İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Avropa Məhkəməsinin E.Fətullayevin işi ilə bağlı çıxardığı qərarla əlaqədar bəyanat yaymışdır

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin E.Fətullayevin işinə dair çıxardığı qərarla bağlı AzərTAc-a müsahibə vermişdir. Həmin müsahibəni təqdim edirik.
-İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında, əsasən, hansı hüquqların pozulması ilə əlaqədar məsələlər qaldırılır?
-Avropa Məhkəməsi öz qərarlarında Avropa Konvensiyasında təsbit edilmiş müxtəlif hüquq və azadlıqların pozulmasına dair şikayətlərə baxmışdır. Bu günə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı cəmi 21 yekun qərarında insan hüquq və azadlıqlarının pozulması müəyyən edilmişdir. Bu qərarların əksəriyyətini Avropa Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə baxışı hüququnun pozulması ilə bağlı qərarlar təşkil edir. Lakin bu, o demək deyildir ki, bütün bu işlərdə söhbət yalnız məhkəmə baxışı zamanı insanların prosessual hüquqlarının pozulmasından gedir.
Qeyd edim ki, ölkə məhkəmələrinin çıxardığı qərarların icrası məsələsi də Avropa Konvensiyasının 6-cı maddəsi ilə əhatə olunur. Bu mənada, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrin çıxardığı qərarların icra edilməməsi ölkəmiz üçün müəyyən problem yaratmışdır.
Lakin bildiyiniz kimi, son zamanlar qaçqınların və məcburi köçkünlərin yeni və müasir tələblərə cavab verən yaşayış yerləri ilə təmin edilməsi üçün çox işlər görülmüşdür və yaxın zamanlarda bu sahədə məhkəmə qərarlarının icrası ilə bağlı bütün problemlər tamamilə aradan qaldırılacaqdır. Eyni zamanda, qeyd etmək istərdim ki, Avropa Məhkəməsi bu işlərlə bağlı qəbul etdiyi qərarlarda şəxslərin pozulmuş hüquqlarını bərpa etmək üçün Azərbaycan hökumətinə bir neçə mümkün çıxış yolu tövsiyə etmişdir.
Ümumiyyətlə, Avropa Məhkəməsinin dövlətlərə bu cür göstərişlər verməsi olduqca mübahisəlidir. Avropa Məhkəməsi öz qərarlarında yalnız bu və ya digər hüququn pozulmasını müəyyən edir, Konvensiyaya əsasən məhkəmənin qərarlarının icrasına nəzarət etməli orqan - Avropa Şurasının Nazirlər Komitəsi isə həmin pozuntuların aradan qaldırılması üçün tədbirləri müəyyən edir.
-Avropa Məhkəməsinin Eynulla Fətullayevin şikayəti ilə bağlı qərarında da belə tədbirin həyata keçirilməsi tövsiyə olunur. Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, Avropa Məhkəməsinin bu işlə bağlı qərarında bildirilir ki, cavabdeh dövlət şikayətçinin dərhal azad olunmasını təmin etməlidir.
Məsələnin bu cür qoyuluşu həm Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları, həm də Azərbaycanın qanunvericiliyi baxımından qəbuledilməzdir.
Məlumdur ki, Avropa Konvensiyası suveren dövlətlər arasında bağlanmış çoxtərəfli beynəlxalq müqavilədir və ona görə də konvensiya əsasında təsis olunmuş Avropa Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsində subsidiar, yəni əlavə mexanizm kimi çıxış edir. Başqa sözlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi cavabdeh dövlətin məhkəmə, inzibati və digər orqanlarını əvəz edə və bununla da həmin dövlətin məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəməsinə çevrilə bilməz. Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq, hətta müəyyən bir işdə pozuntu müəyyən edilsə belə, onun qərarları başlıca olaraq deklarativ xarakter daşıyır, pozulmuş hüquqların bərpası üçün həyata keçirilməsi zəruri olan tədbirlərin seçilməsi isə ümumilikdə dövlətin vəzifəsidir.
Eyni zamanda, qeyd olunmalıdır ki, bu ilin fevral ayında qəbul edilmiş İnterlaken Bəyannaməsində Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsini milli məhkəmələrin baxdığı və barəsində qərar çıxardığı faktlar və ya qanunvericilik məsələlərinə yenidən baxmaqdan çəkinməyə, konvensiyanın təfsiri və tətbiqində öz supsidiar rolunu nəzərə almağa dəvət etmişdir.
Digər tərəfdən, Avropa Məhkəməsinin Fətullayevin işi ilə bağlı bu cür göstərişini icra etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq hüquqi əsas yoxdur. Hesab edirəm ki, həmin göstərişin Azərbaycan dövləti tərəfindən hansı vasitələrlə həyata keçirilməsi məsələsi Avropa Məhkəməsi tərəfindən öyrənilməmişdir. Avropa Məhkəməsi öyrənə bilərdi ki, ölkəmizin Cinayət Prosessual Məcəlləsinə əsasən, Avropa Məhkəməsi tərəfindən İnsan hüquq və azadlıqları haqqında Konvensiyanın pozulması müəyyən edildikdə, bu məsələyə Ali Məhkəmənin Plenumunda baxıla və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilə bilər. Məhkum edilmiş şəxsin sırf Avropa Məhkəməsinin qərarına əsasən azad edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmamışdır.
Ümumiyyətlə, Avropa ölkələrində qəbul edilmiş təcrübəyə uyğun olaraq, Avropa Məhkəməsinin qərarları dövlətdaxili məhkəmələrində hüququn şərhi qismində tətbiq olunur. Bir sözlə, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz.
Pozulmuş hüquqların bərpasına yönəldilmiş tədbirlərlə bağlı dövlətə seçim qoymamaqla və Avropa Şurasının üzv dövlətinin məhkəmələrinə göstəriş verməklə, Avropa Məhkəməsi özünü dördüncü məhkəmə instansiyasına çevirmiş və konvensiya ilə ona verilmiş səlahiyyətlərini aşmışdır.
Məlum olduğu kimi, Avropa Məhkəməsinin qərarı elan edildiyi gündən üç ay müddətində işin Böyük Palataya baxılması üçün verilməsi barədə vəsatət təqdim edilmədiyi təqdirdə qüvvəyə minir.
Qeyd etdiyim məsələləri nəzərə alaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək, habelə konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədilə biz bu işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında