Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Əməkdar jurnalist Əflatun Amaşovun 60 yaşı tamam olur. Bugünlərdə ölkənin kütləvi informasiya vasitələri nüfuzlu mətbuat qurumu rəhbərinin yubileyi ilə bağlı müxtəlif səpkili yazılarda onun mənalı həyat yolunu ölkənin tanınmış jurnalistlərindən və demokratik media qurucularından birinin ömür hesabatı kimi təqdim edir.
Kütləvi informasiya vasitələrində Azərbaycan mətbuatı tarixində yeni olan demokratik özünüidaretmə qurumunun ilk və dəyişməz sədrinin ömür yoluna verilən qiymətlər, əsasən, üst-üstə düşür. Hamı yubilyar həmkarımızdan peşəkar media xadimi, jurnalistikada həmrəylik carçısı, səmimi və qayğıkeş həmkar, yurdsevər azərbaycanlı kimi bəhs edir.
Müxtəlif janrlı və səpkili bu yazılarda Əflatun Amaşovun milli mətbuatımızın demokratik ənənələrinin qorunub zənginləşdirilməsinə, media–cəmiyyət və media–dövlət münasibətlərinin sivil prinsiplər üzərində qurulmasına töhfəsi qədirbilənliklə vurğulanır, onun jurnalistika sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizdə demokratik cəmiyyət quruculuğu və söz azadlığının bərqərar olması fonunda nəzərdən keçirilir.
Biz də jurnalistlərin nəvazişlə “başqan” adlandırdıqları Əflatun Amaşovun əlamətdar yubileyi ilə bağlı cəmiyyətə hesabatına onun ibrətli bioqrafiyasından söz açmaqla başlayırıq.
Əflatun Əhməd oğlu Amaşov 1957-ci il aprelin 26-da qədim Borçalı mahalının Bolnisi rayonunun iri yaşayış məntəqələrindən olan Faxralı kəndində doğulub. Azərbaycan mədəniyyətinə, elminə, ictimai fəaliyyət sahələrinə bir çox tanınmış simalar bəxş etmiş Faxralı kənd orta məktəbində təhsil və tərbiyə alıb. Ünlü saz-söz mühitində böyüyüb, uşaqlıqdan özünü gələcəyin qələm sahibi olmağa hazırlayıb. İlk ciddi həyat sınağı olan orduda xidmətdən sonra arzularının arxasınca Bakıya gəlib, o vaxtkı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ali təhsilini dünya şöhrətli M.Lomonosov adına Moskva Dövlət Universitetinin nüfuzlu jurnalistika fakültəsində davam etdirib.
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabidən 110 il sonra onun bitirdiyi universitetin məzunu olan həmkarımız jurnalist fəaliyyətinə 1985-ci ildə respublikanın avanqard informasiya agentliyi olan o zamankı Azərinformda (indiki–AZƏRTAC) başlayıb. Müxbir, şöbə müdiri, redaktor, baş redaktor pillələrini keçərək baş direktorun I müavini vəzifəsinə yüksəlib. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından biri olub, 1998-ci ilədək bu təşkilatın sədr müavini vəzifəsində çalışıb. Müstəqillik dövrü jurnalistikasının senzuranın ləğvindən sonra ciddi sınaqlardan keçdiyi dövrdə – 1998 -ci ildə yaradılan "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinə rəhbərlik edib.
2003-cü ildə ölkə mətbuatının özünüidarəetmə və özünütənzimləmə epoxasına keçməsini gerçəkləşdirən Azərbaycan Jurnalistlərinin I Qurultayında alternativ yolla yeni yaradılan Mətbuat Şurasının sədri seçilib. Sonrakı qurultaylarda media–xalq və media–dövlət münasibətlərində ahəngdarlığa nail olunmasına öz bilik-bacarığı, sabit mövqe və prinsipiallığı ilə önəmli töhfələr verdiyinə, mediada birləşdirici fəaliyyətinə görə Əflatun Amaşovun bu mötəbər quruma rəhbərliyi davam etdirməsi qərara alınıb.
AMŞ-yə rəhbərlik etdiyi 14 ildə Əflatun Amaşov bir sıra zəruri media layihələrinin gerçəkləşdirilməsinin təşəbbüskarı və fəal iştirakçısı olub. Qəzet-jurnal redaksiyalarının borclarının silinməsi, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-ə dövlət dəstəyi konsepsiyasının qəbul olunması, media sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların xidmətlərinin dövlət təltifləri və fəxri adlarla qiymətləndirilməsi, jurnalistlər üçün ayrıca yaşayış binalarının tikilməsi, xəstə jurnalistlərin xaricdə müalicəsi, həbsdə olan yazarların əfv olunması və s. məsələlərin ölkə rəhbərliyi qarşısında qaldırılması və müsbət həll edilməsi həm də Mətbuat Şurasının və onun sədrinin təşəbbüskar, xeyirxah fəaliyyətinin nəticəsidir.
AMŞ-nin hamiliyi ilə yaşlı nəsil jurnalistlərin qayğılarına diqqət göstərən Ahıl Jurnalistlər Məclisi yaradılıb və uğurla fəaliyyət göstərir. Mətbuat Şurasında davamlı olaraq media həyatı ilə bağlı tədbirlər, tanınmış qələm sahiblərinin yubileyləri keçirilir. Qurum rəhbərinin təşəbbüsləri ilə konfranslar, treninqlər, müsabiqələr təşkil olunur. Şuranın köməyi ilə ixtisaslı jurnalist hazırlığında önəmli rolu olan abituriyentlərin qabiliyyət müsabiqəsindən keçməsi təcrübəsi bərpa olunub. AMŞ sədri beynəlxalq media qurumlarında və məclislərində ölkə jurnalistlərini yüksək səviyyədə təmsil edir. Çağdaş dünya media nəzəriyyə və təcrübəsi ilə daim sıx təmasda olan Əflatun Amaşov jurnalistika sahəsində bir sıra kitabların, dərs vəsaitlərinin müəllifidir.
Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının, Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
Əflatun Amaşov Azərbaycan Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" və “Şöhrət” ordenləri ilə təltif olunub və Əməkdar jurnalist fəxri adına layiq görülüb. Ulu öndər Heydər Əliyevin işə qarışması ilə Moskvada ali jurnalist təhsili almasını həyatının sonrakı gedişini müəyyən edən ciddi hadisə kimi daim minnətdarlıqla xatırlayır. Bir dəfə ümummilli lider Heydər Əliyevə, iki dəfə isə Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatını təqdim etməsini həyatının ən uca məqamları sayır.
Ölkənin nüfuzlu media qurumunun rəhbəri kimi Əflatun Amaşovun beşinci çağırış Azərbaycan Milli Məclisinə deputat seçilmək üçün namizədliyini razılıqla qarşılayan 62 saylı Saatlı seçki dairəsinin seçiciləri 2015-ci ildə ona yüksək etimad göstəriblər. Bununla ölkə parlamentinə mandat qazanan AMŞ sədrinin fəaliyyətində bölgələrin hərtərəfli inkişafı və doğulub-böyüdüyü Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımızın milli-mədəni hüquqlarının təmin olunması ilə bağlı yeni məsul istiqamətlər açılıb. Azərbaycan–Gürcüstan Dostluq Qrupunun rəhbəri kimi Əflatun Amaşovun qonşu ölkədə təkan verdiyi layihələr, Saatlı seçicilərinin qaldırdığı məsələlərin həllinə jurnalist deputat olaraq köməyi cəmiyyətdə razılıqla qarşılanır.
Bu yığcam bioqrafiya yubilyar həmkarımızın 60 illik ömrünün əsas məqamlarını aydın əks etdirir. O özü isə ömür hesabatını belə bir məqamdan başladı:
– 15 yaşım olanda fikirləşirdim ki, görəsən, 18 yaşlı insanların düşüncələri, boy-buxunu, həyata münasibəti necə ola bilər? 18 və 25 yaşımda baxıb gördüm elə bir dəyişiklik yoxdur. 30 yaşımda daha gözləməyi unutdum… 50 yaşa gəlirsən, arxaya baxırsan ki, o qədər işlər qalıb... Deyirsən, bunları da yoluna qoyum, yenə sabaha, bir il sonraya saxlayırsan. Sonra 60 yaş olur, insan düşünür ki, bundan sonra fəal həyat nə qədər ola bilər, nə qədər işləmək mümkündür?
Əflatun müəllim bugünlərdə media açıqlamalarının birində bildirib: “Bir vaxtlar mənim arzum vardı ki, Şərq ədəbiyyatını orijinaldan oxuyum, Nizamini, digərlərini. Ancaq bir müddət sonra mən hədəfə çatmaq üçün nələrisə arzulamadım. Mənə elə gəlir ki, Mətbuat Şurasının sədri olmağım, millət vəkili seçilməyim tale yazısı kimi gerçəkləşib. Bəlkə də, arzulasam, başqa nələrəsə nail ola bilərdim. Ancaq həyatda nəyəsə nail olmuşamsa, onların özü mənə doğru gəlib, hətta mənim gözləmədiyim məqamda da. Məsələn, gəncliyimdə düşünməzdim ki, bir vaxt deputat seçilə bilərəm”.
Bir çox halda həyatın canlı bir səhnəyə, təbii oyuna bənzədilməsinə münasibət bildirən həmkarımız da razılaşdı ki, həyatı obrazlı şəkildə hansısa oyunla müqayisə etmək olar. Oyun qurama, düzəldilmə, standart qaydalar çevrəsində məharət nümayişidir. Həyat isə tale işi, hər anı gözlənilməzliklərlə dəyişən gedişatdır. Canlı həyatı süni oyuna bənzətməyə gəlincə, o, dahilər üçün şahmat, bacarıqlı adamlar üçün nərdtaxtadır. Həyatın axarında gedənlər isə həmişə tamaşaçı rolunda qalırlar. Bu mənada Əflatun müəllim özünü nərdtaxta oyunçusuna bənzətdi. Dedi ki, həmişə çalışmışam ki, düşən zəri səhvsiz oynayım.
Deputat fəaliyyətindən söz açan AMŞ sədri bildirdi:
– Parlamentdə media ilə bağlı hansı məsələ varsa, həmişə münasibətimi bildirməyə çalışıram. İri qurumların hesabatları olanda da öz rəyimi söyləyirəm. Jurnalistika ilə bağlı qanunların hazırlanmasında, düzəlişlərin edilməsində yaxından iştirak edirəm. Elə bir məsələ yoxdur ki, mənim iştirakım olmadan müzakirə aparılsın. Mənim Saatlı ilə bağlı qaldırdığım məsələlər isə seçicilərimin təşəbbüslərindən irəli gəlir. Hökumətin son hesabatında çıxışımın bir hissəsi jurnalistika, digər hissəsi seçildiyim bölgənin problemləri ilə bağlı oldu.
Gürcüstan–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun da rəhbəriyəm, qonşu ölkəyə tez-tez səfərlər edirəm, daha çox rəhbər qurumların təmsilçiləri ilə, qubernatorlarla, vitse-spikerlərlə, dostluq qrupunun başçısı ilə, deputatlarla, digərləri ilə görüşürəm. Çalışıram ki, Azərbaycan–Gürcüstan münasibətləri daha da inkişaf etsin. Eyni zamanda, Gürcüstanda yaşayan yarım milyondan çox soydaşımızın problemlərinin həllinə çalışıram.
Müsahibim mətbuatımızın çağdaş durumundan nikbinliklə söz açdı:
– Azərbaycan mətbuatı çox sürətli inkişaf yolu keçib. Dövlətimizin qayğısı nəticəsində bu gün ölkə mətbuatının çox möhkəm maddi-texniki bazası var. Bu baza istər iqtidar, istərsə də müxalifətyönümlü qəzetlərə, informasiya portallarına tam azad, sərbəst fəaliyyət göstərməyə geniş imkanlar yaradır. Bu gün Azərbaycan mətbuatı – qəzet və jurnallar, televiziya və radiolar, informasiya portalları, sosial şəbəkələr xalqı həm daxildə, həm də xaricdə baş verən hadisələrlə operativ şəkildə məlumatlandırır. Ölkə əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir. Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri və dekan əvəzi, professor Cahangir Məmmədli yaxından tanıdığı, bir sıra media layihələrinin icrasında birlikdə çalışdığı AMŞ sədri barədə ürəkaçıqlığı ilə danışdı:
– Əflatun müəllim milli jurnalistikamızın ənənələrinə sadiq, nəsillərin varisliyini qəbul edən və bunu fəaliyyətində rəhbər tutan jurnalistdir. O yeniliklərə açıq, dəyərli təşəbbüslərə “yaşıl işıq” yandıran media kapitanıdır. Qapısı həmişə hamının üzünə açıqdır, kömək istəyənlərə bacardığı yardımı göstərməklə rahatlıq tapır.
Milli Məclisin deputatı, AMŞ İdarə Heyətinin üzvü Cavanşir Feyziyev isə qısaca bunları dedi:
– Ölkə mətbuatının uğurlu fəaliyyətini demokratik qanunlarla yanaşı, həm də Əflatun müəllimin rəhbərliyi ilə AMŞ-nin ərsəyə gətirdiyi Jurnalistlərin Peşə Davranış Kodeksi tənzimləyir. Əflatun müəllimin özü də canlı media kodeksidir. Harada olursa-olsun, konkret hüquq və vəzifələri, səlahiyyəti və icra nümunəsini üzvi surətdə birləşdirir. Uğurlara görə öyünmür, irəli getdikcə gerini yaddan çıxarmır, yüksəldikcə aşağıya daha diqqətlə baxır.
Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri, AMŞ sədrinin birinci müavini Umud Rəhimoğlu həyat və mübarizə dostunu belə səciyyələndirdi:
– Əflatun Amaşov yaxşı dostdur, amma dostbaz deyil, doğulduğu torpağa çox bağlıdır, amma yerlibaz deyil, qohumcanlıdır, amma qohumbaz deyil. Gördüyü işlərdə məsuliyyətlidir, xeyirxahlığında təmənnasızdır. Özünü həmişə ictimai nəzarətin sərt tələbləri qarşısında görür. İctimai fəaliyyət sahəsi adamı üçün tələb olunan aydın düşüncə və gerçəkliyi düzgün qiymətləndirmək bacarığı, həssaslıq və təmkin kimi keyfiyyətlər onda bir-birini tamamlayır və sabit bir cərəyan kimi ətrafını daim qidalandırır.
60 yaşa ciddi nailiyyətlərlə və böyük nüfuzla gəlib çatmış Əflatun Amaşov isə həyatının indiki məqamını belə dəyərləndirdi:
– İnsan yaşlaşdıqca, çətinliklərə sinə gərdikcə mətinləşir, püxtələşir. İnsanı ucaldan zəhmətdir. Mən də zəhmətə qatlaşan adamam. Mən hansı sahədə oluramsa olum, ilk növbədə, jurnalistəm. Ölənədək də jurnalist qalacağam. Bu sahə mənim varlığımı təsdiqləyib. Zənnimcə, vicdanı və peşəkarlığı uzlaşdırmağı bacaran insan üçün böyük anlamda peşmançılıq hissi yaddır. Mən də yaşadığım ömürə, taleyin qismətinə görə narazı deyiləm.
Sonda AMŞ sədri, jurnalist-deputat Əflatun Amaşovu 60 illik yubileyi və bu münasibətlə ölkə Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə redaksiyamızın kollektivi və qəzetimizin oxucuları adından səmimi təbrik edirik. Həmkarımıza ömrünün müdriklik və məhsuldar çağında yeni-yeni uğurlar arzulayırıq!
Tahir AYDINOĞLU,
Əməkdar jurnalist,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.