“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı qərəzli yazılara yer verilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
– Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edən dövrlərdə bəzi xarici media orqanlarında ölkəmizlə əlaqədar əsassız və mərkəzləşdirilmiş təbliğat kampaniyasına start verilir. IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula-1 yarışı öncəsi də bu kimi halların baş verməsi yəqin ki, istisna deyil.
– Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər mötəbər tədbirlər zamanı biz bu kimi halların dəfələrlə şahidi olmuşuq. Odur ki, ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında dezinformasiya, “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb.
Bu gün Qərb ölkələrində “fakenews” və antitəbliğat kimi məsələlər narahatlıq doğuran geniş müzakirə mövzusu olsa da, bəzi Qərb media orqanları Azərbaycana qarşı ənənəvi şəkildə bu kimi fəaliyyəti həyata keçirməkdən çəkinmirlər.
Yazı üslubu və mövzular baxımından Azərbaycana qarşı təbliğat xarakteri daşıyan bu kimi materialları təhlil etdikdə onların eyni məqamları dəfələrlə təkrarlaması, fərdi halları ümumiləşdirməsi və şişirtməsi, istinad bazasının olmaması və ya yalnız bir mənbəyə müraciət etməsi, alternativ fikirlərə və dövlətin rəsmi mövqeyinin işıqlandırılmasına yol verilməməsi kimi qeyri-obyektiv və qərəzli hallar ortaya çıxır. Bundan əlavə, Azərbaycana təzyiq kimi işğal olunmuş ərazilərimizə qanunsuz səfər edilir və oradan qondarma rejimi təbliğ edən yazılar hazırlanır. Konkret məsələ ilə əlaqədar Azərbaycan tərəfi cavab hüququndan istifadə edib mövqeyini bildirsə də, jurnalist etikası və obyektivliyindən kənar şəkildə bu mövqeyin dərc olunmasına imkan verilmir.
– Yeri gəlmişkən, bu günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində Azərbaycan əleyhinə yazı, eləcə də “Independent” media orqanında ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalistin məqaləsi dərc edilib. Bu barədə nə deyə bilərsiniz?
– Bu sırada nümunə kimi son günlərdə “Guardian”, “Independent” və digər media orqanlarında yer alan materialları qeyd etmək olar. “Guardian” qəzetində Azərbaycanda guya insan hüquqlarının pozulmasından bəhs edən məqalə hər hansı ciddi mənbəyə istinad olunmur, yalnız şayiələr əsasında iddialar irəli sürülür. “Independent” qəzetinin əməkdaşı qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, futbolu siyasiləşdirərək qondarma rejimin təbliğatını həyata keçirir. “Independent”də sözügedən məqalə yayılan gün redaktora məktub ünvanlayaraq Azərbaycanın mövqeyinin dərc edilməsi xahiş olunsa da, qəzet bundan imtina edir. Azərbaycan xarici işlər nazirinin İtaliyaya rəsmi səfəri və İtaliyanın yerli məhkəməsində TAP layihəsi üzrə işlərin bərpa edilməsi ilə əlaqədar məsələ müzakirə edildiyi ərəfədə digər bir Qərb mediasında tamamilə əlaqəsi olmayan və epizodik fərdi hallar əsasında Azərbaycanda guya insan hüquqlarının pozulması və TAP layihəsi haqqında qərəzli yazı çıxdı. Bu mövzular arasında hər hansı məntiqi əlaqəni tapmaq həqiqətən çox çətindir.
“Fakenews”, dezinformasiya və antitəbliğat kimi neqativ elementlərə qarşı Azərbaycanın ən güclü silahı həqiqət və obyektivlikdir. “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları və digər tədbirlər zamanı Azərbaycanın həqiqətə əsaslanan mövqeyi bu kimi kampaniyaları tamamilə alt-üst etdi. Bu işdə vətənpərvər milli medianın, eləcə də obyektivlik prinsiplərini hər şeydən üstün tutan və konstruktiv dialoqa açıq olan çoxsaylı beynəlxalq media orqanlarının rolunu qeyd edə bilərik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.