Ziyad SƏMƏDZADƏ: Azərbaycanın ixrac potensialı yaxın illərdə ən azı iki-üç dəfə artacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəaliyyətinin bütün mərhələlərində ölkənin iqtisadi inkişafının davamlı olması üçün həyata keçirilən islahatların sürətləndirilməsi və sosial problemlərin həlli istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir. Ən başlıca cəhət ondan ibarətdir ki, dövlətimizin başçısı müntəzəm olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin iqtisadi strukturlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar müntəzəm olaraq keçirdiyi müşavirələr birmənalı şəkildə qarşıya qoyulmuş hədəflərə nail olunması baxımından çox vacibdir. Prezidentin sədrliyi ilə Yevlaxda keçirilən müşavirə isə ölkənin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Demək olar ki, ilk dəfədir regionda ölkənin qeyri-neft ixrac potensialının inkişafı məsələləri ətraflı müzakirə olundu. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycan irimiqyaslı layihələr həyata keçirir, qloballaşan dünyada risklər artır. Bu risklərin azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi, gələcəkdə davamlı inkişafın yalnız qeyri-neft sektoru hesabına təmin edilməsi məsələsinin həlli üçün biz ixrac strukturumuzu təkmilləşdirməli, qeyri-neft ixracını artırmalıyıq. Prezident birmənalı şəkildə vurğuladı ki, Azərbaycanda qeyri-neft ixracını artırmaq imkanları çox böyükdür.

Qlobal dünyada çox böyük risklər baş verir, neftin satışından gələn gəlirlərin azalmasına baxmayaraq, Azərbaycan artıq birinci rübdə iqtisadi artıma nail olub, qeyri-neft sektoru 2,4 faiz çoxalıb, idxalımız azalıb, ixracımız isə əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar ölkədə aparılan iqtisadi islahatların məntiqi nəticəsidir.

Ziyad Səmədzadə deyib ki, ölkədə iqtisadiyyatın inkişafı sahibkarlığın inkişafı ilə bilavasitə bağlıdır. Son vaxtlar Milli Məclisdə sahibkarlığın inkişafına xidmət edən bir çox qanunlar qəbul olunub, mövcud qanunlara dəyişikliklər edilib. Bundan başqa, yoxlamaların sayı, lisenziya alınması üçün tələb olunan sənədlər azalıb, bürokratik əngəllər aradan qaldırılıb, gömrük sistemi yaxşılaşdırılıb, vergi sistemində islahatlar aparılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti iqtisadi inkişafın sahibkarlıq amilinə çox böyük önəm verir. Ona görə də Yevlaxda keçirilən müşavirədə Azərbaycanın ixrac potensialının artırılmasını bilavasitə təmin edən sahə rəhbərlərinə üstünlük verildi. Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, artıq Azərbaycanda həmin məhsullar üzrə assosiasiyalar yaradılıb. Assosiasiyalar isə bu və ya digər məhsul istehsalçılarını bir araya gətirir, onların səmərəli fəaliyyətinin təmin edilməsi üçün təkliflər hazırlayırlar. Eyni zamanda, həmin assosiasiyalar sahibkarlığın daha da inkişafı, sahibkarlıq üçün dövlət dəstəyinin artırılması ilə əlaqədar təkliflər də verirlər. Məsələn, Azərbaycan kifayət qədər zəngin, təbii resurslara malik ölkədir. Münbit torpağımız var, əlverişli iqlim şəraitimiz var. Bu da Azərbaycanda keyfiyyətli məhsulların yetişdirilməsi və dünya bazarına çıxarılması üçün böyük imkanlar yaradır. Məsələn, götürək fındığı. Azərbaycanda hazırda 19 rayonda fındıq əkilir, fındıqdan da il ərzində əldə edilən gəlir əvvəlki illərə nisbətən xeyli artıb. Yəni, birinci yerdə fındıqdan gələn gəlirlər durur. Gələcəkdə bu sahələrin genişləndirilməsi nəzərdə tutulur, yeni fındıq bağları salınır, fındığın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır.

Komitə sədri bildirib ki, qloballaşan dünyada ən çətin problem yeni bazarlara daxil olmaqdır. Yeni bazarlar əldə etmək üçün isə monitorinqlər aparılmalıdır, bu bazara bu və ya digər məhsulu çıxarmaq üçün tələb olunan şərtlər müəyyənləşdirilməlidir. Dövlətimizin başçısının tapşırığı ilə investisiyaların təşviqi ilə əlaqədar qanun qəbul edilib. İnvestisiya təşviqi nə deməkdir? Dövlət sənin üçün əlverişli şərait yaradır ki, malik olduğun imkanlardan daha səmərəli istifadə edəsən, düzgün investisiya layihələri hazırlayasan. Həmin layihələr istər qiymət, istər marketinq, istər dünya bazarına çıxmaq, istərsə də səmərəlilik baxımından əsaslandırılmalıdır. Artıq bir sıra firmalar investisiya təşviqi ilə əlaqədar prosedur qaydalara əməl edirlər. Onlara da bir növ yaşıl işıq yandırılır. Yeni ixrac bazarlarının artırılmasında bizim səfirliklərimizin də üzərinə vəzifələr düşür. Onlar bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə, digər müvafiq qurumlarla əlaqəli işləməlidirlər. Səfirliklər, nümayəndəliklər Azərbaycandan ixrac edilən məhsulların təşviqi istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.

Azərbaycanın iqtisadi inkişafı, eyni zamanda, onunla əlaqədardır ki, ölkədə sabitlik var. Bu sabitlik təmin olunub, xaricdən gələn insanlar da sabitliyi, investisiya mühitini görür.

Ölkəmizdə ən böyük imkanlardan biri pambıqçılıq, baramaçılıq, ipəkçiliklə əlaqədardır. Bütün bunlar barədə Prezidentin konkret tapşırıqları var. Yəni, dövlət başçısının irəli sürdüyü məsələlər regionlarda fəallığın artmasına imkan yaradır. Bu gün ən başlıca şərt iqtisadi fəallığın artmasıdır. Fermerlər və sahibkarlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Onlara subsidiyalar, güzəştli kreditlər verilir. Bütün bunlar ona görədir ki, Azərbaycanın aqrar sektorunda, regionlarında iqtisadi fəallıq artsın.

Azərbaycan Prezidentinin qaldırdığı məsələlərdən biri də ondan ibarət oldu ki, ölkəmizdə böyük turizm potensialı var. Bu turizm potensialını inkişaf etdirmək üçün təkcə zonalardan söhbət getmir. Quba-Xaçmaz, Şəki-Zaqatala zonaları, Lənkəran Astara, Şirvan, Şamaxı, Gəncə, Naxçıvan - bütün bu regionlar əlverişli turizm imkanlarına malikdir. Müasir yollar çəkilir, otellər tikilir, elektrik, su, qaz təchizatı yaxşılaşır, lakin, eyni zamanda, insanların buraya axınını təşkil etmək üçün vacib məsələlərdən biri vizalar idi. Viza məsələsi xeyli təkmilləşdirilib. Bunu təkmilləşdirməklə qısa zaman kəsiyində 40 mindən artıq turistin Azərbaycana gəlməsi təmin olunub. Otellərin və turizm obyektlərinin tikilməsi ilə yanaşı, ölkəyə gələn insanların ərzaq tələbatı məsələsi də həll edilməlidir. Yəni, əgər Azərbaycana 2 milyon turist gələcəksə, onların ərzaqla təminatı da respublika hesabına olmalıdır. Bu mənada, əvvəlki çıxışlarında olduğu kimi, Yevlaxda da ərzaq təhlükəsizliyi və Azərbaycan xalqının yerli istehsal hesabına ərzaq tələbatı məsələsini ortaya qoydu.

Dünya bazarının özünün sərt qanunları var. XXI əsrdə o dövlət surətlə inkişaf edəcək ki, onun rəqabətədavamlı, beynəlxalq standartlara cavab verən milli iqtisadiyyatı olsun. Qloballaşma bir tərəfdən dünya ölkələri arasında inteqrasiya əlaqələrini genişləndirir, eyni zamanda, bunun mənfi cəhətləri də var. Milli iqtisadiyyatlara müəyyən mənada təsir edir. Ona görə də biz milli iqtisadiyyatımızı qorumaq üçün öz yerli resurslarımıza arxalanmalıyıq.

Azərbaycan Prezidenti ixrac potensialının artırılması ilə əlaqədar qablaşdırma məsələlərinə də toxundu. İlk baxışdan bu sadə məsələdir. Ancaq biz görürük ki, dünyanın aparıcı şirkətləri marketinqə, məhsulunun reklamına, dizaynına nə qədər böyük fikir verir. Biz bu sahədə dönüş yaratmalıyıq. Azərbaycanda qablaşdırma sənayesi yaradılmalıdır. Ən vacib məsələlərdən biri məşğulluq məsələləridir. Yerli ixrac məhsullarının artması elə məşğulluğun artması deməkdir. Azərbaycan əhalisi sürətlə artır. Bu, çox müsbət haldır. Bu, o deməkdir ki, yeni iş yerləri yaradılmalıdır, hər bir layihə yeni iş yerləri baxımından qiymətləndirilməlidir. Biz təkcə investisiyaları qoymaqla kifayətlənməməliyik. Bu investisiya əsasında iş yerlərinin yaradılması bizim üçün son dərəcə önəmlidir.

Diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, dövlətimiz bütövlükdə nə edirsə xalqın sosial problemlərinin həlli üçün edir. Yevlaxda keçirilən müşavirədə bilavasitə torpaqla əlaqədar olan, torpaqda zəhmət çəkən insanların kollektiv əməyini özündə əks etdirən assosiasiyaların rəhbərləri çıxış etdilər. Bu, özü də yenilikdir. Biz bundan sonra da tarixi hadisələrin şahidi olacağıq. Prezident konkret tapşırıqlarını verdi. Belə müşavirələr Azərbaycan cəmiyyətində, ölkəmizin iqtisadi strukturlarında yeni iqtisadi təfəkkürün formalaşmasına yönəldilib.

Nəticə ondan ibarət olacaq ki, Azərbaycanın ixrac potensialı yaxın illərdə ən azı iki-üç dəfə artacaq. Fındıqçılığın, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi, yeni badam bağlarının salınması, şəkər istehsalı ilə əlaqədar əlavə tədbirlərin görülməsi, zeytun bağlarının salınması, yeni meyvə-tərəvəz anbarlarının tikilməsi, məhsulun dünya bazarlarına çatdırılması - bütün bunlar bizim gələcək hədəflərimizdir. Əminəm ki, bu hədəflərə uğurla nail olacağıq. Gələcəkdə biz xarici ölkələrə gedəndə görəcəyik ki, həmin ölkələrdə Azərbaycan brendi, Azərbaycan məhsulu var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında