Rafael HÜSEYNOV: Avropa Şurası bu təşkilatın qurucularından olan Türkiyəyə münasibətdə ədalətli deyil

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı əks etdirib.

Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə Türkiyə və Azərbaycanın tarixi bağlılıqlarından, həmin ölkədə baş verən bütün proseslərə Azərbaycanda həmişə ən müxtəlif səviyyələrdə ciddi diqqət göstərilməsindən bəhs edərək deyib: “Türkiyə Respublikasının qurucusu, onu müasir Avropa ölkəsinə, demokratik bir dövlətə çevirmiş Mustafa Kamal Paşanın məşhur sözləri var: “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir”. Böyük Atatürkün həmin məşhur aforizmini bir qədər dəyişərək çağdaş Azərbaycan və Türkiyə reallıqlarına tətbiq etsək, söyləyə bilərik ki, Türkiyədə baş verən hər yaxşı və yaman hadisənin bu və ya digər dərəcədə Azərbaycanda əks-sədası, təsiri var. Bu iki dövlət yalnız həmsərhəd, qonşu və qardaş ölkələr deyil, onlar siam əkizləri kimidir. Yəni, bir-birinə eyni orqanizm kimi bağlıdırlar. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycanı və Türkiyəni haqlı olaraq “bir millət, iki dövlət” adlandırıb.

Türkiyədə baş verən prosesləri yalnız siyasət, dövlət adamları, parlament üzvləri deyil, bütün xalqımız daim diqqətlə izləyir. Bu proseslər gec və ya tez mütləq bizim ölkəyə də sıçraya bilər. Ona görə də Avropa Şurasında Türkiyə ilə bağlı aparılan bugünkü müzakirələrə də öz ölkəmizlə bağlı müzakirələr qədər həssaslıqla yanaşırıq. Türkiyədə demokratik təsisatların fəaliyyəti haqqındakı bu məruzə ilə bağlı fikrimi bildirməzdən öncə dərin ağrı hissi ilə vurğulamalıyam ki, Avropa Şurasının yarandığı vaxtdan - 1949-cu ildən bu təşkilata üzv olan Türkiyəyə qarşı Parlament Assambleyasındakı münasibət heç də ürəkaçan səviyyədə olmayıb. Artıq bir neçə dəfə cəhd edəndən sonra Türkiyəni tənqid atəşinə tutmaq həvəsində olanlar ölkədə demokratik təsisatların fəaliyyəti ilə bağlı bu məruzənin gündəliyə salınmasına nail olub. Lakin neçə ay əvvəl Türkiyəyə dair daha vacib bir məruzəni təcili müzakirələr xətti ilə gündəliyə daxil etmək yada düşməyib?”

Türkiyənin ardıcıl şəkildə məruz qaldığı terrorizm fəsadları ilə bağlı Avropa Şurasında indiyədək əsaslı bir müzakirənin keçirilməməsini, təşkilatın ümumilikdə terrorizm əleyhinə olsa da, Türkiyə ilə münasibətdə indiyədək təsirli bir addım atmamasını tənqid edən Rafael Hüseynov qeyd edib: “Terrorizm hamımızın əleyhinə olduğumuz, bütün dünyanı təşviş içərisində saxlayan bəladır. Gözümüzün qarşısında isə Türkiyədə aylardır ki, dalbadal qanlı terrorlar törədilir. Bircə dəfə də olsun bu məsələləri Assambleyada geniş müzakirə mövzusuna çevirmişikmi? Türkiyəyə real dəstək ola bilməkdən ötrü səyləri birləşdirmək səmtində Avropa Şurası hansı təsirli tədbirlər görüb? Türkiyə onu hər an təhdid altında saxlayan terror aktlarına görə lap çoxdan müharibə vəziyyətində, zəlzələ içərisində yaşayan kimidir.

Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir. Lakin müharibə dövrünün, Türkiyənin ən müxtəlif xarici və daxili düşmən qüvvələrin törətdiyi təhlükələrlə üz-üzə qaldığı indiki ekstremal şəraitin öz şərtləri var. Demokratiya vacibdir. Lakin dövlətin və cəmiyyətin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmadığı bir yerdə demokratik təsisatlar normal fəaliyyət göstərə bilərmi? Məhz dövlətin və millətin maraqları naminə hansısa fərqli prizmadan baxarkən qəbul edilə biləcək kəskin addımlar atılırsa, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirmək qətiyyən düzgün deyil”.

Türkiyədə keçirilən ümumxalq səsverməsinə toxunan deputat Rafael Hüseynov referendumun ölkə əhalisinin seçimi olduğunu vurğulayaraq bu istiqamətdə tənqidlərin böyük hissəsinin Türkiyəyə kənardan təzyiq mahiyyəti daşıdığını bəyan edib: “Bir tərəfdən ümumxalq səsverməsinin xalq iradəsinin ən dəqiq ifadəçisi olduğunu təsdiqləyirik. Digər tərəfdən məhz referendum yolu ilə, xalqın iradəsinə arxalanaraq ölkənin hansı yolla irəliləməsi haqqında qərar çıxarmağı qət etmiş Türkiyənin başına ağıl qoymağa, ondan öz lazım bildiyi kimi deyil, kənardan təlqin edilən resept əsasında hərəkət etməsini istəyirik. Türkiyə tarixi, ənənələri, uzun əsrlik dövlətçilik təcrübəsi olan dövlətdir. Ona məsləhət də verək, yol da göstərək, köməyimizi də təklif edək. Ancaq Türkiyə yerli xüsusiyyətləri nəzərə alaraq tam bizim təklif etdiyimiz kimi hərəkət etməyəndə də onu şiddətli tənqidlərə məruz qoymayaq ki, səhv edirsən, yolunu azmısan, demokratiyadan aralanmısan.

Qəti hökm verməzdən öncə bir də düşünək! Bəlkə səhv hesab etdiyimiz, tənqidə məruz qoyduğumuz bir çox addımlarda haqlı olan biz yox, məhz elə Türkiyədir?!”

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında