Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərar qəbul edilməsi bir daha təsdiqlədi ki, özünü demokratik, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıtmaq istəyən bu qurum hələ də ikili standartlardan, qərəzdən əl çəkmir. AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin daha da gücləndiyindən, müsəlman ölkələrinə qarşı təzyiqlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Avropa təsisatlarının ədalətsiz mövqeyi, qeyri-obyektiv qərar qəbul etməsi, işğalçı dövlətin terror aktlarına, günahsız insanların qətlə yetirilmələrinə heç bir münasibət bildirməməsi bu quruma olan inamı artıq heçə endirib.
AŞPA-nın Türkiyə ilə bağlı qəbul etdiyi ədalətsiz qərar Azərbaycan cəmiyyətində də hiddətlə qarşılanmış və islamofob dairələrin müsəlman ölkələrinə təzyiqi kimi dəyərləndirilmişdir. Çünki bu qurumun monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, Qərbin bəzi qüvvələrinin sifarişlərini yerinə yetirir. Biz ötən illərdə də dəfələrlə AŞPA-nın məruzəçilərinin Azərbaycana gəlmədən, bir sıra hadisələrlə yerində tanış olmadan, məhbuslarla görüşmədən və cəzaçəkmə müəssisələrində olmadan qərəzli, böhtan və yalan xarakterli hesabatlar hazırladıqlarının şahidi olmuşuq. Bu baxımdan qardaş Türkiyə ilə bağlı qəbul olunan qərəzli qərar da ciddi narazılığa səbəb olmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovla söhbətimiz də bu mövzuda oldu.
AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı qəbul olunan qərarı qərəzli, islamofobiyanın və ikili standartların daha bir nümunəsi adlandıran E. Əhmədov dedi ki, Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən son vaxtlar belə sifariş xarakterli sənədlərin qəbul edilməsi faktı ilə tez-tez rastlaşırıq. Bütün bunlar sürətli inkişaf yoluna qədəm qoymuş müsəlman dövlətlərinə qarşı təzyiq vasitəsidir. Görünür, qardaş Türkiyənin, həmçinin Azərbaycanın dünya birliyində söz sahibinə çevrilmələri və sürətlə inkişaf etmələri Qərbin ciddi narahatlığına səbəb olub: “Bu baxımdan Avropa Şurası Parlament Assambleyası tərəfindən qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarının subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Bu sənədlərin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Şurasında ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür”.
E.Əhmədovun qənaətinə görə, müasir dövrdə beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamofobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun bariz nümunəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyatda təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Bəs insan haqlarının qorunması istiqamətində “fəaliyyət” göstərən Avropa təşkilatları hara baxırlar?
Əsas fəaliyyətlərini insan hüquq və azadlıqlarının qorunması üzərində quran bir sıra beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən niyə sükutla keçirlər? E.Əhmədov bunun əsas səbəbini həmin təşkilatların maliyyələşdirilməsinin elə Qərb dövlətləri tərəfindən həyata keçirilməsində görür: “Hazırda beynəlxalq ictimaiyyətə də bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunmuşdur. Bu dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar ictimaiyyətin gözləri qarşısında məhv edilir. Amma bir qədər əvvəl Türkiyənin Rotterdamdakı Konsulluğunun ətrafına toplaşmış dinc insanlara qarşı atlı və itli polislərdən istifadə edilməsi heyrət doğurmuşdu. Həmin əcaib hadisə vaxtı xəsarət alanlar olmuş, üstəlik, 15 nəfər həbs edilmişdi. Bəs onda Avropa Şurası hara baxırdı? Bütün bunlar Avropada demokratik dəyərlərin ancaq kagız üzərində oldugunun bariz nümunəsidir. Son illər Qərbdəki bəzi qurumların qondarma erməni soyqırımı haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antiazərbaycan və antitürk meyillərin son dövrlərdə güclənməsinin açıq-aşkar təzahürüdür”.
E.Əhmədov AŞPA məruzəçilərinin Azərbaycana qarşı da qərəzli olduqlarını xatırladaraq dedi ki, dünya birliyində müsəlman aləminin reytinqinin yüksəlməsi ikili standartlardan əl çəkməyən qüvvələr tərəfindən həzm oluna bilmir. Eyni zamanda, Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, “Azərbaycanda demokratik institutların fəaliyyəti” və digər məsələlərlə bağlı AŞPA-da aparılan müzakirələr və bu kimi məsələlər qurumun siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ölkəmiz mühüm geosiyasi məkan kimi, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyadakı nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir”.
Təbii ki, bütün bu uğurlar antimüsəlman dairələri narahat etməyə bilməzdi. Belə məqamlarda özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi qismində tanıtmaq istəyən bir sıra beynəlxalq təşkilatlar antimüsəlman qüvvələrin əlində alətə çevrilirlər. Belə “alətlər” vasitəsilə inkişaf yolunda olan müstəqil, xüsusilə müsəlman dövlətlərinə təzyiqlər başlayır, böhtan xarakterli hesabatlar hazırlanır, guya bu ölkələrdə azad söz, müstəqil mətbuat boğulur, insanların hüquqları tapdalanır və digər yalanlar. Bu yollarla həmin ölkələr haqqında beynəlxalq birlikdə mənfi rəy formalaşdırmağa, gözdən salmağa çalışırlar. Əslində isə öz gözlərində tiri qoyub, başqalarının gözündə tük axtarırlar.
E.Əhmədov qeyd etdi ki, Azərbaycan hazırda dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyursa, o zaman antimüsəlman siyasəti, ovqatı – hansı ki, bu gün Avropada, Qərbdə hökm sürür – bütün bunlar heç də bəzi qüvvələri razı salmır. Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşmişdir. Bu gün Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynadığını və böyük rəğbət qazandığını bildirən Prezident İlham Əliyev bizim hara və necə inteqrasiya etməli olduğumuza diqqət çəkərək demişdir: “...Sual olunur: Biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop!” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.
Bütün bunların fonunda AŞPA-nın yaz sessiyasında qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu sənədin hansı səbəblərdən qəbul edilməsi özünü açıq şəkildə büruzə verir. E.Əhmədov vurğuladı ki, bu, Avropa Şurasının subyektiv, antiislam, antitürk mahiyyəti kəsb edən son qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür “qərarların” şahidi olacağıq. Halbuki, həm Azərbaycan, həm də Türkiyə antiqərb mövqeyində deyil və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır: “Amma təəssüf ki, son zamanlar Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə, Avropaya nə verəcəyini tarix özü göstərəcək. Bu qərar AŞPA-da islamofob meyillərin gücləndiyini və müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Amma Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu cəbəbdən Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman dövlətlərini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcəkdir”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.