IV Mədəniyyətlərarası Dialoq Forumu 40-dək beynəlxalq təşkilatı bir araya gətirəcək

Paytaxtımız növbəti beynəlxalq nüfuzlu tədbirə hazırlaşır. Mayın 4-dən 6-dək Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) ev sahibliyi edəcək. Yenə də dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, siyasətçilər, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, alimlər Bakıya üz tutacaqlar. Elə bu ərəfədə forumla bağlı daha geniş məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ÜMDF-nin Təşkilat Komitəsi və beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə ilə görüşüb söhbət etdik.

– Vasif müəllim, Bakıda artıq 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Budəfəki forumun əvvəlkilərdən fərqi nədədir?

– Əvvəla bu mötəbər tədbirə xüsusi diqqət ayırdığına görə AZƏRTAC-ın kollektivinə təşəkkür edirəm. Bildiyiniz kimi, ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qlobal təşəbbüsüdür. Təsadüfi deyil ki, bu Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Tədbirin dəvət məktubları Azərbaycan tərəfi ilə yanaşı, adlarını qeyd etdiyim təşkilatların  rəhbərlərinin birgə imzası ilə göndərilib. Bu addım dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə bariz nümunədir. IV Forumun “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və  davamlı inkişaf üçün yeni imkanlar” şüarı gələn il 10 yaşı tamam olacaq  “Bakı prosesi”nin bütün mərhələlərindəki çağırışları və beynəlxalq gündəlikdə duran məsələləri əks etdirir. Bu baxımdan forum çərçivəsində ölkəmizin təklifi və tərəfdaş beynəlxalq qurumların dəstəyi ilə bir sıra yeni təşəbbüslərin əsası qoyulacaq.

 

“Bakı prosesi” və ya beynəlxalq tədbirlərin formatında yeni ənənələr

 

– Siz “Bakı prosesi”ni qeyd etdiniz. Dövlətimizin başçısı İlham Əliyev bu prosesin beynəlxalq əhəmiyyətini dəfələrlə qeyd edib. İstərdik ki, “Bakı prosesi”nin tarixindən danışasınız.

– Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə oktyabrın 13-15-də paytaxtımızda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib.

Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır.

Bu sıraya Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını, ­Dünya Dini Liderlərinin Sammitini, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumları, eləcə də Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş Avropa Oyunlarını, forumdan sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bütün bunlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.

 

Altı mühüm təşəbbüs, 40-dək sessiya və tədbir

 

– Siz yeni təşəbbüslər dediniz. Onlar hansılardır və əhəmiyyəti nədən ibarətdir?

– Birinci mühüm təşəbbüs forum çərçivəsində ilk dəfə olaraq Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısının keçirilməsidir. Məqsəd Azərbaycanın təşəbbüsü ilə dünyanın siyasi, mədəni, hərbi, iqtisadi, sosial, maliyyə və digər beynəlxalq təşkilatları “Mədəniyyətlərarası dialoq, sülh, insan təhlükəsizliyi və davamlı inkişaf” mövzusunda ilk dəfə bir araya gətirərək birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirməkdən ibarətdir. Bununla da ölkəmiz həm mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq təşkilatlar arasında əməkdaşlıq mühiti yaradır, həm də bu istiqamətdə vasitəçilik potensialını ortaya qoymuş olur. Təqribən 40-dək beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri həm forumda, həm də onun çərçivəsində keçiriləcək bu iclasda iştirak edəcək. İlk dəfədir ki, bu sayda beynəlxalq təşkilat ölkəmizdə bir araya gəlir.

İkinci vacib təşəbbüs Azərbaycan dövləti ilə UNESCO-nun birgə forum çərçivəsində “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” adı altında qızların təhsili vasitəsilə zorakı ekstremizmin qarşısının alınması, miqrant və qaçqın problemlərini ehtiva edən yüksək səviyyəli tədbirin keçirilməsi və bu tədbirdə “Qlobal Çağırış”ın elan edilməsidir. Görüşdə qızların təhsilinin zorakı ekstremizmin qarşısının alınmasında rolu, münaqişə və ekstremizmin qızların təhsilinə vurduğu zərər, qaçqın və miqrant qızların təhsil problemləri müzakirə olunacaq. Bu layihənin özəlliyi ondadır ki, bu, daim UNESCO-nun gündəliyində və fəaliyyətində yer alan bir proqram olacaq.

Üçüncü əhəmiyyətli təşəbbüs Azərbaycanın təklifi ilə forum çərçivəsində hökumət rəhbərləri və nazirlərin təmsil olunacağı Dünya Forumu Nazirlər Görüşünün təsis edilməsidir. Bu toplantı forumda təmsil olunacaq hökumət rəsmilərinə imkan verəcək ki, öz dövlətlərinin mövqeyini rəsmi şəkildə ifadə edə bilsinlər. Burada, həmçinin biz üçüncü dəfədir ki, mədəniyyət və turizm sahələrinə cavabdeh nazirliklərin, dövlət qurumlarının bir araya gəlməsinə imkan yaradırıq.

Dördüncü vacib təşəbbüs “Bakı prosesi” və forum çərçivəsində ilk dəfə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiyanın keçirilməsidir. Bu tədbirə əsasən təşkilatın xoşməramlı səfirləri və digər rəsmi şəxslər dəvət olunub.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfiridir və bu layihə məhz onun dəstəyi ilə gercəkləşəcək. Növbəti aylarda layihənin 2-ci mərhələsi Romada təşkilatın baş qərargahında böyük tədbir kimi davam edəcək.

Beşinci mühüm təşəbbüs ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilməsidir. Bu mənada forum çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu?” mövzusunda xüsusi sessiya keçiriləcək. Yəni, Azərbaycanın təşəbbüsü ilə parlamentlər də bu prosesə aktiv cəlb olunur və hətta braziliyalı deputatın təklifi ilə bu mövzuda xüsusi bir layihənin əsası qoyulacaq.

Altıncı mühüm təşəbbüs Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “Mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı prosesi” mükafatı”nın elan edilməsidir. Bu mükafat beynəlxalq səviyyədə elan olunur və beynəlxalq münsiflər heyətinin qərarı ilə bu sahədə dünyanın çox nüfuzlu şəxsinə təqdim olunacaq. Mükafat “Bakı prosesi”nin 10 illik yubileyi şərəfinə hazırlanır və 2018-ci ildə qalibə təqdim ediləcək.

Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə 2015-ci ildəki forumda əsası qoyulmuş, UNESCO-nun dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən mədəniyyətlərarası və dinlərararası dialoq üzrə kafedra və elmi mərkəzlərin ilk toplantısının davamı olaraq 2-ci toplantısı da IV Forum çərçivəsində baş tutacaq. Yəni, dünyanın bu sahə üzrə nüfuzlu elm adamları, fikir sahibləri bizim vasitəçiliyimizlə yenidən bir araya gələcəklər.

Qeyd etdiyim tədbirlərlə yanaşı, forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun yüksək səviyyəli tədbirləri BMT tərəfindən həm onların televiziyası, həm də internetdə canlı yayımlanacaq. Bu ilk hadisədir ki, bilavasitə BMT-nin tədbiri olmasa da BMT vasitəsilə canlı yayım təmin ediləcək.

 

Dövlət qurumlarını və ziyalıları forumda fəal olmağa çağırırıq

 

– Bəs bütün bu tədbirlər və layihələr ölkəmizə nə verir?

– Gördüyünüz kimi, bu forum bir tədbir olmayıb, böyük strateji hədəflərə hesablanan prosesdir. Yəni burada ölkəmizin beynəlxalq qurumlararası münasibətlərə, beynəlxalq təşkilatlarla ölkələr arasında münasibətlərə, ölkələrarası əlaqələrə, ölkələr daxilində qurumlararası münasibətlərə töhfə vermə imkanları qazandıran fəaliyyətdən söhbət gedir. Ona görə də bütün dövlət qurumlarını və intellektual, ziyalı insanlarımızı bu tədbirdə fəal olmağa və geniş əlaqələr qurmağa dəvət edirik. Bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir. Bir məqama toxunmaq istərdim. Bilirsiniz, zaman hər hadisəyə lazımi qiymətini verir. “Bakı prosesi” 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən başlananda regional layihə idi və İslam dünyası ilə Avropa arasında dialoqu nəzərdə tuturdu. Daha sonra, əvvəldə qeyd etdiyim kimi, 2010-cu ildə BMT Baş Məclisində Prezident İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü irəli sürüldü. Bu, artıq dünyaya mesaj idi və ölkəmizin qlobal səviyyədə mədəniyyətlərarası münasibətlərə töhfəsini nümayiş etdirdi. Sonrakı hadisələr göstərdi ki, ölkəmizin məqsədi beynəlxalq arenada universal dəyərlərə söykənən sistemin və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu dəyərlər isə tarixən Azərbaycan xalqının milli xüsusiyyətində, həyat tərzində, düşüncəsində, mehriban birgəyaşama mədəniyyəti formasında mövcud olaraq dövlətimizin siyasətində də öz əksini tapıb. Məhz bu amillərə görə Azərbaycan Prezidenti 2011-ci il 27 may tarixli fərmanı ilə forumun təşkilində Mədəniyyət və Turizm Nazirliyini əlaqələndirici qurum təyin edib. Əsas məqsədlərdən biri bu cür forumlar vasitəsilə həm xalqımızın çoxminlilik mədəniyyətini, həm də müasir inkişaf mədəniyyətini beynəlxalq aləmə təqdim etməkdir.

– Yəni tolerantlığın təbliğinin dövlətimizin siyasətində xüsusi yeri var. Elədir?

– Əgər subyektiv mövqeyimi bilmək istəyirsinizsə deyərdim ki, xalqımız tolerantlıq hissinə malik olmaqdan daha da irəlidədir. Bizim mədəniyyətimiz, başqalarına münasibətimiz dözümlülükdən daha irəli gedərək digərlərini qəbul etmə prinsipinə əsaslanır. Bu prinsip və dəyərlərin dərin kökləri var və tariximiz bunu sübut edir. Azərbaycan xalqı tarix boyu heç bir işğalçı fəaliyyətin iştirakçısı və təşkilatçısı olmayıb. Əksinə, daim bunun qurbanı olub. Bizə qarşı bütün ədalətsizliklərə baxmayaraq xalqımız və dövlətimiz sülh və əməkdaşlığa, mədəniyyətlərin dialoquna inam və etimadını nəinki qoruyub saxlayıb, həm də dünya səviyyəsində bütün imkanlarından istifadə edərək bu xoşməramlı dəyərləri təbliğ edib və bu gün də edir.

– Vasif müəllim, yekunda forum iştirakçılarının tərkibi barədə nə deyə bilərsiniz?

– Hazırda forumda iştirak etmək üçün 120-dək  ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan rəsmilər, 50-dən çox qeyri-hökumət təşkilatları qeydiyyatdan keçib. Təqribən 800-dən çox xarici nümayəndənin forumda iştirakı gözlənilir. Buraya dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament rəsmiləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Onlar beynəlxalq birliyi təmsil edirlər. Bütün bunlar dövlətimizin siyasətinə dəstəyin ifadəsidir.

Məlumat üçün deyim ki, forumun açılış mərasimi dünya memarlığının nadir incilərindən biri olan Heydər Əliyev Mərkəzində, digər yüksək səviyyəli sessiya və tədbirlər isə Bakı Konqres Mərkəzində keçiriləcək. İnanırıq ki, hər şey ölkəmizin və dünyanın təhlükəsiz gələcəyi naminə istədiyimiz kimi olacaq.

– Maraqlı müsahibəyə görə çox sağ olun.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında