Məlum olduğu kimi, möhtərəm Prezident İlham Əliyev ötən il dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Ölkənin müvafiq təşkilatları, həmçinin cəmiyyətin ziyalı təbəqəsi intellektual potensialını və imkanlarını bu fərmandan irəli gələn vəzifələrin icrasına səfərbər edib. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri də ümumrespublika məsuliyyətli təşəbbüslərə qoşulublar. Martın 17-də institutun elmi şurasının iclasında müəssisənin “Strateji yol xəritələri”ndə nəzərdə tutulan vəzifələrin icrası ilə əlaqədar mövcud elmi potensialından bəhs olundu. İnstitut əməkdaşları illər ərzində aparmış olduqları tədqiqatların istehsalatda tətbiq oluna biləcək nəticələrini müvafiq yol xəritələrinə təklif edir, həmçinin yeni mühüm tədqiqatların aparılmasını nəzərdə tuturlar. GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun bu mövzuda müsahibəsini təqdim edirik:
– Dadaş müəllim, dünyanın enerji təhlükəsizliyi sahəsində alternativ enerji əsas hədəflərdən biridir. İnstitutumuzun alimləri bu sahədə “Strateji yol xəritələri”nə nə kimi təkliflər irəli sürürlər?
– İlk növbədə, onu deyim ki, BMT Baş Assambleyasının 33/148 saylı Qətnaməsində yanar şistlər xüsusi əhəmiyyət kəsb edən alternativ enerji mənbələri sırasına daxil edilir. Bu mənada qeyd etməyə dəyər ki, Azərbaycanda geniş inkişaf tapmış həm yanar şistlərin, həm də təbii bitumların yanacaq-enerji və xammal resursları kimi öyrənilməsi və istifadə perspektivləri ilə əlaqədar institutumuzda 1990-cı ildən indiyə qədər tədqiqatlar aparılır. İndiyədək ilk dəfə olaraq “Azərbaycanın yanar şist və təbii bitum resursları” xəritəsi 1:1000000 miqyasda tərtib olunmuşdur. Əsasən Şamaxı-Qobustan, Abşeron, Şirvan, İsmayıllı və Quba rayonlarında öyrənilmiş 120-yə yaxın yanar şist və təbii bitum çıxışlarının təsnifatı proqnoz resurslarına nəzərən yataq və təzahür kateqoriyasına uyğun qiymətləndirilib, keyfiyyətli yanar şist və təbii bitum saxlayan perspektivli sahələr ayrılıb, şist sənayesi inkişaf etmiş 16 ölkənin yanar şistləri ilə Azərbaycanın eyniadlı resursları keyfiyyət parametrlərinə görə müqayisə olunub. Müvafiq ölkələrin təcrübəsi nəzərə alınmaqla, bu tip enerji resurslarının istifadə sahələri elmi əsaslandırılıb. Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə görülmüş bu işlər barədə yerli və xarici elmi nəşrlərdə çap olunmuş çoxsaylı məqalələrdə məlumatlar verilir.
Aparılmış kompleks elmi-tədqiqat işlərinin nəticələrinə əsasən yanar şistlərin və təbii bitumların mümkün istifadə sahələri “Strateji yol xəritələri”nə təklif edilir. Bunlardan biri kiçik həcmli istilik elektrik stansiyalarında şistlərin yandırılaraq xammal, həmçinin onun külündən kənd təsərrüfatında mineral gübrə kimi istifadə olunmasıdır. Digəri isə yanar şistlərin və təbii bitumların neft-kimya məhsullarının, o cümlədən sürtmə yağları, liqroin, benzol, fenol və s.-nin hazırlanmasında, Zn, V, Cr, Mn, Co və s. kimi mikroelementlərin alınmasında, ixtiol və naşatir spirti kimi tibbi preparatların əldə edilməsində istifadəsidir.
Bunlardan əlavə, institutumuzda qeyri-ənənəvi enerji mənbələri kimi, şist qazı və şist nefti istiqamətlərində, həmçinin alternativ enerji növlərindən biri olan geotermal enerji və onun Azərbaycanda tətbiqi sahəsində də geniş tədqiqatlar həyata keçirilir. Hesab edirik ki, bu işlərimizin də potensialından istifadə etmək zəruridir.
– Geologiya elmi ekoturizmin inkişafı sahəsinə nə kimi töhfələr verə bilər?
– “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə turizm sahəsində elmi tədqiqatların aparılmasına dəstək məqsədilə bir sıra tədbirlərin görülməsi planlaşdırılır. Bu mənada, sənəddən irəli gələn vəzifələri institutumuzun əməkdaşları yaxşı başa düşürlər. Azərbaycan Respublikası əhəmiyyətli ekoturizm və etnoturizm imkanlarına malikdir. Həmçinin ərazidə çoxsaylı arxeoloji və memarlıq abidələri, nadir geoloji və geomorfoloji obyektlər geniş yayılmışdır. Bu potensialın əsasında “Vahid məkanda dörd qoruq” modelindən istifadə etməklə Təbiət və Humanitar İrs Milli parklarının (Geoekoarxoparkların) yaradılması məqsədəuyğun sayılır. Təklif edilən modelin tətbiqi yığcam bir ərazidə yerləşən və mühafizə edilən müxtəlif təyinatlı abidə və obyektlərdən istifadə meyarlarının müəyyən edilməsi, onların inventarlaşdırılması, turizm potensialının təyini və istifadə metodikasının işlənməsi, nəticə olaraq müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını nəzərdə tutur. Ərazi üçün əsas meyarlar ondan ibarətdir ki, zəngin ekoloji potensial, o cümlədən müxtəlif növ landşaftlar, təbii su obyektləri, nadir heyvan və bitki növləri mövcuddur. Həmçinin yerli əhalinin ənənə, mədəniyyət və peşəkarlıq potensialı zəngindir, insanların müxtəlif dövrlərdə yaşadığı arealların, bunlarla əlaqəli arxeoloji, memarlıq, iqtisadi fəaliyyət və digər nümunə və obyektlər mövcuddur. Təbii irs kimi çıxış edən cansız aləm nümunələri – palçıq vulkanları, ekzotik qayalar, vulkanik günbəzlər, mağaralar, kanyonlar, nadir stratiqrafik, tektonik, mineraloji və faydalı qazıntı obyektləri və s. də əsas meyarlardandır.
Milli parkların yaradılması üçün böyük potensiala malik ərazilər kimi Culfa-Ordubad, Cənub-Şərqi Qobustan, Abşeron, Qəbələ-İsmayıllı, Şamaxı-Quba (Xaltan-Xınalıq), Qusar (Təhircal-Ləzə), Daşkəsən-Gədəbəy və Lerik-Yardımlı ərazilərini göstərmək olar.
Bunlardan əlavə, bildiyiniz kimi, Azərbaycan palçıq vulkanları diyarıdır. Azərbaycanın şərqində quru və dəniz ərazilərində 350 palçıq vulkanı mövcuddur. Onlar ekoturizm üçün çox əhəmiyyətli və maraqlı obyektlərdir. Bakıdan cənub və qərb istiqamətlərində yerləşən və dünyada analoqu olmayan möhtəşəm, gözəl baxımlı və aktiv fəaliyyətli vulkanlar vardır. Onlardan turizm məqsədi ilə istifadə etmək üçün geniş potensial vardır.
Ərazilərində palçıq vulkanları olan ölkələrin təcrübəsi göstərir ki, oradakı vulkanlar turist marşrutlarına salınır və bu da həmin ölkələrin turizmlə bağlı iqtisadi göstəricilərinə əhəmiyyətli təsir göstərir. Bu baxımdan, Azərbaycanın palçıq vulkanlarının ekoturzm obyektləri kimi istifadə edilməsi, həmçinin onların beynəlxalq turizmə cəlb olunması indiki dövrdə ölkə üçün xüsusi aktuallıq təşkil edir və bu, çox vacib məsələdir. Bununla əlaqədar olaraq, palçıq vulkanizmi şöbəsinin əməkdaşlarının əməyi sayəsində müəyyən təşkilatı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onların sırasında palçıq vulkanlarına 3-4 turist marşrutlarının planının hazırlanması, həmin vulkanlar haqqında lazımı məlumatların toplanılması, o cümlədən hər vulkan üçün ayrıca bukletin, vulkanların yerləşmə xəritəsinin, Azərbaycanın palçıq vulkanlarına həsr olunmuş bələdçi kitabçasının Azərbaycan, ingilis, rus dillərində hazırlanması və nəşrini qeyd etmək olar.
Turizmin inkişafı məqsədi ilə Qax rayonunun turizm marşrutlarından biri olan İlisu kəndi, onun turizm obyektləri, tarixi, termal suları və s. haqqında buklet hazırlayıb çap etmək nəzərdə tutulur. Hesab edirik ki, bütün bunlar qeyd olunan strateji yol xəritəsində nəzərdə tutulan vəzifələrlə uzlaşır.
– İnstitut sənayenin inkişafında hansı təşəbbüslərlə iştirak etmək niyyətindədir?
– Ötən il dekabrın 6-da qəbul edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə sənayenin inkişafı üçün yerli xammaldan, ilk növbədə filizlərdən geniş istifadə edilməsinə xüsusi yer ayrılıb. Hesab edirik ki, bu, tam zamanında qəbul edilmiş sənəddir. Ona görə ki, bu sahədə indiyəqədərki vəziyyət qənaətbəxş deyildir. Belə ki, dünya dağ-mədən sənayesinin inkişafı yeni innovasiyalar əsasında çox sürətlə irəlilədiyi halda yataqlarımızın köhnə ənənəvi hasilat üsulları ilə işlənilməsi artıq müasir tələblərə cavab vermir. Hazırda Azərbaycanda dağ-mədən şirkətlərinin fəaliyyətindən birmənalı nəticə çıxarmaq olar ki, respublikanın başqa filiz yataqlarının bu şəkildə istismarı, filizlərin kompleks şəklində emal edilməməsi həm iqtisadi, həm də ekoloji cəhətdən qəbuledilməzdir. Bununla əlaqədar olaraq, institutumuzda “Membranlı filiz emalı texnologiyası” adlı layihə təklifi hazırlanıb. Məqsəd membran texnologiyalar əsasında filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli komponentlərin çıxarılma üsullarının işlənməsi və texnoloji qurğunun hazırlanmasıdır.
Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqayın rəhbərliyi ilə hazırlanmış layihə çərçivəsində yeni texnologiyalar arasında ən səmərəli sayılan membran və elektromembran texnologiyalar istifadə olunacaqdır. Bir çox metallara qarşı seçicilik xüsusiyyətinə malik olan membranları elektrodializ qurğusunda işlətməklə bilavasitə filizlərdən, filiz emalı zamanı əmələ gələn məhlullardan və tullantılarından lazım olan komponentləri ayırmaq və saf hala gətirmək üçün yollar araşdırılacaq. Nəticədə hər bir filizin və ya tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq münasib membran qrupunu tərtib etmək və texnoloji rejimi təyin etməklə bu filizə aid yeni emal üsulu işlənib təklif olunacaqdır.
Bütün bu prosesləri reallaşdırmaq məqsədilə elektrodializ prinsipi əsasında sınaq tipli pilot qurğusu hazırlanacaq. Bu qurğu bir tərəfdən sənaye miqyaslı emal texnologiyasının parametrlərinin təyini, digər tərəfdən əlvan və nadir metalların kiçik filiz yataqlarından və təzahürlərdən çıxarılması üçün müstəqil qurğu kimi istifadə olunacaq.
Əməkdaşlarımız bu mövzuya yaxın olan yeni alunit texnologiyasının işləyib hazırladıqları zaman xeyli təcrübə toplayıb və layihənin müvəffəqiyyətlə yerinə yetirəcəklərinə əmindirlər.
Layihə nəticəsində filizlərin və tullantılarının kompleks şəklində istifadəsi, çox səmərəli və ətraf mühitə ziyan vurmayan yeni emal texnologiyaları dağ-mədən sənayesi üçün təklif olunacaq və yaradılan pilot qurğusu kommersiyayönlü işlədiləcək.
1960-2001-ci illərdə Uraldan gətirilən dəmir kolçedanı və Kola yarımadasından gətirilən flüroapatit əsasında Sumqayıt superfosfat zavodundan 1 milyon tona yaxın (monokalsium) superfosfat alınır, bütün Cənubi Qafqazı və eyni zamanda, Rusiyanın Rostova qədər olan sahələrini təmin edirdi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra əlaqələr kəsildi və xammal yoxluğuna görə bu zavod öz fəaliyyətini dayandırdı. Əlbəttə, burada daha çox ziyan çəkən Azərbaycan oldu. Hazırda respublikaya lazım olan 250-350 min ton gübrə çox baha qiymətə xarici ölkədən alınır. Bununla bərabər vaxtı ilə gübrə istehsal olunan qurğuda həm meliorant, həm də xammalların birinin digərinə nisbətindən asılı olaraq bitki mühafizəedici birləşmələr alınırdı. Çox təəssüf ki, indi bunların heç biri yoxdur. Mövcud vəziyyəti nəzərə alaraq təklif edirik ki, yerli təbii mineral birləşmələrlə zənginləşməsindən alınan tullantıların istifadə texnologiyası, faydalı qazıntı yataqları tullantılarına modifikasiyaedici birləşmələr əlavəsi ilə səmərəli gübrə, meliorant və birki mühafizəedici birləşmə texnologiyası, həmçinin makro və mikroelement tərkibli geotermal suların əlavəsi ilə üzvi suların əlavəsi, üzvi suların tullantılarının, şlakların və şlamların istifadə texnologiyası işlənilməlidir. Verilən bu təkliflər respublikanın gübrəyə, melioranta və bitki mühafizəedici birləşmələrinə olan ehtiyacının 30-35 faizini təmin edə bilər.
– Bəs, mineral xammal sahəsində mövcud potensialı necə qiymətləndirirsiniz?
– Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafının və təhlükəsizliyinin əsasını mineral-xammal bazası təşkil edir. Dünya iqtisadiyyatının müasir inkişaf dövründə ənənəvi və yeni xammal növlərinə böyük ehtiyac duyulur. Bunu nəzərə alaraq respublikada mineral-xammal bazasının inkişafı üzrə yeni strategiyanın işlənilməsi və həyata keçirilməsinə zərurət yaranıb. Bu məqsədlə bəzi tədbirlərin görülməsini təklif edirik. Bu mənada mineral-xammal bazasının hazırki vəziyyətinin təhlili, yer təkinin geoloji öyrənilməsində və strateji mineral-xammal ehtiyatlarının axtarışında uzunmüddətli prioritet, məqsəd və vəzifələrin müəyyən edilməsi, ölkənin prioritet istiqamətlər üzrə mineral-xammal bazasının inkişafı strategiyasının işlənib hazırlanması, həmçinin strategiyada öz əksini tapmış məqsəd və vəzifələrin həyata keçirilməsi üzrə tədbirlər planının işlənib hazırlanması vacib məsələlərdəndir.
– İçməli su ehtiyatları strateji məsələlərdəndir. Bəs, bu sahədə “Strateji yol xəritələri”nə nələr təklif edirsiniz?
– Respublikamızın hüdudlarında formalaşan şirin su resursları məhduddur. Ərazinin böyük hissəsi az atmosfer çöküntüləri və yüksək buxarlanmaya malik olan arid iqlim qurşaqlarında yerləşir. Hazırda bizim ərazilərə qonşu dövlətlərdən daxil olan transsərhəd suları da nəzərə almaqla respublikanın xalq təsərrüfatı sahələrinin təmiz suya olan ehtiyaclarının ödənilməsində artıq kəskin çatışmazlıq vardır.
Şirin yeraltı su ehtiyatlarının çatışmazlığı faktiki olaraq respublikanın xalq təsərrüfatının bütün sahələrini , konkret olaraq əhalinin içməli su təchizatını, kənd təsərrüfatı və sənaye istehsalının su təminatının inkişafını məhdudlaşdırır. Respublikanın hazırkı və gələcək rifahının inkişafında şirin su amili təyinedici rol oynayır. Gündəlik həyatımızda, eləcə də xalq təsərrüfatının bütün sahələrinin fəaliyyət göstərməsində və inkişafında şirin suyun rolu xeyli böyükdür.
Faktiki olaraq respublikanın su problemləri ilə hazırda bu qurumlar məşğul olur: ehtiyatları qiymətləndirən, yerüstü və yeraltı suların monitorinqini aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, kənd təsərrüfatında su resurslarının səmərəli istifadəsi və qorunması ilə məşğul olan “Meliorasiya və Su Təsərrüfatı” ASC, həmçinin sənaye müəssisələrinin və əhalinin su təchizatı ilə məşğul olan “Azərsukanal” ASC. Fövqəladə Hallar Nazirliyi nəzdində Su Ehtiyatları üzrə Dövlət Agentliyinin vəzifəsinə isə su təsərrüfatı obyektlərinin istismarının təhlükəsizliyinə nəzarət daxildir. Bu qurumların hər biri yalnız öz imkanları və maraqları əsasında xüsusi dövlət proqramı işləyib hazırlayıblar ki, bu da su resurslarının uçotunda, səmərəli istifadəsində və qorunmasında böyük çətinliklər yaradır.
Lakin onların su mənbələri eynidir və bu, respublikanın ümumi hidrosferinin resurslarıdır. Onun səmərəli istifadəsi ancaq bir şərtlə mümkündür: vahid Azərbaycan Respublikasının su resurslarının qorunması və kompleks istifadəsinin baş sxeminin işlənib hazırlanması ilə. Bazar iqtisadiyyatı şəraitində baş sxemin həm respublikadaxili, həm də qonşu transsərhəd dövlətlərlə qarşılıqlı əlaqələri və müasir reallığı nəzərə alaraq yenidən işlənib hazırlanması zəruridir. Bu zaman su resurslarının idarə olunması və davamlı inkişafı hövzə prinsipi üzrə həyata keçirilə bilər.
Baş sxemin işlənib hazırlanması respublikanın çox sayda elmi-tədqiqat və layihə təşkilatlarının iştirakı ilə mümkün ola bilər. Çünki, təbiət, kənd təsərrüfatı, meliorativ, hidroloji-hidrogeoloji, hidrotexniki, iqtisadi, statistik və s. göstəricilərin geniş spektorlu müasir parametrlərinin qiymətləndirilməsi, onların zaman kəsiyində dəyişmələrinin proqnozlaşdırılması və ətraf mühitə təsirinin öyrənilməsi, həmçinin müasir texnologiyaların tətbiqini əsaslandırmaq və çoxsaylı digər problemləri həll etmək gərəkdir. Hesab edirik ki, baş sxemin işlənib hazırlanmasını Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi altında həyata keçirmək məqsədəuyğundur və bu, “Strateji yol xəritələri” üçün mühüm əhəmiyyət daşıyan məqamlardandır.
Yaradılacaq baş sxem yuxarıda qeyd olunan problemlərlə birgə respublikanın şirin su resurslarının qorunması və səmərəli istifadəsi, eləcə də su siyasətinin idarə olunması və dayanıqlı inkişafını təyin etməlidir. Bu sənədin işlənib hazırlanması xüsusi dövlət proqramı vasitəsilə həyata keçirilə bilər.
Müsahibəni qələmə aldı:
Səid Hüseynov
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.