Milli hərbi texnikamızın ixracı həm iqtisadi baxımdan faydalıdır, həm də qürurvericidir

Bu gün Azərbaycan istehsalı olan silah-sursat bir sıra ölkələrin ordularının arsenalına daxil edilir

Azərbaycan bu gün dünyanın sabit və dinamik surətdə inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Əlbəttə, bütün bunlar asanlıqla başa gəlməyib. Ölkə həyatının hər bir sahəsində uğurlara nail olunması üçün çox böyük səylər göstərilib, gərgin və ardıcıl iş aparılıb. Bütün bunların nəticəsidir ki, Azərbaycanda geniş ixrac potensialı yaranıb. Bunlardan biri də hərbi texnikanın ixracıdır. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu haqda danışarkən deyib ki, on il əvvəl Azərbaycanın silah, texnika ilə nəinki öz tələbatını ödəyəcəyini, eyni zamanda, bunu ixrac edəcəyini təsəvvür etmək mümkün deyildi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov səsləndirib.

Cəlil Xəlilov deyib: “Azərbaycan artıq özünəməxsus iqtisadi inkişaf modeli yaradıb, hərbi və digər sahələrdə ardıcıl islahatlar həyata keçirib. Bu uğurlar arasında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi yer tutmaqla, önəmli strateji addımlardan olub. Müdafiə sənayesinin təşkili istiqamətində müvafiq dünya təcrübəsinin öyrənilməsi və tətbiqi qısa müddətdə öz bəhrəsini verib. Mübaliğəsiz demək olar ki, müharibə vəziyyətində olan ölkəmizin hərbi potensialının artırılmasında, ordunun maddi təminatının yaxşılaşdırılmasında nazirliyin fəaliyyəti əvəzsizdir. Bir çox növdə silah-sursat istehsalı ölkənin hərbi potensialını yüksəldib, hərbi arsenalın dünyanın qabaqcıl orduları ilə bərabər səviyyəyə çatdırılmasına imkan yaradıb”.

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi danılmaz faktdır. Ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayan amillərdən biri ordumuzun müasir hərbi-texnika və silah-sursatla təchiz olunmasıdır. Bu silah-sursatların əsasən ölkənin öz imkanları hesabına istehsal edilməsi, milli adlar daşıması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Hazırda ölkəmizin müdafiə təyinatlı məhsullarla özünü təmin etməsi, bu sahədə digər ölkələrin asılılığından qurtarması təqdirəlayiqdir. Bunun əhəmiyyətini ötən ilin aprel döyüşləri də bir daha təsdiqlədi. Milli istehsalımız olan silah-sursatın peşəkarlıqla istifadəsi nəticəsində cəbhə xəttində növbəti təxribatlarının qarşısı layiqincə alındı.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan qısa müddətdə ölkənin müdafiə sənayesi məhsullarına tələbatının ödənilməsində mühüm dönüş yaratmaqla yanaşı, bu məhsulların bir hissəsinin dünya bazarına çıxarılmasına da nail olub. Son vaxtlar dünyanın müxtəlif ölkələrində keçirilən hərbi və hərbi-texniki təyinatlı sərgilərdə ölkəmiz uğurla təmsil olunur. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə sıx əməkdaşlıq münasibətləri qurulur. Bütün bunlar nazirliyin müəssisələrində istehsal olunan hərbi-texniki avandanlıqların dünya bazarına çıxmasında mühüm rol oynayır. Artıq Azərbaycan brendi olan hərbi silah-sursat dünyanın aparıcı ordularının arsenalına daxil edilir və bu proses getdikcə sürətlənir. Bu, ilk növbədə, həmin məhsulların keyfiyyəti və rəqabətə davamlılığı ilə bağlıdır. Ümid edirik ki, Azərbaycan mayın 9-12-də İstanbulda keçiriləcək növbəti beynəlxalq silah sərgisində də layiqincə təmsil olunacaq.

“Təsadüfi deyil ki, dövlətimizin başçısı iqtisadiyyatın yeni sahəsi kimi hərbi texnikanın ixracı faktını xüsusi vurğulayaraq, bu istiqamətdə Azərbaycanın yüksək imkanlara malik olduğunu qeyd edib. Müdafiə sənayesinin təşkili hərbi potensialımızın yüksəldilməsində mühüm rol oynamaqla yanaşı, ölkənin iqtisadi inkişafına, habelə ixracın artmasına da təkan verəcək”, - deyə ehtiyatda olan polkovnik bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında