlərini göstərməyə çalışırdı. Məsələn, VI əsr Bərdəsinə baxsaq, o dövrdə mərkəzi Konstantinopol olan xristian Bizans (Roma) imperiyasının elementlərini görmək olar. Bununla belə, bura, həmçinin İranın güclü təsiri altında olub. Məsələn, bu mənada şahənşahları, böyük qəhrəmanları mədh edən dastanlar və digər ədəbiyyat nümunələrini qeyd etmək olar. Beləliklə, bu ərazi İranla eyni ədəbi tarixi paylaşır. Baxmayaraq ki, bu ərazinin özünün qəhrəmanları vardır.  Ərazidə olmuş incəsənət və mədəniyyətə baxsaq, eyni şeyləri buna da şamil etmək olar. Beləliklə, burada hər iki qüdrətli dövlətin mədəniyyətinə xas olan elementləri görmək mümkündür. Məhz bu xüsusiyyətlər islamaqədərki Bərdəyə məxsus özəllikləri özündə ehtiva edir. Təbii ki, sonrakı dövrdə Bərdə xeyli dərəcədə islamlaşmağa doğru gedir. Belə ki, İran imperiyası süquta uğrayır. Digər tərəfdən Roma (Bizans) imperiyası ərazi baxımından xeyli kiçilir. Bu dövr Qafqaz Albaniyası üçün öz müstəqilliyini qoruyub saxlamaq baxımından olduqca vacib mərhələdir. Eyni zamanda da, o dövrün iki əsas mədəniyyətinin təsirinə məruz qalması nöqteyi-nəzərindən də bu dövrün əhəmiyyətini qeyd etmək olar.   

– Siz qeyd etdiniz ki, bir müddət əvvəl Azərbaycanı və Qafqazı öyrənən Britaniya fondu təsis edilib. Bu, kimin təşəbbüsüdür və fondun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Elmi tədqiqatlar üçün vəsaitlərin cəlb olunması məqsədilə həmişə arxa planda məqsədyönlü işlər görülür. Biz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə başlayarkən bizim işimiz donor vasitəsilə dəstəklənib və bu baxımdan bəxtimiz gətirib. Bununla belə, daha öncə qeyd etdiyim kimi, bu mərkəzin daimi əsaslarla fəaliyyətinin təmin edilməsi üçün onun əlavə donor yardımına ehtiyacı vardır. Bu baxımdan professor Nərgiz Paşayevanın təşəbbüsü ilə həmin fond təsis edilib. Bu fondun təsis edilməsində mənimlə yanaşı, üç britaniyalı alim də yaxından iştirak edib. Məqsədimiz ondan ibarətdir ki, bu fond vasitəsilə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzini daimi əsaslarla fəaliyyət göstərən bir quruma çevirək.

– Azərbaycanda dəfələrlə olmusunuz. Artıq bir neçə gündür ki, Bakıdasınız və çıxışlarınızın birində qeyd etmisiniz ki, Azərbaycan artıq sizin ikinci Vətəninizə çevrilib. Əlavə nə deyərdiniz?

– Azərbaycanın müxtəlif guşələrinə səyahət etmək mənə çox böyük zövq verir. Ərazi baxımından Azərbaycan çox rəngarəngdir. Xəzər dənizinin sahili, uca dağlar, Muğan düzənliyi bir-birini əvəzləyir və bu mənzərələrə baxmaq göz oxşayır. Odur ki, ötən 4 ildə mənə verilən belə bir imkana görə də Azərbaycana minnətdarlığımı bildirirəm.

– Müxtəlif mədəniyyətlərin kəsişməsi baxımından Azərbaycanda həm xristian, həm də İslam mədəniyyətinə məxsus abidələr və digər mədəniyyət nümunələri mövcuddur. Hər iki mədəniyyətin yanaşı surətdə mövcudluğu heç vaxt onların toqquşmasına səbəb olmayıb. Bunu bu və ya digər mənada bugünkü multikulturalizm ənənələri ilə bağlamaq olarmı?

– Ümumiyyətlə, Qafqaz bölgəsinə xas olan və böyük maraq kəsb edən məqam odur ki, bu ərazidə çoxlu sayda mikromədəniyyətlər mövcud olub. Çünki burada rəngarəng ekosistemlər mövcuddur – dağlıq ərazilər, düzənliklər, sahilboyu ərazilər. Nəticə etibarilə, bu müxtəlif ekosistemlər bir-birindən fərqli mədəniyyətlərin çiçəklənməsinə gətirib çıxarıb. Ərəb işğalı tədricən bu əraziyə gəlib çatmışdır. Bu, o deməkdir ki, İslamdan əvvəlki mədəniyyət birdən-birə yox olmayıb və islamlaşma prosesi tədricən baş verib. Ona görə də yerli mədəniyyətlər hələ bir müddət inkişaf edib. Deyə bilərəm ki, burada farsdilli icmalar müəyyən müddət mövcudluğunu qoruyub saxlaya bilib. Bundan əlavə, xristian icmaları XV əsrə qədər özəlliklərini qoruyub saxlaya bilib. Xristianlığın süqutu, əslində, Şimali Qafqazdan üzü aşağıya doğru başlayıb. Təbii ki, müəyyən mühitlərdə müvafiq mədəniyyətlər özünü qoruyub saxlaya bilib. Müsəlman səyyahlar dünya səyahətinə çıxarkən həmişə Qafqaza valeh olduqlarını qeyd ediblər. Onlar burada olan müxtəlif dillər haqqında məlumatlar verərək qeyd ediblər ki, bu ərazidə ən azı 360 müxtəlif dil vardır. Ona görə deyə bilərik ki, İslam bu əraziyə tədricən gəlib və yerli mədəniyyətləri heç də əzib keçməyib.

– Moskva Dövlət Universitetinin Bakı filialı barədə təəssüratlarınız?

– Mən bir neçə dəfə MDU-nun Bakı filialında olmuşam. İki dəfə universitet tələbələrinin özlərinin iştirak etdiyi musiqili proqramı izləmişəm. Bu tələbələrin yüksək musiqi qabiliyyəti və bacarığı məndə çox xoş təəssüratlar yaradıb. Eyni zamanda, tələbələrin ingilis dili səviyyəsinin və ümumilikdə, biliyə həvəs səviyyəsinin yüksək olması da hiss edilir. Əlbəttə, bu, təqdirəlayiqdir.

Bildiyiniz kimi, professor Nərgiz Paşayeva da Oksford Universitetinə səfər edib. O, universitetin şərqşünaslıq fakültəsində keçirilən elmi seminarda çıxış edib. Biz ikimiz də ümid edirik ki, gələcəkdə Oksford Universiteti və MDU-nun Bakı filialı arasında, xüsusilə filologiya və müxtəlif dillərin öyrənilməsi sahəsində tələbə mübadiləsini həyata keçirə biləcəyik.

P.S. Qeyd edək ki, Nizami Gəncəvi Elmi Mərkəzi  Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin universitetin təkcə şərqşünaslıq  fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində  digər sahələrdə  elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında