Bu günlərdə AŞPA-nın yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafında gərgin müzakirələr artmaqdadır. Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi bərpa etmək qərarını isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanımadığını bəyan edib. Son aylar Türkiyəyə qarşı siyasi həmlələr barədə Azərbaycan ekspertləri də kəskin reaksiyalarla münasibət bildiriblər. Milli Məclisin deputatı, tarix elmləri üzrə doktor, professor Fəzail İbrahimli məsələni belə şərh etdi:
– Fikrimcə, dünyada baş verən siyasi proseslərin olduqca gərgin keçdiyi bir dövrdə yaşayırıq. Belə olan təqdirdə heç nəyə təəccüblənməməliyik. Çünki həm müsəlman, həm də türk ölkəsi olaraq, regionun inkişaf edən dövlətinə çevrilən Azərbaycanı görməzlikdən gələn, onun daxili işlərinə ara-sıra müdaxilə etməyə çalışan, Ermənistanın 20 faiz torpaqlarımızı işğal etməsinə qarşı heç bir konkret addımlar atmayan həmin Avropa təsisatları indi də öz ənənəvi tarixlərinə sadiq qalaraq, Türkiyəni hədəfə almışlar. Tükiyəyə qarşı olan bu siyasət, təəsüf ki, bir zaman kəsiyində olan münasibət deyil. Qardaş ölkəyə qarşı bu münasibət XX əsrin əvvəllərindən etibarən, XXI əsrin bu günlərinə qədər davam edən prosesin tərkib hissəsidir. İxtisasca tarixçi olduğum üçün bütün bu baş verən proseslərin necə təkrar olunmasını və qardaş ölkəyə qarşı hansı fəsadlar doğuracağını yaxşı bilirəm.
Tarixə qısa bir ekskurs etsək, görərik ki, 1920-ci il mart ayının 16-da Türkiyə o zaman Birinci Dünya müharibəsinin aparıcı ölkələri və qalib bloku olan Antanta tərəfindən bölündü. Bu gün Avropa İttifaqında, Avropa Şurasında, Avropa Parlamentində əyləşən və Türkiyəyə qarşı bu münasibəti göstərən vəkillərin babaları Türkiyəni böldülər. Ərazisində Ermənistanı, Yunanıstanı rəsmi olaraq yaratdılar. Bir Anadolu vilayəti çərçivəsində kiçik dövləti saxladılar. Yalnız böyük öndər Mustafa Kamal Atatürkün başladığı mübarizə sayəsində Türkiyə öz ərazisində yaradılan ölkələrin qoşunlarına qalib gələrək, indiki cümhuriyyətin əsasını qoya bildi. Həmin vaxtdan başlayaraq bu günə qədər Türkiyəyə qarşı münasibət dəyişməyib. Üstündən iki nəsil dəyişib, bütün Avropa təsisatlarının tərkibi dəyişib, yeniləri ilə əvəz olunub, lakin Türkiyəyə qarşı düşüncə və yanaşma tərzi dəyişməyib.
Hələ keçən əsrin 20-ci illərində İtaliyanın Baş naziri Nitti belə bir maraqlı fikir söyləmişdi ki, Avropa dövlətləri Türkiyədən nəyisə almaq istəyəndə qondarma erməni soyqırımı məsələsi yada düşür. Türkiyə nəyisə vermək istəməyəndə yenə bu soyqırımı gündəmə gəlir. Bəli, həmin illərdən etibarən əsas Avropa dövlətləri erməni yalanlarını reallaşdıraraq, Türkiyənin başı üstündən bir Domokl qılıncı asdılar. Məqsəd aydın idi: Bu ölkəni Avropa İttifaqına buraxmamaq, türklərdən vəhşi bir obraz yaratmaq, ermənilərin və bu gün PKK-nın gələcəkdə ərazi iddiaları ilə çıxış etməsinə zəmin yaratmaq və maddi kompensasiya almaq. Hətta erməni diasporu və ultramillətçi partiyaları razılığa gələrək bu barədə məşhur 4-t planı - tanıtım, tanınma, təzminat, torpaq iddialarını əhatə edən sənəd də qəbul ediblər. Yəni bu, keçən əsrin əvvəllərindən başlanan siyasətdir.
Çox qəribədir ki, SSRİ-nin ən güclü vaxtlarında bütün Qərbin Türkiyəyə ehtiyacı var idi. Türkiyə də onların strateji müttəfiqi idi. Həmin vaxtlar “erməni məsələsi” heç gündəmdə deyildi. Lakin SSRİ dağıldıqdan sonra biz hər il hansısa Avropa dövlətinin Türkiyəyə qarşı qərəzli siyasətində qondarma erməni kartından istifadəni görürük. Türkiyənin daxili işlərinə, türk xalqının verdiyi səsə hörmətsizliyi görürük. Türkiyə Prezidenti haqlı olaraq bildirdi ki, biz 54 ildir Avropa İttifaqının qapısında gözləyirik, lakin bizi qəbul etmirlər. Çünki qardaş ölkəyə 100 il bundan öncə formalaşan münasibət, son 54 ildə yumşala bilməzdi. Onlar heç bir vəchlə müsəlman aləminin bəlkə ən inkişaf etmiş, sivil, demokratik ölkəsi sayılan Türkiyənin inkişafını görmək istəmirlər.
Sözdə demokratiya carçıları, Türkiyədəki seçimləri şübhə altına almaq istəyənlər üçün türk xalqının səsi elə də önəmli deyil. Türkiyədəki həm parlament, həm bələdiyyə seçkilərində, həm də Konstitusiya dəyişikliyi ilə əlaqədar baş tutan referendumda insanların hansı həvəslə iştirak etdiyini Avropada çox yaxşı bilirlər. Məntəqələrə gedən insanların yaş qruplarına nəzər salsaq, bu, aydın görünər. Bütün Türkiyə cəmiyyəti seçkilərdə aktiv iştirak etdi. Prezident Ərdoğan və komandasını dəstəkləyənlər də, əleyhdarları da.
Türkiyə dövləti daim islahatlar keçirir, yeniliklərə doğru həvəslə addmlayır və xalqının rifahını təmin etməyə çalışır. Terrora qarşı ən yüksək səviyyədə mübarizə aparır. Bu gün Türkiyə həm ölkə daxilində, həm də xaricdə beynəlxalq terrorla kəskin mübarizə aparır. Suriyadan milyonlarla qaçqını qəbul edərək onlara sahib çıxır. Bütün bunlara baxmayaraq, yenə də qınanan, tərk edilən, meydanda tək qoyulan, hər bir addımı sanki təqib edilən və nəzarətdə saxlanılmağa cəhd edilən Türkiyədir. Lakin biz görürük ki, qardaş ölkə heç bir xarici dövlətin diktəsi ilə hərəkət etmir və dünyadakı geostrateji məsələlərdə müstəqil və oturuşmuş baxış bucağına sahibdir. Türkiyəni asanlıqla yolundan çəkindirməyə çalışan qüvvələr yanılırlar.
Biz tam əminik ki, Konstitusiyaya dəyişikliklərdən sonra Türkiyə daha da güclənəcək, bütün Yaxın və Orta Şərqin tək lider dövlətinə çevriləcək, dünyada söz sahibi olacaqdır. Üstəlik, bizim üçün doğma olan Türkiyə əhalisi indikindən gözəl rifahını sürətlə əldə edəcəkdir.
Sonda bu qərarın fəlsəfəsini Nittinin fikri ilə açdıqdan sonra böyük müttəfəkirimiz Əhməd bəy Ağaoğlunun fikirləri ilə tamamlamaq istəyirəm. O,1913-cü ilə “Balkan vəhşiliyi və rus mətbuatı” adlı yazısında qeyd edir ki, bizim hamımızın qibtə etdiyimiz Avropa dəyərləri Balkan hadisələrindən sonra öz simasını göstərdi. Məlum oldu ki, bizim düşündüyümüz bu demokratiya deyil. Bu demokratiya Avropa fabriklərinin, Şərq bazarlarını dolduran üzü bəzək, içi çürük əşyalarından başqa bir şey deyilmiş.
Qələmə aldı: Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.