Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi bir daha göstərdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ixracı sürətləndirir ki, bu da qarşıda duran ən mühüm hədəflərdən biridir. Burada əsas məqsəd isə “Made in Azerbaijan” brendini dünya bazarında tanıtmaqdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramovun sözlərinə görə, adıçəkilən brend artıq dünyada tanınır.
“İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır”, - deyən dövlət başçısı cənab İlham Əliyev Azərbaycan brendinin önə çəkilməsi, inkişafı və dünya bazarında nüfuz qazanmasına kompleks yanaşır. Hər il şəxsən sahibkarlarla bir neçə dəfə görüşən, onların qayğıları ilə maraqlanan, bizneslərinin inkişafı üçün ciddi tədbirlər görən, iri tutumlu investisiyaların həyata keçirilməsini onlara həvalə edən Azərbaycan Prezidenti iş adamlarının qarşısında dünya bazarına rəqabətə davam gətirən məhsullar çıxarmağı bir tələb kimi qoyur. Bu, eyni zamanda, “Made in Azerbaijan” brendininin inkişafına təkən verən ciddi yanaşmadır. Təsadüfi deyil ki, hazırda Azərbaycanda sahibkarlığın tərəqqisinə xidmət edən iki Regional İnkişaf Mərkəzi yaradılıb, sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi çoxalıb, qəbul edilən qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar qeyri-neft ixracatının həcminin artmasına səbəb olub.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri daha sonra dedi: – Ölkəyə daxil olan valyuta həcminin artırılması, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması ixracatla sıx bağlıdır. Ona görə də bu gün yerli istehsalın dəstəklənməsi fonunda qeyri-neft ixracı imkanlarının genişləndirilməsi əsas vəzifə olaraq diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə ixracata mühüm önəm verilməsi ilə bağlı bir məqama da toxunmaq istərdim. Belə ki, 2014-cü ildən Azərbaycanda postneft dövrü başlanıb, neftin dünya bazarı qiymətlərinə uyğun transformasiyası istiqamətində tədbirlər reallaşdırılıb. Belə bir şəraitdə ixracın stimullaşdırılması, xüsusilə ixraca subsidiyanın verilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Xatırladım ki, Azərbaycan ixraca subsidiya təklif edən az sayda MDB ölkələrindən biridir. Bu isə o deməkdir ki, sahibkar ixrac etdiyi məhsulun növünə uyğun dövlət büdcəsindən subsidiya alır. Yəni sahibkar hesabına köçürülən vəsaiti istifadə etməkdə sərbəstdir. Çünki subsidiya əvəzsiz verilən, büdcəyə qaytarılmayan vəsaitdir.
Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir. Bu isə təsadüfi deyil. Çünki neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Deməli, belə halda düşünmək olar ki, artıq neft erası başa çatıb. Bu baxımdan fərqli proqnozlar şəraitində məhz qeyri-neft sektorunun inkişafının dəstəklənməsi vacib məsələdir.
Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də bu sektorun dəstəklənməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Sözsüz ki, belə olan halda qeyri-neft sektoru üzrə ixracatın payının artırılması da prioritetdir. Bu baxımdan dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Yaranmış şərait isə qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmağa imkan verəcək. Başqa sözlə, qeyri-neft sektorunun dinamik inkişafı iqtisadiyyatın dayanıqlığına müsbət təsir göstərəcək. Bu isə ölkəyə daha çox valyuta axınına səbəb olacaq və iqtisadi diversifikasiya ilə bağlı hədəflər reallaşacaq.
Dövlətimizin başçısı qeyri-neft ixracatçılarının respublika müşavirəsində rəqabət qabiliyyətinin artırılması, yeni bazarlara məsulların çıxarılması ilə bağlı tövsiyələrini də verdi. Bildirdi ki, bir və ya azsaylı bazardan asılılıq arzuolunan hal deyil. Azərbaycan kənd təsərrüfatı məhsullarını, əsasən Rusiya bazarlarına çıxarır. Amma artıq yeni bazarlar da var. Bu məsələdə şaxələndirmə ona görə vacibdir ki, əgər hər hansı bazarda çətinlik yaranarsa, çıxış məhdudlaşarsa, digər alternativlərdən də istifadə etmək olar.
Yeri gəlmişkən, mühüm bir məqamı da xatırlatmaq istərdim. “Made in Azerbaijan” brendi təzə olmasına baxmayaraq, kəskin rəqabətli dünya bazarında özünə tədricən yer tutmağa başlayıb. Özü də bu zaman söhbət qeyri-neft məhsullarının ixracından gedir. Prezident İlham Əliyev iqtisadiyyatla bağlı müxtəlif toplantılarda “Made in Azerbaijan” brendindən danışanda, bu ad altında istehsalı artırmaq üçün tapşırıq və tövsiyələr verəndə, eləcə də onun təbliği və tanıdılması, həmçinin digər vacib tədbirlərlə bağlı sənədlər imzalayanda yalnız qeyri-neft məhsullarını nəzərdə tutur. Bu isə təsadüfi deyil. Dövlət başçısı ölkədə hələ neft hasilatının bum vaxtında qeyri-neft sektorunun vacibliyini ön plana çəkmişdi. Prezident yaxşı bilirdi ki, karbohidrogen ehtiyatları tükənməz deyil və bu səbəbdən ölkə iqtisadiyyatı gec-tez, necə deyərlər, qeyri-neft sektoruna köklənməlidir. Elə həmin vaxtdan başlayaraq, Azərbaycanda iqtisadi sahədə aparılan bütün islahatlar qeyri-neft sektorunun inkişafına istiqamətlənib. Nəticə isə göz qabağındadır: təkcə cari ilin ilk rübündə kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Məhz bu hesaba xarici ticarət dövriyyəsində 1 milyard dollarlıq müsbət saldo yaranıb.
Müşavirədə o da qeyd edildi ki, yaxın gələcəkdə, xüsusən də cari ilin növbəti ay və rüblərində ixracın stimullaşdırılması ilə bağlı siyasət davam etdiriləcək. Nəzərə alsaq ki, ixrac subsidiyası hazırda 3-5 faiz intervalında tətbiq edilir, o zaman növbəti dövrdə subsidiyalaşma mexanizminə yenidən baxılması və onun daha da təkmilləşdirilməsi məqsədəuyğundur. Belə də isə sahibkarların daha çox məhsul ixrac etmək imkanı yaranar. Xatırladım ki, bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişləri var.
Yuxarıda qeyd edilənlərə əsaslanıb deyə bilərəm ki, bu ilin növbəti aylarında əvvəldən hədəfləndiyi kimi, ixracatın sabitləşməsi meyilləri davam edəcək. Çünki 2017-ci il Azərbaycanda iqtisadiyyatın sabitləşməsi, 2018-ci ildən başlayaraq isə yenidən sürətli iqtisadi artımın bərpa edilməsi kimi proqnozlaşdırılır. Bu məsələ Azərbaycan hökuməti qarşısında əsas vəzifə kimi qoyulub. Ona görə də şübhə etmirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, bu il Azərbaycan iqtisadiyyatının sabitləşməsi ilə bağlı prioritet hədəflər reallaşacaq.
Müşavirədə qeyd olunduğu kimi, 2017-ci ilin birinci rübünün yekunlarını qiymətləndirən zaman nəzərə almaq lazımdır ki, bu dövr ərzində iqtisadiyyatın sabit və eyni zamanda, bütün makroiqtisadi göstəriciləri üzrə artımın qeydə alınması 2015-2016-cı illərdə reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. Azərbaycan əksər neft ölkələrindən fərqli olaraq, postneft dövrünə daha tez qədəm qoyub. Respublikamız 2015-ci ildən başlayaraq öz iqtisadi siyasətini və hədəflərini postneft dövrünün çağırışlarına uyğun olaraq həyata keçirir. Məlum olduğu kimi, 2014-cü ilin sonunda Azərbaycan Prezidenti ölkəmizdə postneft dövrünün başladığını bəyan edib. Bununla bərabər neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində formalaşan gəlirlərə uyğun olaraq həm xərcləmə, həm də ölkə iqtisadiyyatının neftin dünya bazarındakı yeni qiymətlərinə transformasiyası həyata keçirilib. Bu mənada, 2016-cı ili iqtisadi azalma ilə başa vursaq da, 2017-ci ilin birinci rübündə artıq iqtisadi artımı bərpa etmək mümkün olub. Eyni zamanda, hökumət tərəfindən qısamüddətli, orta və uzunmüddətli hədəflər ortaya qoyulub. Qısamüddətli hədəflər kimi, idxaldan asılılığın azaldılması əsas götürülüb. Bundan başqa, xərclərin mövcud gəlirlərə uyğunlaşdırılması qısamüddətli hədəflər sırasında prioritetlərdən biri olub. Nəticədə 2017-ci ilin birinci rübündə idxal 17 faiz azalıb. Bu isə xarici valyutanın ölkədə saxlanılması və istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Hesabat dövründə diqqətçəkən məqamlardan biri də qeyri-neft ixracatında 2,4 faiz, qeyri-neft sənayesində 2 faizdən artıq artımın qeydə alınmasıdır. Təbii ki, belə bir göstərici iqtisadi diversifikasiya və neftdən asılılığın aradan qaldırılması baxımından vacibdir. Çünki qeyri-neft sektoru praktiki olaraq iqtisadiyyatın lokomotivinə çevrilir. Azərbaycan üçün əsas hədəf mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın qeyri-neft sektoru üzərində formalaşmasının təmin olunmasıdır.
Qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı 2015-2016-cı illərdə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malik idi. Xüsusən də bu tədbirlər içərsində yerli istehsalın dəstəklənməsi üçün sahibkarlara 200 min manatdan 5 milyon manat dəyərində investisiya təşviqi sənədinin təklif edilməsi mühüm səciyyə daşıyır. Bu, nəticə etibarilə imkan verib ki, sahibkarlar vergi güzəştlərindən istifadə edə bilsinlər. Əlbəttə, burada söhbət gəlir və mənfəət vergisində 50 faiz güzəştdən, eyni zamanda, ölkəyə idxal olunan avadanlıqların tamamilə vergidən azad edilməsindən gedir. Bura torpaq və əmlak vergilərində tətbiq olunan güzəştləri də əlavə etmək vacibdir. Bu da sahibkarlar üçün dolayı subsidiya və xərclərə qənaət edilməsi baxımından mühüm önəm daşıyır. Belə şərait isə şübhəsiz ki, yerli istehsalın stimullaşdırılmasına imkan yaradır.
2015-ci ildən etibarən Azərbaycanda kənd təsərrüfatı sektorunun prioritet istiqamətləri müəyyənləşib. Həmin istiqamətlər bir tərəfdən xammala tələbin ödənilməsi, digər tərəfdən məşğulluğun təmin edilməsi, sahibkarlığın genişlənməsi baxımından vacibdir. Təkcə pambıqçılıq sektorunda aparılan islahatlar və bu sahənin prioritet elan edilməsi əlavə olaraq 200 minə yaxın yeni iş yerinin yaradılmasına şərait yaradıb. Nəticədə bu, yalnız sahibkarların deyil, eyni zamanda, regionlarda yaşayan vətəndaşlarımızın da məşğulluğunun təmin edilməsi baxımından kifayət qədər vacib bir məsələyə çevrilib.
Ölkə Prezidenti İlham Əliyev 2017-ci ili iqtisadiyyatda sabitliyin bərpa edilməsi, 2018-ci ili isə sürətli iqtisadi artımın reallaşdırılması dövrü kimi xarakterizə edib. Deməli, cari ilin birinci rübü növbəti dövrlərdə sabitliyin bərpa edilməsi və qorunması baxımından nikbinlik yaradır. Neftin bazar qiymətinin mövcud səviyyəsi də bu il iqtisadi sabitliyin bərpasına və qorunub saxlanılmasına imkan verir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.