ABŞ Türkiyəsiz və Azərbaycansız bölgədə öz siyasətini qurmaqda çətinliklərlə qarşılaşacaq

Ona görə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektivlik və neytrallıq nümayiş etdirməlidir
Obama administrasiyasının işğalçı Ermənistana son vaxtlar açıq şəkildə tərəfkeşlik etməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektivlik və neytrallıq nümayiş etdirəcəyi şübhə doğurur. ABŞ Prezidenti Barak Obamanın Ermənistan prezidenti ilə təkbətək görüş keçirməsi və bu görüşün nəticəsi barədə digər həmsədrlərə, işğala məruz qalmış Azərbaycan tərəfinə məlumat verməməsi narazılıqla qarşılanmışdır. Üstəlik işğalçı dövləti müxtəlif vasitələrlə dəstəkləməsi də ABŞ-ın regional xarici siyasətində dəyişiklikdən və tərəfkeşlikdən xəbər verir. Əməkdaşımız məsələyə münasibət bildirmək üçün Milli Məclisin deputatlarına müraciət etmişdir.
Əli ƏHMƏDOV, Milli Məclisin deputatı, YAP sədrinin müavini - icra katibi:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son illər bir sıra müsbət meyillər müşahidə olunmuş, irəliyə doğru müəyyən addımlar atılmışdır. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, münaqişənin nizama salınması üçün vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun həmsədrləri tərəfindən isə təsirli tədbirlərin görülməsi istiqamətində ciddi işlər müşahidə olunmur. Türkiyə Cümhuriyyətinin rəsmi nümayəndələrinin bu münaqişənin nizama salınması istiqamətindəki səyləri bütövlükdə bu yönümdə aparılan işlərə təkan verib. Azərbaycan tərəfi bunu yüksək qiymətləndirir. Halbuki, bu vəzifəni, yəni münaqişənin nizamlanmasında, vasitəçilik missiyasını Minsk qrupunun həmsədrləri öz üzərilərinə götürüblər. Onların isə fəaliyyətində bəzi təəssüfləndirici məqamlar yaranıb.
Türkiyə qətiyyətlə bəyan edib ki, Ermənistanla sərhədlərin açılması o zaman mümkün ola bilər ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilsin. Təəssüfləndirici haldır ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən Minsk qrupunun həmsədr dövlətlərinin bəziləri əks mövqedən çıxış etmişlər. Amerika Birləşmiş Ştatları son zamanlar bu mövqedən çıxışını açıq şəkildə büruzə verir. Təəssüflə qeyd etməliyəm ki, bu mövqe nə Azərbaycanla Amerika arasında olan əlaqələrin xarakterinə, nə də ABŞ-ın münaqişənin nizamlanmasında üzərinə götürdüyü vasitəçilik missiyasının xarakterinə uyğun gəlir.
Ümumiyyətlə, ABŞ-ın işğalçı dövləti dəstəkləməsi dünyada demokratiyanın, haqqın, ədalətin carçısı kimi imic formalaşdırma istəklərinə tamamilə ziddir. Ona görə də hesab edirəm ki, Azərbaycan vətədaşlarının öz narazılıqlarını açıq şəkildə bildirmələri çox düzgün yoldur. Minsk qrupu həmsədrlərinin hər birinin təcavüzkar tərəfə təsirli tədbirlərin görülməsi istiqamətində hər bir Azərbaycan vətəndaşı, siyasi partiya rəhbərləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər öz mövqelərini bildirməli, bəyanatlar qəbul etməli, müraciətlər səsləndirməlidirlər. Bununla yanaşı, rəsmi etiraz məktubları da göndərməlidirlər. Hesab edirəm ki, bu yolla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın hər bir vətəndaşı öz töhfəsini artırar. Həmsədr dövlətlərdən olan ABŞ tərəfkeşlik missiyasına son qoyar.
Gültəkin HACIBƏYLİ, Milli Məclisin deputatı:
- Azərbaycan özünü həmişə Amerika Birləşmiş Ştatlarının etibarlı tərəfdaşı kimi göstərib və bu dövlətə hörmətlə yanaşıb. ABŞ-ın bölgədə həyata keçirdiyi bütün layihələrdə Azərbaycan çox fəal iştirak edib və hər zaman Amerikanın yanında olub. Bu əməkdaşlıq bir çox hallarda Azərbaycanın İslam ölkələri ilə münasibətlərinə kölgə salmasına baxmayaraq, ölkəmiz öz tərəfdaşlıq və dostluq öhdəliklərinə hər zaman sədaqət nümayiş etdirib. ABŞ-ın son vaxtlar ikili mövqedən çıxış etməsi, işğalçı dövlətə açıq şəkildə tərəfkeşlik etməsi məndə təəccüb oyadıb. Azərbaycan tərəfinin ABŞ-dan narazılıq etməyə haqqı çatır. Hər şeydən əvvəl ona görə ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi vasitəçilik missiyasını öz üzərinə götürüb. Bəs nə oldu? Dünyanın super dövləti, uzun illər demokratiya tarixi olan bir dövlət niyə birdən-birə münaqişə tərəfi olan dövlətlərə fərqli münasibət göstərməyə başladı? Mənə elə gəlir ki, bu sualı ilk növbədə Qərb dünyasına vermək lazımdır. İşğalçı ölkəyə tərəfdaşlıq etmək, işğalçı dövlətin mənafeyini qorumaq nə demokratiyaya, nə də haqq-ədalətə sığışır.
Biz həmişə demişik ki, bir sıra dövlətlər və beynəlxalq qurumlar hələ də öz ikili yanaşmalarından əl çəkə bilmirlər. 1992-ci ilin fevralında dünyanı lərzəyə salan, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə bu vaxta qədər dünyanın heç bir parlamentində hər hansı bir qərar qəbul edilməyib. Hətta müzakirəyə belə çıxarılmayıb. Ancaq 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törədilməsi barədə məsələ parlamentlərin müzakirəsinə çıxarılır. Əslində, həmin ölkələrin parlamentlərinə, elə ABŞ-ın özünə də məlumdur ki, ermənilərə qarşı heç vaxt soyqırımı hadisəsi törədilməyib. Əksinə, ermənilərin özləri türklərə qarşı soyqırımı törədiblər. Bütün bunlardan sonra ABŞ-ın Türkiyəyə Ermənistanla sərhədləri açması istiqamətində təzyiqlər göstərməsi, bu işdə qondarma "erməni soyqırımı" kartından istifadə etməsi təəccüb doğurur.
Düşünürəm ki, gec-tez sağlam düşüncə, sağlam məntiq qələbə çalacaq. ABŞ rəsmiləri düşünməlidirlər ki, Türkiyəsiz və Azərbaycansız bölgədə öz siyasətini qurmaqda çətinliklərlə qarşılaşacaq. Bu gün ermənipərəst qüvvələrin, ermənipərəst dairələrin istəyindən, iradəsindən asılı olmayaraq Türkiyə və Azərbaycan inkişaf edir, siyasi və iqtisadi baxımdan bölgənin aparıcı qüvvələrinə, dövlətlərinə çevrilirlər. Ən azı Amerikanın özünün strateji və siyasi maraqları bunu tələb edir ki, Türkiyə və Azərbaycanla münasibətlərinə yenidən baxsın, bu ölkələrlə əməkdaşlıqda, sözün həqiqi mənasında, etibarlı tərəfdaş kimi davransın.

{nl}

Söhbəti yazdı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında