Elçin Cəfərov: İslamiadada yüksək nəticələr qazanmaq əzmindəyik

IV İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan güləş üzrə yarışlar bu oyunların tarixində ilk dəfə keçiriləcək. Ölkəmizdə güləşin qədim ənənələri mövcuddur. Müstəqil Azərbaycan tarixində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, kuboklarında, eləcə də Qran-pri yarışları və beynəlxalq turnirlərdə  komandamıza ən çox medal qazandıran güləşdən, təbii ki, İslamiadada da yüksək  nəticələr gözləyirik. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandalarımız tam heyətlə çıxış edəcəklər.

Bu yazıda güləş növlərindən biri – yunan-Roma güləşi komandasının IV İslam Həmrəyliyi Oyunlarına hazırlığından bəhs edəcəyik. Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla görüşüb “klassik”lərin Oyunlara hazırlığı ilə bağlı məlumat aldıq.

– Elçin müəllim, Azərbaycanın ev sahibliyi ilə baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının proqramında ilk dəfə güləş yarışları olacaq. Güləşin İslamiadanın proqramında yer alması ilə bağlı hansı məqamları qeyd edərdiniz? 

– Güləş dünyada ən qədim ənənələri olan idman növlərindən biridir. Hazırda dünyada geniş yayılmış bu məşhur növ müsəlman ölkələri arasında da çox populyarlıq qazanıb. Əsas məqamlardan biri kimi güləşin müsəlman ölkələrində daha geniş yayılacağını qeyd edərdim. Oyunlar 4 ildən bir, Olimpiya Oyunlarından sonra keçirilir, burada müsəlman ölkələri bir daha qüvvələrinə baxış keçirmək imkanı qazana bilərlər. Digər məqamlardan biri güləşin ən baxımlı idman növlərindən biri olmasıdır və güləş  auditoriyası geniş olduğu üçün bu mötəbər yarışlara yeni rəng qatacaq. 

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan, həm də qabaqcıl güləş ölkələrindən biridir və bu baxımdan güləş yarışları bizim üçün xüsusi önəm daşıyır. Bu böyük tədbirə ev sahibliyimiz idmançılarımızın  məsuliyyətini daha da artırır və təbii ki, bu böyük idman tədbirində də fərqlənməyi qarşıya məqsəd qoymuşuq.

– İslamiadaya yunan-Roma güləşi üzrə komandanın hazırlığının vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– İlin əvvəlindən başlayaraq idmançılarımız beynəlxalq arenalarda keçirilən turnirlərdə yüksək səviyyəli hazırlıq nümayiş etdirdilər. Qeyd edim ki, 2017-ci ilə yunan-Roma güləşçilərimiz uğurla başlayıblar. Beynəlxalq Qran-pridə böyük nailiyyətlər əldə edildi. Belə ki, Türkiyədə keçirilən yarışda idmançılarımız  biri gümüş, üçü bürünc olmaqla dörd medal qazandılar. Yığmamızın bir neçə təlim-məşq toplantısında iştirak etməsi onların yarışlarda daha yüksək nəticələr qazanmasını təmin edib. Mart ayında İranın Abadan şəhərində keçirilmiş Dünya kubokunda yığmamızın iştirakını xüsusi vurğulamaq istəyirəm. Ukrayna, Belarus, Türkiyə komandalarını məğlub edərək finala adlayan pəhləvanlarımız bu mərhələdə də çox gözəl güləş nümayiş etdirdilər, lakin hakim ədalətsizliyi ilə qarşılaşaraq cüzi fərqlə ev sahibinə - İran komandasına məğlub olub ikinci pillədə qərarlaşdılar. Əlbəttə, bu nəticənin özü də Azərbaycan güləşi üçün yaxşı nailiyyətdir. Bu yarışdan sonra yığmamız Bolqarıstanın Sofiya şəhərində beynəlxalq turnirdə iştirak etdi, Rəsul Çunayev və Kamran Məmmədov qızıl, Taleh Məmmədov isə bürünc mükafata layiq görüldülər.

Bir neçə gün əvvəl isə 23 yaşlılar arasında Avropa çempionatında qüvvələrini sınayan gənc güləşçilərimiz üç qızıl, bir bürünc medal qazandılar. Komandamız hazırlığını davam etdirir. Növbəti təlim-məşqlər aprelin 30-na qədər davam edəcək.

Pəhləvanlarımız bu mötəbər Oyunlar ərəfəsində güclərini digər böyük yarışda - Avropa çempionatında  da sınayacaqlar. May ayının 5-dən 9-na kimi Serbiyanın paytaxtı Belqradda keçiriləcək qitə çempionatında yığmamız tam tərkibdə iştirak edəcək. Onu da qeyd edim ki, güləşin geniş yayıldığı Avropanın ən güclüsü titulu uğrunda mübarizə də kifayət qədər gərgin keçir. İslamiadada da medallar uğrunda rəqabət böyük olacaq. İran, Qırğızıstan, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələr çox güclü heyətlə bu yarışlara qatılacaqlar. Qitə çempionatı ilə İslamiada arasında təxminən 10 gün fasilə var. Bizim üçün IV İslam Həmrəyliyi Oyunları böyük önəm kəsb edir. Birincisi ona görə ki, İslam dünyasının ən böyük idman tədbiridir və bu yarışın doğma divarlar arasında təşkil edilməsi bizim üçün onun əhəmiyyətini daha da artırır. Zədə və digər belə hallar baş verməsə, yığmanın hazırlığı yüksəkdir. Bütün çəkilərdə idmançılarımız, Avropa və dünyanın ən güclüləri ilə rəqabət aparmağa qadirdirlər. Güləş Federasiyasının rəhbərliyi tərəfindən yığma komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb. Bütün idmançılar diqqət mərkəzindədirlər, onların təlim-məşqlərinə hər gün nəzarət olunur. Hazırda komanda üzvləri və məşqçilər korpusunun heç bir problemi yoxdur. Bütün diqqət Avropa çempionatına və IV İslam Həmrəyliyi Oyunlarına yönəlib.

– Qitə çempionatı və İslamiadada əsasən hansı pəhləvanlara şans veriləcək?

– Hələlik kimlərin hansı yarışda iştirak edəcəkləri məlum deyil. Bunu məşqçilər korpusu müəyyən edəcək və təbii ki, Güləş Federasiyasının rəhbərliyi son qərarı verəcək.  Yunan-Roma güləşi yığmamızın tərkibində Olimpiya Oyunlarının, dünya, Avropa çempionatlarının qalib və mükafatçıları yer alır. Elə çəki dərəcələrimiz var ki, orada bir neçə idmançı var, onların hər biri güclü pəhləvanlardır. Biz həmin pəhləvanları beynəlxalq turnirlərdə sınaqdan  keçirmiş, onların hər birinə şans vermişik. Şübhəsiz, seçim zamanı bütün bunlar nəzərə alınacaq. Ümumiyyətlə, hər çəkidə bir neçə idmançının olması yaxşı haldır.

Bu, idmançılar arasında mübarizəni gücləndirir, hazırlığın artırılmasına səbəb olur. Digər tərəfdən, seçim imkanlarını artırır. Bununla gənclərin hazırlığına da xüsusi diqqət yetirir, yığmamızı həm də Olimpiya Oyunlarına hazırlayırıq. Məqsəd idmançılarımızın lisenziya yarışlarında Olimpiya Oyunlarına vəsiqə əldə etmələrinə, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Olimpiadada ölkəmizi layiqincə təmsil etmələrinə nail olmaqdır. Hazırda 59, 66, 71 kiloqramda bir neçə güclü idmançımız var. Digər çəkilərdə də bu cür imkanlar var.

Əvvəllər ağır çəkilərdə boşluqlar olub. Bu istiqamətdə də çoxlu iş görülüb,  indi ağır çəkidə İslam Abbasov, Orxan Nuriyev, Olimpiya Oyunlarının mükafatçısı Sabah Şəriəti kimi güclü idmançılarımız var. Elə idmançılar ola bilər ki, hər iki yarışda iştirak etsinlər. Onlar həkim və eləcə də yığma komandanın məşqçi korpusunun nəzarəti altındadırlar. Hər bir idmançının hazırlığı onun imkanlarını müəyyən edir. Sonda ən güclü güləşçilər bu yarışlarda qüvvələrini sınayacaqlar. Həm Avropa çempionatında, həm də İslamiadada yüksək nəticələr qazanmaq əzmindəyik.

Müsahibəni qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında