Vidadi Muradov: Azərbaycanda xalçaçılığın geniş inkişaf perspektivləri vardır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması  müasir Azərbaycan Respublikasının həyatında mədəni, sosial-iqtisadi əhəmiyyət kəsb edən mühüm hadisə olmuşdur. Cəmiyyətin birillik fəaliyyəti, uğurları və perspektivləri haqqında “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovla söhbət apardıq.

– Vidadi müəllim, sizinlə ölkəmizdə ilk dəfə qeyd olunan 5 May – “Xalçaçı Günü” peşə bayramı ərəfəsində görüşürük.

– “Xalçaçı Günü” peşə bayramının təsis edilməsinə görə bütün xalçaçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,  onun daxili və xarici siyasətini dəstəkləyən, respublikamızın ayrı-ayrı sahələrində olduğu kimi, xalçaçılığa da diqqətini əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.  “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi həm xalçaçılıq, həm də ümumilikdə Azərbaycanın tarixi baxımından mühüm siyasi-ictimai əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycan Respublikasında bütün peşə və sənət sahələrinə dövlət səviyyəsində daim qayğı və diqqət göstərilir.  Azərbaycan təqvimi səhiyyə, elm, ədliyyə, təhsil, hərbi, mədəniyyət, sosial, iqtisadiyyat kimi sahələri əks etdirən və dövlət səviyyəsində qeyd olunan peşə bayramları ilə zəngindir. Azərbaycan ərazisində xalçaçılıq tarixən böyük təkamül yolu keçmiş, ayrı-ayrı bölgələrə xas olan texnoloji xüsusiyyətlər, forma göstəriciləri, bədii çalarlar, rəng həlli qazanmışdır. Xalçanın toxunması, emalı, bərpası, ticarəti və boyaqçılıq kimi yardımçı sahələri əhatə edən xalçaçılıq kompleks xarakterlidir. Bu qədim el sənəti xalçaçıların fədakar əməyi sayəsində davam etdirilmiş və gənclərə öyrədilmişdir. Xalçaçılıq sənətini illərin ağır sınaqlarından, maddi-mənəvi sıxıntılarından keçirərək yaşatmış və inkişaf etdirmiş insanlar böyük ehtirama layiqdirlər. Onlar xalçaçılığın keçmişi ilə bu günü arasında möhkəm körpü, eyni zamanda, vasitəçi kimi bu gözəl el sənətinin Azərbaycan Respublikasının iqtisadiyyatında müstəqil və gəlirli istehsal sahəsinə çevrilməsində mühüm rol oynamışlar. Dövlətimiz məhz belə insanların əməyini qiymətləndirmiş, onlara böyük etimad göstərərək milli təqvimimizə “Xalçaçı Günü” peşə bayramını daxil etmişdir. 

– Xalçaçılıq Azərbaycanın sənət, eyni zamanda, iqtisadiyyat və ticarət tarixinin ayrılmaz hissəsidir. Rəhbərlik etdiyiniz “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması Azərbaycan Respublikasının yeni iqtisadi-sosial siyasətinin bəhrəsidir. Artıq fəaliyyətinizin bir ili arxada qalıb. Cəmiyyətin iş prinsipləri, vəzifələri haqqında nə deyə bilərdiniz?

– “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti respublikamızın əsas xalçaçılıq mərkəzidir. Birillik fəaliyyətimiz müddətində bu çətin, eyni zamanda, məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışmışıq. Azərbaycan xalçaçılığı kompleks anlayışdır. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. “Azərxalça” ASC respublikada xalçaçılıq sənayesini məhz bu kompleks yanaşma əsasında inkişaf etdirir. Onu kütləvi istehsal sahəsinə çevirməklə, respublikamızda dayanıqlı və sağlam təməllər üzərində xalçaçılıq şəbəkəsi yaradır. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

– Respublikamızda xalçaçılıq
ənənələrinin vəziyyətini necə qiymətləndirirsiniz? Perspektivlər hansı səviyyədədir?

– Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir. Burada xalçaçılığı yaratmaq və inkişaf etdirmək üçün tarixən istedadlı və zövqlü xalçaçılar, eyni zamanda, onun düzgün ticarətini təşkil etmək, beynəlxalq miqyasda tanıtmaq üçün tacirlər və səyyahlar olub. Zəngin xammal bazasının, xüsusilə, qoyunçuluq təsərrüfatlarının və təbii boyaq maddələrinin olması bu ərazidə xalçaçılıq üçün geniş imkanlar yaratmışdır. Son orta əsrlər, xüsusilə XVII-XIX əsrin birinci yarısı dünyanın xalça ticarətində Azərbaycan xalçalarının dövriyyəsi yüksək olmuşdur. Bu da, ilk növbədə, biz xalçaçıların əməyinin yüksək məhsuldarlığından irəli gəlmişdir. Bəzi sosial-iqtisadi amillərlə əlaqədar olaraq zəifləmələr və geriləmələr, hətta durğunluq yaransa da, istehsal miqyası daralsa da, xalçaçılıq Azərbaycan ərazisində daima mövcud olmuşdur. Bu, bir ailə sənəti olaraq öyrədilmiş, təbliğ edilmişdir. “Azərxalça” ASC-nin regionlar üzrə apardığı tədqiqatlar göstərir ki, ölkəmizdə  bu sahəni inkişaf etdirmək üçün perspektivli toxucu kadrları, zəngin təbii və təsərrüfat imkanları vardır.

– 2016-cı il noyabrın 12-də cəmiyyətin fəaliyyətə başlamış ilk filialında – Füzuli filialında vəziyyət necədir?

– Cəmiyyətin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından biri – Füzuli rayon filialı Horadiz şəhərində artıq tam gücü ilə fəaliyyət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuş bu filialda 150 toxucu, 10 nəfər inzibati-texniki işçi olmaqla, Füzuli rayonunun kəndlərindən 160 nəfər çalışır. Burada indiyədək 43 dəzgahda qədim Azərbaycan çeşniləri əsasında müxtəlif ölçülü 70-ə yaxın xalça toxunmuşdur. Ümumilikdə, indiyədək cəmiyyətdə xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanmış və onların bir qismi istehsalatda tətbiq edilmişdir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük veririk.

– Daha hansı rayonlarda filialların yaradılmasını planlaşdırırsınız?

– Respublikanın Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarında yerli icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilmiş ərazilərdə “Azərxalça”nın digər filial binalarının tikintisinə başlanılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə  Cəmiyyətin Şəmkir filialı fəaliyyətə başlayacaq. Hazırda filialın maddi-texniki bazasının yaradılması, həmçinin xalça dəzgahlarının, ləvazimatların hazırlanması, kadrların seçilməsi prosesi başa çatdırılmış, xammal ehtiyatı toplanmışdır.  Burada da Şəmkir rayonundan olan 150 toxucu və 10 nəfər inzibati-texniki işçi daimi iş yeri ilə təmin ediləcək. Ümumiyyətlə, 2017-ci ilin sonunadək – birinci mərhələdə cəmiyyətin Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları da istifadəyə veriləcək. 2018-2019-cu illərdə – hər il respublikanın daha 10 rayonunda filiallar yaradılması, bununla da cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün respublikamız həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensial imkanlara malikdir.  

– Cəmiyyət xalçaçı kadrların hazırlanması işini hansı prinsiplər əsasında aparır?

– Bütün iş prosesi ilə paralel olaraq rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilmişdir. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Bu toxucuların arasında gənclər də var. Gənclərin sayəsində toxuculuq sənəti nəsildən-nəslə ötürüləcək və dünya irsinin ayrılmaz parçasına çevrilən xalçalarımız daim diqqət mərkəzində qalacaq. Kurslarda tədris alan toxucular Cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, respublikamızın hər rayonunda xalçaçılıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Və filiallar yaradılarkən hər bir rayonun məhz yerli kadr potensialına əsaslanılır.

– Siz Azərbaycan xalçasının xammal bazasından bəhs etdiniz.  Bu bazanın yaradılması indi hansı səviyyədədir?

– “Azərxalça” ASC yerli xammal əsasında Azərbaycan xalçası toxumağı qarşısına məqsəd qoyub. Bunun üçün ölkəmizin geniş imkanlara malik olduğunu yerli və xarici ekspertlər də təsdiqləyirlər. Məlumat üçün bildirim ki,  İqtisadiyyat Nazirliyi ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək əyirici-boyaq fabrikinin yaradılması istiqamətində işlər görülür. Respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. Bu ilin may ayından etibarən bir il ərzində 52 rayondan 1000 ton yunun tədarük olunması nəzərdə tutulur. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 70 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə ediləcəkdir. Belə bir müəssisənin yaradılması Azərbaycan yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək.

– Azərbaycan xalçalarının beynəlxalq aləmdə təbliğatını qənaətbəxş hesab edirsinizmi?

– Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin 14-17 yanvar tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq satış sərgisində təqdim etmişdik. Bu tədbirdə bir daha yüksək keyfiyyətli Azərbaycan xalçasına olan marağın, diqqətin şahidi olmuşduq. DOMOTEX beynəlxalq sərgisi əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi. Bu ilin 10-13 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək növbəti beynəlxalq xalça sərgisində “Azərxalça” daha geniş çeşidli istehsal nümunələri ilə iştirak edəcəkdir.

– Sizinlə söhbətimizdən bir daha aydın oldu ki, Azərbaycan yaxın gələcəkdə dünyanın aparıcı xalça istehsalçılarından birinə çevrilmək üçün bütün imkanlara, “Azərxalça” isə bu imkanları reallaşdıra biləcək qədər güclü potensiala malikdir. Sizi və kollektivinizi, eyni zamanda, respublikamızın bütün xalçaçılarını ilk peşə bayramı münasibətilə təbrik edirik.

– Çox sağ olun! Biz xalçaçılar  ilk peşə bayramımızı böyük ruh yüksəkliyi ilə qeyd edirik. Əminik ki, Azərbaycanda xalçaçılıq həm mədəniyyət, həm də aparıcı iqtisadi sahələrdən biri kimi dövlətimizin ümidlərini doğruldacaq. “Azərxalça” ASC bundan sonra da bütün gücünü səfərbər edərək milli xalçaçılıq sənayemizin inkişafı istiqamətində yorulmadan çalışacaq. 

Müsahibəni qələmə aldı:
Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında